Nəfəs kəsən istilər, bitməyən İŞIQ PROBLEMİ – “Azərişıq” elektrikin gücünü qəsdən azaldır?

Nəfəs kəsən istilər, bitməyən İŞIQ PROBLEMİ – “Azərişıq” elektrikin gücünü qəsdən azaldır?

Hazırda oxunan: Nəfəs kəsən istilər, bitməyən İŞIQ PROBLEMİ – “Azərişıq” elektrikin gücünü qəsdən azaldır?

150305

Ölkə ərazisində müşahidə edilən kəskin istilərlə bağlı elektrik enerjisinə tələbat artıb. Tələbat artdıqca, elektrikin gücündə problem yaranıb. Son 3 gündür ki, Bakının bəzi ərazilərində evlərə verilən elektrikin gücü qənaətbəxş deyil.

Hətta yüklənmələrin çoxluğundan işığın verilişində fasilələr yaşanır. Əslində analoji problem hər il özünü göstərir və cavabdeh qurum bununla bağlı bir qayda olaraq “problem yüklənmələrlə bağlıdır” açıqlamasını verir.

İllərdir vəziyyətdən çıxış yolu tapmayan qurumun bu açıqlaması isə problemlə üz-üzə qalan vətəndaşlarda qıcıq yaradır. 

Maraqlıdır ki, qışda qaz, yayda isə su və işıqla bağlı problem dərinləşir... 

Ötən gün axşam saatlarında paytaxın müxtəlif ərazilərində işıqla bağlı növbəti problem yaşanıb. Suraxanı rayonu Hövsan qəsəbəsi bağ massivi deyilən ərazidə işıq kəsilib. Axşam saat 23:00-dan kəsilən elektrik enerjisi səhər 5 radələrində bərpa olunub.

Bununla bağlı Bizim.Media-ya danışan sakinlərin dediyinə görə dəfələrlə qurumun qaynar xətti ilə əlaqə yaratmağa çalışsalar da, xidmət mərkəzi də vətəndaşların üzünə bağlı olub. İstilərdən nəfəsi kəsilən sakinlərin tək çarəsi gözləmək olub. 

Digər bir problem qəsəbənin Oqtay Şabanov küçəsində yaşanıb. Daha doğrusu bu durumla sakinlər üç gündür ki, üz-üzə qalıblar. Dediklərinə görə küçə boyu fərdi evlərə verilən elektrik gücü azalıb. İş o yerə çatıb ki, verilən elektrik enerjisinin məişət texnikalarını işlətməyə gücü çatmır. 

Ərazi üzrə mütəxəssis xəttə baxış keçirəndən sonra bildirib ki, hazırda həmin xəttə elektirik enerjisi 220 deyil, 180 volt gücündə verilir. Bu isə elektrik enerjisi ilə işləyən cihazların və məişət avadanlıqlarının sıradan çıxmasına səbəb olur. 
Məsələ burasındadır ki, yüklənmə səbəbindən elektrik gücü azalan ünvandan 100-200 metr məsafədə yerləşən hansısa fərdi evdə və ya supermarketdə vəziyyət fərqlidir. Aydındır ki, maddi imkanı və təminatı yetənlər digərlərinin işığını çəkməklə məşğuldur. Bir sözlə eyni ərazidə elektrik enerjisinin düzgün paylanmaması ağıllarda müəyyən suallar yaradır...

Saytımıza eyni problemlə bağlı Yasamal rayonu Bəşir Səfəroğlu, Xəzər rayonu Buzovna qəsəbəsi Nərmin Əliyev küçələrində yaşayan sakinlər də müraciət edib. 

Hər halda problemin müxtəlif tərəflərini araşdırmaq bizə deyil, cavabdeh qurumun öhdəsinə düşür...

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Pərvanə Kazımzadə qeyd edilən ünvanlarda araşdırma aparıldığını bildirib. 

Ümid edirik ki, hər il bir qayda olaraq müşahidə edilən işıq böhranı ilə bağlı problemdən birdəfəlik yoluna qoyulacaq. XXI əsrdə hələ də işıq, qaz və su təminatının yerində olmaması, vaxtaşırı bununla bağlı şikayətlərin aktuallaşması sadəcə gülməlidir... 

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO