Amerikasayağı “DEMOKRATİYA” – Ermənilər həmişə haqlıdır, Azərbaycana gəldikdə isə...

Amerikasayağı “DEMOKRATİYA” – Ermənilər həmişə haqlıdır, Azərbaycana gəldikdə isə...

Hazırda oxunan: Amerikasayağı “DEMOKRATİYA” – Ermənilər həmişə haqlıdır, Azərbaycana gəldikdə isə...

150292

44 günlük müharibənin uğurlu finalı Cənubi Qafqazda yeni geosiyasi mənzərə yaratdı. Qalib və güclü Azərbaycan regionda söz sahibi kimi çıxış etməyə başladı. Bu isə ABŞ başda olmaqla bir çox böyük güclərin maraqlarına uyğun deyil.

Buna görə də qlobal güclər hər vasitə ilə hazırda Azərbaycanın əl-qolunu bağlamaq üçün vahid mövqedən çıxış edərək fitnə toxumu olan erməniləri qızışdırmaqla məşğuldurlar. 

ABŞ Azərbaycanın müstəqil siyasətini qəbul edə bilmir

Çox təəssüf ki, Azərbaycana qarşı bu çirkin kampaniyanın önündə hər zaman ABŞ gedib. Məsələn, Azərbaycanla təmaslar zamanı ABŞ rəsmiləri belə təsəvvür formalaşdırmağa çalışırlar ki, bu ölkədə anti-Azərbaycan mövqe ancaq ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. 
 

MÖVZU İLƏ BAĞLI:

Laçın yolu: Blinken danışır, Rusiya isə müəmmalı şəkildə susur


Amma əslində ABŞ Dövlət Departamentinin, bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamenin qeyri rəsmi “mətbuat orqanı” kimi tanınan mətbu orqanların mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirirlər. 

Rəsmi Vaşinqton 30 il ATƏT-in Minsk qrupunun həmsədri kimi bütün zamanlarda erməni işğalının ömrünü uzatmaqla məğul olub. Bu günsə, erməni ultramillətçiləri və Qarabağdakı separatçıları Azərbaycanın üzərinə qısqırtmaqla Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını uzadır.  
Ermənistanın Qarabağa göndərməyə çalışdığı qeyri-qanuni “humanitar karvanı” məsələsində ABŞ ancaq “malların azad tranziti” üçün “Laçın dəhlizi”nin açılmasının zəruriliyindən danışır və Azərbaycana müvafiq çağırışlar edir. 

Halbuki, Rusiya 2014-cü ildə Ukraynanın şərqinə qeyri-qanuni “humanitar karvan” göndərəndə ABŞ Ukraynanın suverenliyini müdafiə edib Rusiyanın bu hərəkətlərinə qarşı çıxıb. 

Baxın, ABŞ-ın ikili standartlar siyasəti budur. Hələ onu demirik ki, iyunun 14-də ABŞ-ın Ermənistandakı səfiri Laçın sərhəd-keçid məntəqəsinin yaxınlığına gələrək uzaqdan prosesləri binokl vasitəsi ilə izləməsinin ertəsi günü səfirin dayandığı yerdən Azərbaycanlı sərhədçilər atəşə tutuldu. Bu da ABŞ demokratiyasının əsl siması. Sözləri keçməyən yerdə əlaltıları vasitəsi ilə istənilən təxribatlara gedirlər.

ABŞ Azərbaycana qarşı heç zaman səmimi olmayıb

ABŞ-ın Dövlət Departamenti hər il dünyada dini azadlıqların vəziyyətinə dair hesabatlar hazırlayıb və yayıb. Amma bu hesabatların heç birində  Azərbaycanla bağlı müsbət fikir səslənməyib.

Baxmayaraq ki, Azərbaycan dinlərarası dialoqun bərqərar olduğu bəlkə də yeganə ölkədir. İslamla yanaşı bütün dinlərin daşıyıcıları bu ölkədə çox sərbəst yaşayır və ibadətləri ilə məşğul olurlar. 

Burda pravoslavlar, katoliklər, iudaizmlər, buddistlər, atəşpərəstlər və hətta erməni qriqoryan kilsəsinə inananlar belə azad surətdə dini inanclarını sərbəst surətdə icra edirlər. Bakının mərkəzində yerləşən erməni kilsəsi də bunun əyani sübutudur. 

Ən pisi də odur ki, Azərbaycan haqqında yalan-palan yazılan hesabatlarda Ermənistanda vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarına göz yumulur. Bu vandallığa görə ermənilərə 2 kəlmə ilə belə irad bildirilmir.

ABŞ-ın ikili standartları

ABŞ-ın bütün baxış bucaqlarında Azərbaycana qarşı qərəzi və kini sezməmək, görməmək mümkün deyil. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ildə Ermənistanda səfərdə olan zaman buradan səsləndirdiyi absurd mesajları hələ də anlamaq olmur.

Ağ Evin iki eyni problemə hər zaman 2, bəzənsə daha çox baxışı, yanaşması olub. Bu da ABŞ-ın bütün məsələlərə daim ikili standartlarla yanaşmasının ən bariz nümunəsidir. 

Məsələn, 4-5 il əvvəl ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Ross Uilsonun Abxaziya və Cənubi Osetiya ilə bağlı açıqlamasıda deyirdi: “... bu məsələdə ABŞ-ın mövqeyi qətidir.

Rusiya öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmalı, Gürcüstan öz ərazisi üzərində nəzarəti tam bərpa etməlidir”. Amma 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş həmin Ross Uilsondan heç vaxt Qarabağın erməni işğalına dair bu cür sərt və prinsipial mövqe eşitmədik. 

Abxaziya, Cənubi Osetiya, Krım separatçılarına qarşı sərt qadağalar tətbiq edən Vaşinqton Qarabağdakı separatçı rejimə tamam fərqli yanaşıb.

Məsələn, Qarabağ işğal altında olan zaman ABŞ-ın Ermənistandakı səfirliyi çox rahat şəkildə quldurların rəhbəri Bako Saakyana və digər quldurlara viza verərək onların sərbəst şəkildə Birləşmiş Ştatlara gediş-gəlişinə imkan yaradırdı. Üstəlik, Federal büdcədən hər il Qarabağdakı qondarma rejimə maliyyə yardımı edilirdi. Bu yardımlar yalnız 44 günlük müharibədən sonra 1 yanvar 2021-ci ildə dayandı.

ABŞ 44 günlük müharibənin nəticələrini tanımaq istəmir

Heç kimə sirr deyil ki, 44 günlük müharibənin ədalətli nəticəsi ABŞ üçün heç zaman asanlıqla qəbul edilən hal olmayıb. Ağ Ev hələ də ATƏT-in Minsk qrupunun dirçəldilməsindən danışır, 10 noyabr bəyanatının icrasına hər vasitə ilə əngəl olmağa çalışır. 

Təsadüfi deyil ki, 2021-ci ildə azad olunmuş Şuşaya diplomatik korpusun səfərində ABŞ səfiri iştirak etmədi və bu addımı şərh etməkdən də yayındı. Bu faktın özü bir daha sübut edir ki, Vaşinqton Azərbaycanın haqlı və ədalətli qələbəsini qəbul etmir. 

ABŞ-ın Azərbaycana qarşı qısqanclığı bitmir-tükənmir. Hər fürsətdə ABŞ Azərbaycanı qaralamağa çalışıb. Məsələn, ənənəvi olaraq keçirilən  “Demokratiya sammiti”nə Ermənistan davamlı dəvət olunduğu halda Azərbaycan, Türkiyə və digər türk dövlətləri kənarda saxlanılıb. Bu isə ikili standartın ən iyrənc təzahürüdür.
Çox təəssüf ki, Ağ Evin Azərbaycana qarşı basqıları dayanmır. Bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton Post” və digər media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verilib.

Baxmayaraq ki, demokratik dəyərləri özünün yaşam fəlsəfəsi elan etmiş bir ölkəyə bu cür yanaşmalar və kampaniyalar baş ucalığı gətirmir. 

Üstəlik, bu cür yanlış siyasət ABŞ-ın regional maraqlarına zərbə vurur. Çünki Azərbaycan regionun şəksiz lideridir və etibarlı tərəfdaşdır, bütün regional layihələrin təşəbbüskarı, əsas icraçısıdır.

Rəsmi Bakının apardığı balanslı xarici siyasət regionda sabitlik və sülhün bərqərar olmasına yönəlib, bu isə məntiqlə ABŞ-ın da maraqlarına cavab verməlidir. 

Amma görünür, ABŞ-ın bəzi dairələri fərqli düşünür və bu düşüncəyə uyğun da davranmağa çalışır...

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO