“Neftçi”də artıq əsas işləri o GÖRÜR – FOTO

“Neftçi”də artıq əsas işləri o GÖRÜR – FOTO

Hazırda oxunan: “Neftçi”də artıq əsas işləri o GÖRÜR – FOTO

146362

“Neftçi”nin son mövsümdəki uğursuzluqlardan sonra islahatların anonsu çoxdan verilirdi. Klubun idarəçiliyində buraxılan səhvlər, komanda daxilində müxtəlif qruplaşmaların olması, transfer işlərindəki xaos artıq son həddə çatmışdı və buna dur deyən olmalıydı və mövsüm başa çatan kimi SOCAR rəhbərliyi ciddi addımlar atmağa başladı.

Rəhbərliyin köhnə səhvlərindən biri olan rumıniyalı baş məşqçi Laurentsiu Regekamp istefaya göndərildi. Danışıqlar sırf SOCAR rəhbərliyi, daha doğrusu qurumu  rəhbəri və klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf tərəfindən aparılır və “Neftçi” rəhbərliyi bu proseslərdən kənarda tutulurdu. İddialı baş məşqçi axtarışları ciddi nəticə vermədi.

Çünki Sərgən Yalçın Bakıya xüsusi təyyarə ilə gətirilsə də, onunla anlaşmaq mümkün olmadı. Belədə gözlənilirdi başqa bir tanınmış və karyerasında önəmli nəticələri olan bir mütəxəssis dəvət olunacaq. Amma əksi baş verdi. Cəmi bir neçə ildir məşqçiliyə başlayan və heç bir ciddi uğuru olmayan digər rumıniyalı Adrian Mutu baş məşqçi təyin olundu. Əslində bu seçimin doğru-yanlışlığı başqa söhbətin mövzusudur.
Ancaq Mutunun şəxsi həyatı barədə heç də Regekampdan az şaiyələr gəzmir. Narkotik aludəliçiliyindən tutmuş qadın düşkünlüyünə qədər. Ancaq yenə tələsməyək və mövsümün gedişini gözləyək. Toxunmaq istədiyimiz məsələ isə hazırda paytaxt klubunda futbolla bağlı işlərin kim tərəfindən görülməsi ilə bağlıdır. Aydındır ki, hazırda klub prezidenti Kamran Quliyev, idman direktoru Zaur Əzizov və vitse-prezident Elnur Eyvazov proseslərdən kənarda saxlanılır.

Hazırda transferlərə və əsas işlərə cavabdeh şəxs isə Kamil Məmmədovdur. Futbol təsərrüfatımıza az çox bələd olanlar onun kim olduğunu bilir. Vaxtilə AMMK futzal klubunun təsisçisi, daha sonra böyük futbolda “Olimpik” klubunun rəhbəri olan Məmmədov peşəkar futbol meneceridir. Özü də yaxşı əlaqələri olan Məmmədov ölkəmizə bir çox tanınmış simaların gəlməsində vasitəçi olub. Elə milli komandamızda uzun müddət işləyən almaniyalı Berti Foqts da məhz onun vasitəçiliyi ilə Azərbaycana gəlmişdi. Məmmədov ən çox Cənibu Amerika bazarı ilə işləyib.

Daha çox paytaxt “İnter”inin yaxşı vaxtlarında onlarla çalışıb, yaxşı pul qazanıb. Məşhur uruqvaylı Kavaninin qardaşı Valter Quqlemondan tutmuş “Neftçi”də bombardir olmuş Nikolas Kanalesə qədər ölkəmizə futbolçu gətirib. Uzun müddət menecer fəaliyyətində susqunluq olduqdan sonra Kamil Məmmədov indi yenidən “Neftçi”nin əsas çəxslərindən birinə çevrilməkdədir. Elə Adrian Mutu da onun əməyinin məhsuludur.

Düzdür, bu seçiminin düzgünlüyü mübahisə doğurur. Amma proseslərin gedişi göstərir ki, Kamil Məmmədov yenilənən “Neftçi”nin əsas şəxslərindən biri olacaq.

Yazıdakı şəkildən də görünür ki, Mutu ilə Sankt Peterburqa yollanarkən peşəkar menecerin əhval ruhiyyəsi əladır. Ehtimallara görə “Neftçi” Rusiyadan qayıtdıqdan sonra klubun rəhbərliyində ciddi dəyişiklik olacaq və Kamran Quliyev, Zaur Əzizov və rəhbərlikdə təmsil olunan daha bir neçə şəxs istefaya göndəriləcək. Yeni gələnlər arasında isə hələ ki, Kamil Məmmədovun adı çəkilir. Hətta onun prezdient postu əvəzinə yaradılacaq baş direktor vəzifəsinə təyin olunacağı bildirilir. Nə demək olar? Qoy olsun.

Təbii yenə pullar xərclənəcək, yeni futbolçular gələcək, rəhbərlik dəyişəcək. Əsas odur ki, bütün bunlar boşa getməsin. Çünki “Neftçi”nin son illərdə baş verənlərdən sonra uğursuzluqla bağlı limiti bitib.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO