Xəbər verdiyimiz kimi iyulun 14-də Milli Məclis sonuncu plenar iclasını keçirəcək. Və bundan sonra parlament yay tətilinə buraxılacaq.
Bəs, deputatlarımız bu yay tətili üçün hansı planlar qurub?
Bizim.Media mözvu ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib:
MÖVZU İLƏ BAĞLI:
Mətbuat katibləri yay tətilini harada KEÇİRƏCƏK? – Bizim SORĞU
Millət vəkili Fəzail Ağamalı tətilini Azərbaycanda keçirəcəyini deyib:
“Mən Vətənimə, elimə bağlı adamam. Hər zaman olduğu kimi bu ilki məzuniyyətimi də Azərbaycanda keçirəcəm. İmkan olsa bir ara Türkiyəyə getmək istəyirəm. Bu səfərimsə istirahətlə bağlı deyil. Sırf sağlamlığımla əlaqəlidir. İstəyirəm gedib müayinə olunum. Qalan boş vaxtlarımı Azərbaycanda keçirəcəm”.
Elmar Nəsirov isə tətildə Qusar rayonuna getməyi planlaşdırır:
“Hər kəs kimi mən də konstitusion hüququmdan bu il də istifadə edəcəm. Fikrim var ki, 5-10 gün gedib dincəlib. İşlər düz getsə, Qusara getməyi planlaşdırıram”.
Hikmət Babaoğlu işğaldan azad olunmuş rayonlarımıza səfər etmək niyyətindədir:
“İyulun 14-dək Milli Məclisin iclasları davam edir. Ondan sonra parlament yay tətilinə yollanır. Bu ilki tətilimi mən Azərbaycanda keçirməyi planlaşdırıram. İcazə ala bilsəm Kəlbəcərə, Laçına gedəcəm. İcazə ala bilməsəm də Azərbaycanın digər dağlıq ərazilərində bir müddət dincəlməyi düşünürəm”.
Müşfiq Məmmədli isə istirahət üçün Türkiyəyə getməyi düşünür:
“Mən Azərbaycanda olacam. Ola bilsin ki, 3-4 günlük Türkiyəyə getdim. Bu da istirahətlə yox, işlə bağlı səfər olacaq. Amma istirahətimi ölkəmizdə keçirməyi planlaşdırmışam”.
Həmkarlarından fərqli olaraq, Ceyhun Məmmədovun hələlik tətillə bağlı hər hansı planı yoxdur:
“İşlərin çoxluğu ilə bağlı hələlik o barədə düşünməmişəm. Hələ iclaslar davam edir. Bununla paralel mütəmadi görüşlərimiz olur. Ona görə də konkret nəsə planlaşdırmamışam. Əgər işlər qaydasında getsə ola bilər ki, 10-15 gün Azərbaycanın hansısa bölgəsində istirahət edim. Hələlik planım belədir”.
Surxay Atakişiyev, Bizim.Media