Oğul ön cəbhədə, ana təhsildə TARİX YAZDI – FOTOREPORTAJ 

Oğul ön cəbhədə, ana təhsildə TARİX YAZDI – FOTOREPORTAJ 

Hazırda oxunan: Oğul ön cəbhədə, ana təhsildə TARİX YAZDI – FOTOREPORTAJ 

142886

Dağ boyda yükü olan ananın belə yüksək bal toplaması bu günkü gənclərə bir motivasiya, bir örnək, bir nümunədir.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün sosial şəbəkələrdə müəllimlərin sertifikasiyası ilə bağlı paylaşılan məlumatlar sırasında bir xəbər daha çox diqqəti cəlb etdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid anasından MİQ imtahanında rekord nəticə - FOTO


Zaqatalanın Aşağı Tala kənd tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qazıyeva 67 dəqiqəyə 59 bal toplayaraq yüksək nəticə əldə edib.

Xəbərin ildırım sürəti ilə yayılmasının bir səbəbi də Südabə Qazıyevanın Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası olması idi. Dağ boyda yükü olan şəhid anası hər kəsə nümunə olacaq bu nəticə ilə adını tarixə yazdıra bilib. Bu münasibətlə Aşağı Tala kənd 3 nömrəli məktəbdə böyük canlanma vardı. Məktəb kollektivi qəhrəman ananı görün necə qarşıladı.  

Yağışlı bir gün və Aşağı Tala 3 nömrəli məktəbin qarşısı.  

Hamı həyəcan və qürurla günün qəhrəmanı Südabə Qazıyevanı gözləyir. Onunla nəvəsi Aylinin, şəhid əmanətinin gəlişi isə hamı üçün sürpriz olur. Məktəbin müəllimlər otağında da canlanma hiss olunur. Sertifikasiyadan keçənlərlə yanaşı sabah imtahana qatılacaq müəllimlər belə Südabə müəlliməni təbrik etmək üçün yığışıb. Qəhrəmanın anası otağa daxil olur və uzun sürən alqışlarla qarşılanır. 


Məktəbin direktoru, Birinci Qarabağ müharibəsi qazisi İlham Qırtımov hamıdan çox sevinclidir. Çünki məktəbin sertifikasiyaya qatılan ilk müəllimi uğura imza atıb və bu uğur digər müəllimlərdə də motivasiya yaradır. Müəllimlər bir-bir Südabə müəlliməni təbrik edir, onun uğuruna sevindiklərini ifadə edir. 

“Artıq 30 ildir bu sinifdəyəm”

Qısa toplantıdan sonra üz tuturuq müəllimənin dərs dediyi sinfə. Bu dərs otağında hər tərəfi vətənpərvərlik simvolları və qəhrəman şəhidlərimizin rəsmləri bəzəyir. Südabə müəllimənin imtahanlara neçə hazırlaşması ilə maraqlanırıq: 

“Bu nəticəni göstərməyimin sirrini soruşurlar. Belə qeyd eləyim ki, mən hər gün dərs deyən müəlliməm. Hər gün qarşılaşdığım problemləri həll eləməyə çalışıram. Bilmədiyim mövzular olanda öyrənirəm. Hər zaman axtarışdayam. Onu da bildirim ki, çox da hazırlaşmamışam. Sadəcə kurikulum və pedaqogikadan bir qədər hazırlaşdım, o da “youtube”dan videolara qulaq asırdım, özüm analiz edirdim, gündəlik sinifdə tətbiq elədiklərimiz də bu istiqamətdə idi. Sertifikasiyada da suallar bu səpgidə idi”, - deyən müəllimə imtahana hazırlaşan bütün həmkarlarına səbrli olmağı, həyəcanı itirməyi tövsiyə edir.  


Şəhid əmanətindən sürpriz

Söhbətdən bəlli olur ki, Südabə müəllimənin nəticəsi bəlli olan kimi Bakıda yaşayan gəlini və nəvəsi bu sevinci bölüşmək üçün ona sürpriz edib və dərhal Zaqatalaya gəliblər. Elə bu məqamı da bizmlə söhbət zamanı balaca Aylin danışır. Deyir ilk xəbəri nənəsindən eşidiblər. Onu telefonda təbrik etsələr də dayana bilməyib və qərara alıblar ki, nənəyə sürpriz etsinlər. 
Müəllimin müəllimi necə qürurlanmasın?!   

Eşidəndə ki, Südabə müəlliməi təbrik edənlər sırasında onun riyaziyyat müəllimi də var, bu daha çox diqqətimiz çəkdi.

Gülçöhrə müəllimə şagirdinin, həm də həmkarının uğuru ilə bağlı bunları bildirdi:

“Bala, müəllimin müəllimi necə qürurlanmasın?! Valeh şəhid olandan sonra bu ailənin dağ yükü artdığı kimi bu kollektivin də bir kədəri vardı. Nəhayət ki, üzümüz güldü. Südabə müəlimə bu gün yalnız sertifikasiya imtahanından yüksək nəticələr əldə edib müvəffəqiyyət qazanmayıb. O, həyatın bütün sınaqlarından, bütün keşmə-keşli yollarından keçə-keçə, müvəffəqiyyət qazana-qazana , naliyyətlər əldə edə-edə gəlib bu səviyyə çatıb. Ona görə Südabə müəllimə bizim fəxrimizdir”.


O, diaqnostik qiymətləndirmədən də yüksək nəticə qazanıb. 

Bu uğurlu göstəricinin bütün müəllimlər üçün stimul yaratdığını deyən rayon təhsil sektorunun müdiri Kəmalə Əhmədova qəhrəman şəhid anasını Elm və Təhsil Nazirliyi adından təbrik edib: 

“Əlbəttə, Südabə müəllimə bizdə diaqnostik imtahanlarda da yüksək bal toplayan, öz davranışı, öz səmimiyyətini, şagirdlərlə münasibətində, valideynlərlə münasibətində nümunə göstərən müəllimlərimizdən biridir. Bu gün onun belə yüksək bal toplaması bizi heç təəcübləndirmədi. Böyük bir dağ boyda yükü olan ananın belə yüksək bal toplaması bu günkü gənclərə bir motivasiya, bir örnək, bir nümunədir.” 

Qeyd edək ki, sertifikasiya imtahanından yüksək bal toplayan Südabə Qazıyeva Aşağı Tala məktəbində təhsil alıb. Artıq 30 ildən çoxdur ki, bu təhsil ocağında təlim-tərbiyə ilə məşğul olur. Onun iki övladı da bu təhsil ocağının yetirməsidir. Südabə Qazıyevanın şagirdləri sırasında onlarla tanınmış ziyalı, iş adamı, Vətən Müharibəsi iştirakçısı və hazırda xarici ölkələrdə təhsil alan məzunlar var.  












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO