Göyçayda rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində Ailə otağının açılış mərasimi baş tutub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyi tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramının tərkib hissəsi olaraq “Ümidli Gələcək” İctimai Birliyinin TƏBİB ilə əməkdaşlıq şəraitində həyata keçirdiyi "Səhiyyə müəssisələrində kişilərin prenatal qayğı və qulluq, habelə məsuliyyətli atalıq üzrə fəaliyyətlərə cəlb edilməsi” layihəsi çərçivəsində Ailə Otağının açılışı həyata keçrilib.
2022-ci ilin noyabr ayından etibarən icra olunan layihə çərçivəsində antenatal qayğının yaxşılaşdırılmasına və ataların uşaqların sağlam böyüməsi və inkişafında iştirakının təşviqi və dəstəklənməsinə töhfə vermək məqsədilə Bakı, Lənkəran və Göyçay şəhərlərində müəyyən olunmuş poliklinikalarda tibb işçiləri və valideynlər üçün antenatal maarifləndirmə güşələrinin yaradılması, maarifləndirici materialların hazırlanması və yayılması, habelə tibb işçiləri üçün antenatal qayğı ilə bağlı təlim kurslarının keçirilməsi təmin edilib.
Layihə çərçivəsində Bakı, Göyçay və Lənkəran şəhərlərində 500-ə yaxın səhiyyə mütəxəssisi üçün ailə planlanması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında canlı və virtual təlimlərin və əhali üçün maarifləndirici seminarların təşkili həyata keçirilib.
Ötən müddət ərzində, həmçinin Bakı, Göyçay və Lənkəran şəhərlərində valideyn olmağa hazırlaşan və valideyn olmuş qadın və kişilərin sağlam hamiləlik, antenatal qayğının əhəmiyyəti, nümunəvi valideynlik bacarıqları, uşağa qulluq və qayğıda gender stereotipləri və qadın hüquqları mövzularında maarifləndirilməsi istiqamətində işlər aparılıb.
Qeyd edək ki, bu kimi Ailə otaqlarınının gələcəkdə də ölkənin digər rayon və şəhərlərində təşkil edilməsi nəzərdə tutulur. Bundan başqa Göyçaya qonşu olan rayonların sakinləri də bu Ailə otağının xidmətlərindən yararlana bilərlər.
Bizim.Media, Aran bürosu