Dərman reseptlərinin yazılması ilə bağlı YENİ QAYDA

Dərman reseptlərinin yazılması ilə bağlı YENİ QAYDA

Hazırda oxunan: Dərman reseptlərinin yazılması ilə bağlı YENİ QAYDA

142351

Azərbaycanda dərman vasitələrinə reseptlərin yazılması qaydası müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna yeni maddə əlavə edilir. 

Yeni maddəyə əsasən, qanunun 12-1.5-ci maddəsində qeyd olunan hal istisna olmaqla, reseptdə dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin yazılması qadağandır. 

Reseptin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 

Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddənin adının) olmadığı hallarda (üç və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) reseptdə latın əlifbasında əmtəə nişanı adı yazılır. 

Reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ingilis dilində, təsiredici maddənin dozası, dərman vasitəsinin farmasevtik forması və dərman vasitəsinin istifadə qaydaları isə Azərbaycan dilində yazılır. 
Klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər.

Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi bu Qanunun 9.4-cü və 9.6-cı maddələrinə uyğun olaraq ölkəyə gətirilə bilər. 

Reseptdə düzəlişin edilməsinə zərurət yarandıqda, həmin resept elektron sistemdə nüsxəsi saxlanılmaqla ləğv edilir və yeni resept yazılır. 

Aptek təşkilatı istehlakçının müraciəti əsasında təkrarlanmayan nömrə vasitəsilə sistemdə reseptə baxa bilər. 

İstehlakçının tələbi əsasında resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) və ya aptek təşkilatı tərəfindən elektron sənəd formasında olan resept kağız daşıyıcıda ona təqdim olunmalıdır. 
Resept xəstənin elektron sağlamlıq kartına onun FİN-i vasitəsilə inteqrasiya olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO