Bakıda daha bir uşaq rus bölməsi üzrə 1-ci sinfə qəbul imtahanından kəsilib.
Bununla bağlı Bizim.Media-ya uşağın anası Xuraman Kərimova müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Uşaq 1-ci sinfə qəbul imtahanından kəsilərək növbəti ilə SAXLANILIB – Anasından ŞİKAYƏT
Onun sözlərinə görə övladı iyunun 1-də Xətai rayonu 95 nömrəli məktəbdə rus bölümü üzrə 1-ci sinfə qəbul imtahanı verib və müsahibə zamanı verilən sualların hamısını cavablandırıb.
Amma bir gün sonra valideynə övladının imtahandan keçmədiyi barədə mesaj gəlib. Xuraman Kərimova övladına qarşı əsassız addım atıldığından gileylənib:
“Evdə hamı rusdillidir və uşaq 1 ildən çoxdur ki, rus dilində hazırlaşırdı. İmtahanda müəllimlərin verdiyi bütün suallara cavab verib. Hər halda 5 yaşında uşaq mükəmməl də olmasa, sualları normal cavablandırıb. Anlamıram ki, uşağı niyə kəsiblər... Uşaq Azərbaycan dilində çətin danışır və bilirəm ki, onun üçün azərbaycan bölümündə oxumaq çətin olacaq”.
Ana övladına yenidən imtahan şansı verilməsi üçün Bakı Şəhər Təhsil İdarəsinin nəzdindəki Apelyasiya Komissiyasına müraciət etdiyini bildirib.
Qeyd edək ki, 3 ildən çoxdur ki, rus bölümü üzrə 1-ci sinfə qəbul olmaq istəyənlər müsahibəyə cəlb edilir. Bu imtahanların əsas məqsədi rus dilində anlama, dinləmə, danışma qabiliyyəti olanların rus bölümündə təhsilini təmin etməkdir. Yəni istənilən uşaq rus dilində anlaya, danışa və fikirlərini izah edə bilirsə, imtahandan buraxılmalıdır.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov saytımıza açıqlamasında bildirib ki, müsabiqənin nəticələri ilə razılaşmayan valideyn apellyasiya müraciəti verə bilər.
Xatırladaq ki, bundan əvvəl də Ramilə Məmmədovanın 7 yaşlı övladının Binəqədi rayonu 276 saylı məktəbdə 1-ci sinfə qəbuldan kəsildiyi barədə şikayətini dərc etmişdik. Hər iki şikayətçinin müraciətinə aidiyyəti qurumdan hələki reaksiya yoxdur.
Alçina Amilqızı, Bizim.Media