“Azərbaycan bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır.
Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib.
Azərbaycan normallaşma gündəliyinə sadiq qalır və ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət: dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin tezliklə imzalanması, dövlət sərhədinin delimitasiyası, və regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Avstriyada dəyirmi masada iştirak etdi – FOTO
O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin suverenliyi və ərazi bütövlüyünün bəyan edilərək tanınması ehtiyatlı optimizm üçün zəmin yaradır.
Bununla belə, həmişə olduğu kimi, əməllər sözlərdən daha yüksək səslə danışır. Ermənistan rəhbərliyinin bəyanatları bu ölkənin faktiki davranışında da öz əksini tapmalıdır ki, nəticədə irəliləyiş əldə olunsun.
“Bu kontekstdə Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir”, - deyə nazir vurğulayıb.
Bizim.Media