30 il bundan ƏVVƏL... – İyunun 7-də Naxçıvanda nə baş verirdi?!

30 il bundan ƏVVƏL... – İyunun 7-də Naxçıvanda nə baş verirdi?!

Hazırda oxunan: 30 il bundan ƏVVƏL... – İyunun 7-də Naxçıvanda nə baş verirdi?!

140159

7 iyun 2023-cü il... Mən də minlərlə Naxçıvan sakini kimi erkən oyanıb işə tələsirəm. Şəhər öz ahəngində, sabitlik, əmin-amanlıq da öz yerindədir. 30 il əvvəlki ağır, məşəqqətli günlər çoxdan öz yerini inkişaf və gələcəyə inama verib. İndi hamı günbəgün güclənən Azərbaycandan, Zəngəzur dəhlizinin açılacağından, Naxçıvanın yaxın illərdə Qafqazın Dubayına çevriləcəyindən danışır. 2025-ci ilə qədər Naxçıvandan Bakıya, eləcə də Avropaya qatarla getmək əminliyi də ayrı bir qürurverici hissdir...

Xatırlayırıq ki, 30 il bundan əvvəl 1993-cü ilin iyun ayında baş verənlər indi yaşadıqlarımızla tamamilə tərs mütənasib idi: yarıtmaz dövlət idarəçiliyi, anarxiya, vətəndaş itaətsizliyi, cəbhədə ard-arda itirilən torpaqlar, kəskin iqtisadi böhran və nəhayət bu acınacaqlı durumun məntiqi davamı olaraq iyunun 4-də Gəncədə başlayan qardaş qırğını Azərbaycan dövlətçiliyini uçuruma yuvarlamışdı. Onlarla vətəndaşımız bu qanlı hadisələrin qurbanına çevrilərək həyatını itirmişdi... 

Səriştəsiz və xəyanətkar AXC-Müsavat cütlüyü batdıqca batır, özü ilə Azərbaycanı da batırırdı.

“Bütün mitinqlərdə əziyyət çəkib, iştirak edib” prinsipi ilə vəzifəyə təyin olunanlar çox keçməmiş hakimiyyətin rəzalətinə, üzünün qarasına çevrilirdilər.

Belə bir ağır dönəmdə Naxçıvanda yaşayıb işləyən ümummilli lider Heydər Əliyev qədim diyarı işğal və məhv olmaqdan xilas etmiş, müstəqil, güclü Azərbaycan naminə taleyüklü qərarlar vermişdi. Xüsusilə, Gəncə hadisələrindən sonra ölkədə hər kəs ulu öndərin Bakıya qayıtmasını israrla tələb edir, itirilmiş dövlətçiliyin xilasını Heydər Əliyevdə görürdü. Təkcə Bakıdan deyil, ölkənin hər yerindən Heydər Əliyevə göndərilən minlərlə məktubun məzmunu belə idi: 

“Sizin Bakıya qayıtmağınız bizlərdən çox Anamız Azərbaycana lazımdır”. 

Həmin vaxt deputatlar, hökumət üzvləri, hətta ozamankı prezident başda olmaqla, bütün dövlət mənsubları ümummilli liderə müraciət göndərib onu paytaxta dəvət edirdilər. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: 

“1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Nəhayət, xalqın təkidli tələbi ilə iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev xalqımızı fəlakətdən, dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bütün dünyanın gündəmi olan bu QAYIDIŞ daha da geniş miqyas alaraq QURTULUŞA çevrildi. Heydər Əliyev Bakıya gəldikdən sonra deputatların, o zamankı iqtidarın parlamentə sədr seçilmək barədə israrlı xahişlərini yerinə yetirməmişdən əvvəl Gəncəyə getdi, orada sabitliyin yaranmasına, qardaş qanı axıdılmasının qarşısının alınmasına müvəffəq oldu...

Bir məqamı xüsusilə vurğulayaq ki, ulu öndər 1992-ci il oktyabrın 24-də Naxçıvanda AXC-Müsavat cütlüyünün qanunsuz silahlı birləşmələri, özünün də dediyi kimi, terrorçu dəstələri tərəfindən həyata keçirilən dövlət çevrilişi cəhdinin də qarşısını qətiyyətlə ala bilmişdi.

Naxçıvana Sədərək istiqamətindən ciddi hücumların olduğu həmin dönəmdə cəbhəçilər Naxçıvanın Daxili İşlər Nazirliyini və Naxçıvan Dövlət Teleradiosunu tutaraq darmadağın etmişdilər. 

...Və beləliklə, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev bununla da xalq və dövlətçiliyimizin taleyində əbədiyyətə qədər davam edəcək parlaq bir səhifə açdı. Bugünkü dünyanın geosiyasi mənzərəsinə nəzər saldıqda aydın görürük ki, əgər Heydər Əliyev QURTULUŞ mübarizəsinə qoşulmasaydı, şübhəsiz ki, biz Əfqanıstan, Yəmən, Sudan, Liviya, İraq taleyi yaşayacaqdıq. Bu gün müstəqil və çiçəklənən Qarabağlı Azərbaycan da, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan, regionun gündəliyini diqtə edən güclü Azərbaycan da Heydər Əliyevin məntiqi sonluğa çatdırdığı Qurtuluş mücadiləsinin bəhrələridir. Əgər ulu öndər təcrübəli siyasətçi, tarixi şəxsiyyət kimi ölkəmizi fəlakətdən qurtarıb inkişafa yönəltmişdisə, Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirdi, ərazi bütövlüyümüzü, sabitliyi təmin etdi, Qarabağa, Şərqi Zəngəzura, Naxçıvana yeni həyat gətirdi. 

Şərhimizə “30 il bundan əvvəl – iyunun 7-də Naxçıvanda nə baş verirdi?!” sərlövhəsini təsadüfən seçmədik. Qısaca yekunlaşdıraq: Həmin gün Naxçıvanda daha bir tarixi bəyanat qəbul edilmişdi:

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN VƏ NAZİRLƏR KABİNETİNİN RƏYASƏT HEYƏTİNİN BƏYANATI

İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub. Faktiki olaraq vətəndaş müharibəsi başlayıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və kəşməkəşli, tarixin məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabineti qətiyyətlə bildirirlər ki, bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik. Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcəkdir.

Gəncə hadisələrində həlak olanların hamısına Allahdan rəhmət, yaxınlarına səbr və dözüm diləyir, başsağlığı veririk.  

Naxçıvan şəhəri, 7 iyun 1993-cü il

P.s. Tarix unutqanları bağışlamır, tariximizi unutmayaq və unutdurmayaq!

Sahil Tahirli, "Naxçıvan MR Televiziya və Radio Verilişləri" QSC-nin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO