111 gün sonra nəşi tapılan şəhid – “Cibində Polad Həşimovun fotosunu gəzdirirdi”

111 gün sonra nəşi tapılan şəhid – “Cibində Polad Həşimovun fotosunu gəzdirirdi”

Hazırda oxunan: 111 gün sonra nəşi tapılan şəhid – “Cibində Polad Həşimovun fotosunu gəzdirirdi”

13646

İtkin düşdükdən 111 gün sonra tapılan şəhid  Murad İbrahimovun bu gün dəfnindən 40 gün keçir. 

Bizim.Media-ya danışan şəhidin qardaşı Rəşad İbrahimovun sözlərinə görə  Azərbaycan Silahlı Qüvvələrinin MAXE - əsgəri Murad İbrahimov 2020-ci il oktyabrın 2-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub:
 

“Döyüş yoldaşlarının bildirdiyinə görə qardaşım şəhid olandan sonra nəşini döyüş meydanından götürmək mümkünsüz olub. 111 gün sonra qardaşımı dəfn edə bildik. Bu gün isə 40 mərasimidir”. 


Murad İbrahimov 1993-cü ilin 6 sentyabrında  Gəncədə doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra mülki fəaliyyət göstərən Murad bir müddət sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmət müddətində Qurban bayramı və 15 iyun Milli Qurtuluş Günü ərəfəsində xidmətinə görə fəxri fərmanla təltif edilib. 

Rəşad İbrahimov qeyd edib ki, qardaşı Murovdağ döyüşlərində əsl şücaətlik nümayiş etdirib:

“Elə döyüş yoldaşları da təccüb içində olublar. Onların dediyinə görə qardaşım bütün döyüş tapşırıqlarında özünü irəli atıb və elə qəhrəmanlıqlar göstərib ki, sözlə ifadə etmək azdır. Çibində Polad Həşimovun şəklini gəzdirirdi. Hər dəfə Polad Həşimovun, İbrahim Məmmədovun qisasını alacağını deyirdi. Müharibədə olduğu günlərdə də Azərbaycanın şəhid olmuş qəhrəmanları dilindən düşmürdü”. 
 

2020-ci il oktyabrın 1-dən 2-nə keçən gecə Murov dağından Ağdərə istiqamətinə yollanan qəhrəmanımız həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 


Rəşad İbrahimov deyib ki, qardaşı şəhid olduğu gün ailəsi ilə danışıb və halallıq istəyib:

“Ailəsinə özlərindən muğayat olmalarını istəyib. Çox diqqətcil və ailəcanlı idi. Özündən çox doğmalarını düşünürdü. Onunla fəxr edirik”.

Şəhid Murad İbrahimov bir müddət itkin düşüb və axtarılıb. Şəhid olmasından 111 gün sonra nəşi tapılıb və 23 yanvar 2021-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimizin 1 yaşında Əli adında oğlu var. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO