Meliorasiya ilə bağlı 600 minlik TENDER – Eyni şirkət növbəti dəfə QALİB OLDU – FOTO

Meliorasiya ilə bağlı 600 minlik TENDER – Eyni şirkət növbəti dəfə QALİB OLDU – FOTO

Hazırda oxunan: Meliorasiya ilə bağlı 600 minlik TENDER – Eyni şirkət növbəti dəfə QALİB OLDU – FOTO

136270

Yevlax Suvarma İdarəsi cari ilin 30-31 mart tarixlərində elan etdiyi ümumi dəyəri 594 min 358 manat olan üç tenderin qaliblərini bu gün elan edib. 

Bizim.Media xəbər verir ki, martın 30-da "Cari və əsaslı təmir işləri üçün inşaat materialların" satın alınması üçün elan edilən və dəyəri 195 min 519 manat olan tenderin qalibi “Texnoloq” MMC (VÖEN – 1405435321) olub.

Ümumi dəyəri 178 min 852 manat olan və “Su nasos stansiyalarında mexaniki və elektrik avadanlıqlarının, subartezian nasoslarının ehtiyat hissələrinin” satın alınması üçün martın 31-də elan olunmuş tenderin qalibi “Art-Proje” MMC (VÖEN - 3100016211), martın 31-də elan olunmuş və dəyəri 219 min 987 manat olan "Avtonəqliyyat və istehsalat nəqliyyat vasitələrinin ehtiyat hissələri"nin satın alınması tenderinin qalibi isə “Avto Texnika Detaling” MMC (VÖEN - 7100608041) olub. 

655 min manat vergi borcu olan şirkət yenidən iş başında

Qeyd edək ki, “Texnoloq” MMC tenderin şərtlərinə uyğun olaraq, Yevlax Suvarma İdarəsini qum, çınqıl, sement, profil, yayma profili, armatur, metal boru, pəncərə və digər 83 adda inşaat materialları ilə təmin edəcək. Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. 

“Art-Proje” MMC Yevlax Suvarma İdarəsini su nasos stansiyaları və subartezian quyuları üçün lazım olan içli çarx, müxtəlif ölçülü su pərləri, mil, oymaq, daban, dabanaltı, kabel, avtomat açar, bol, qayka və digər 107 adda mal və materiallarla təmin edəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Art-Proje” MMC 18 may 2001-ci ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.

Nizamnamə kapitalı 1 milyon 370 min 010 AZN olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 4, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Əkram Musa oğludur. 

Şirkət ilk dəfə 5 mart 2019-cu ildə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 31 mln. 880 min manatlıq tenderinin qalibi olan 26 şirkətdən biri olub və ASC-ni “D,SNS” tipli nasosları ilə təmin etməsi müqabilində 1 milyon 634 manat əldə edib. 

Bu ilin may ayının 5-də Tovuz Rayon Suvarma Sistemləri tərərfindən "Subartezian quyularında hidromexaniki və hidrotexniki elektrik avadanlıqlar üçün mal-material və ehtiyat hissələrinin satınalınması" ilə bağlı tenderinin qalibi olub və şirkət 224 min 148 manat əldə edib.

19 noyabr 2022-ci ildə “Azərsu” ASC nasos və nasos aqreqatlarının satın alınması ilə bağlı elan etdiyi müsabiqədə qalib gəlib və aralarında ümumi dəyəri 2 milyon 351 min 145 manat olan satınalma müqaviləsi imzalanıb. 

Mayın 9-da isə Samux Suvarma Sistemləri İdarəsi Su nasoslarının ehtiyat hissələrinin satın alınması bağlı müsabiqənin qalibi olub və tərəflər arasında maliyyə dəyəri 221 min 665 manat olan satınalma müqaviləsi imzalanıb. 

Araşdırma zamanı məlum oldu ki, şirkətin 655 min 774.08 AZN vergi borcu olub. Halbuki, “Dövlət satınalamları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. Lakin bu qadağa “Art-Proje” MMC üçün keçərli olmayıb. 

Bu şirkətlər kimə məxsusdur?

“Art-Proje” MMC-nin qanuni təmsilçisi Əkram Əliyev həm də “Hidro-M” MMC-nin qanuni təmsilçisi olub. Bu şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-də yerləşir. 26 fevral 2019-cu ildə “Hidro-M” MMC-nin reyestr sənədlərində dəyişiklik edilib. Hazırda şirkətin qanuni təmsilçisi Xələfov Valeh İsa oğludur.

Yevlax Suvarma İdarəsinin üçüncü qalibi olan “Avto Texnika Detaling” MMC 13 yanvar 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.
Reyestr məlumatlarında şirkətin nizamnamə kapitalı 20 manat məbləğində olduğu, hüquqi ünvanının Siyəzən rayonu, Siyəzən şəhəri, M.Zəkiyev küçəsi, ev 44, m. 31-də yerləşdiyi və qanuni təmsilçisi kimi isə Müslümov Teymur Əkrəm oğlu qeyd olunub.

Bu şirkət də bir neçə dəfə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin elan etdiyi yüksək məbləğli tenderlərin qalibi olub:

- 2 mart 2022-ci ildə Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən avtomaşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satınalınması üzrə elan etdiyi açıq tenderdə qalib olub və 31 may 2022-ci il aralarında 224 min 200 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

- Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən maşın mexanizmlərin və nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması ilə bağlı 3 mart 2022-ci ildə elan etdiyi açıq tenderdə qalib və 31 may 2022-ci ildə tərəflər arasında 45 min 703 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. 

- 11 mart 2022-ci ildə Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən avtonəqliyyat, torpaqqazan mexanizmlər üçün ehtiyat hissələrinin və sürtgü yağlarının satınalınması üzrə müsabiqə yolu ilə başlamış olduğu açıq tenderdə qalib olub və 11 may 2022-ci ildə aralarında 206 min 424 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. 
- Şəki Suvarma Sistemləri İdarəsi maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması üzrə 29 mart 2022-ci ildə tender elan edib və tək qalib olan şirkətlə 31 may 2022-ci ildə 229 min 518 manat məbləğində satınalma müqaviləsinin bağlayıb. 

- 31 mart 2022-ci ildə Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən nəqliyyat vasitələrinin və mexanizmlərin cari təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə müsabiqə yolu ilə başlamış olduğu açıq tenderin qalibi olub və 26 may 2022-ci il tarixdə aralarında 125 min 900 manat məbləğində satınalma müqaviləsi bağlanıb. 

- 31 mart 2022-ci ildə Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən mexaniki avadanlıqların cari təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə açıq tenderdə qalib gəlib və 26 may 2022-ci ildə aralarında 132 min 292 manatlıq məbləğində satınalma müqaviləsi bağlanılıb. 

- 14 noyabr 2022-ci ildə Balakən Suvarma Sistemləri İdarəsinin 65 min 299 manat dəyərindəki "İstehsalat və avtonəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyyat hissələrinin satınalınması" tenderinin qalibi olub.

Bu ilin mart ayının 23-də Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtomobillərin cari təmiri və ehtiyyat hissələri”nin satın alınması ilə bağlı elan edilən və ümumi dəyəri 219 480 manat olan tenderin tək qalibi olub. 








Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO