Yoxlama zamanı sahibkarın hüquq və vəzifələri MÜƏYYƏNLƏŞİR

Yoxlama zamanı sahibkarın hüquq və vəzifələri MÜƏYYƏNLƏŞİR

Hazırda oxunan: Yoxlama zamanı sahibkarın hüquq və vəzifələri MÜƏYYƏNLƏŞİR

135623

Yoxlama zamanı sahibkarın hüquqları və vəzifələri məlum olub.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni - 1-1-ci Fəsildə əksini tapıb.

Layihəyə əsasən, yoxlama zamanı sahibkarın aşağıdakı hüquqları var:

- yoxlama bu qanununda müəyyən edilən dövrilik pozulmaqla aparıldıqda, yoxlamanın aparılması ilə əlaqədar müəyyən edilən müddətlər pozulduqda, bu qanunla müəyyən edilən məlumatlar (sənədlər) yoxlayıcı tərəfindən təqdim edilmədikdə yoxlayıcının yoxlama aparmasına icazə verməmək;

- yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək;

- yoxlayıcı orqanların (yoxlayıcıların) qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək;

- sübut və izahatlar təqdim etmək;

- yazılı izahatlar vermək, yoxlamaya aid olan hər hansı bir sənədin və ya onun surətinin yoxlama aktına əlavə olunmasını, həmçinin yoxlama zamanı baş verən, sahibkarın və ya yoxlayıcının hüquq və ya vəzifələrinə təsir edə biləcək faktlar barədə qeydlərin yoxlama aktına daxil edilməsini tələb etmək;

- yoxlama zamanı tərtib olunmuş yoxlama aktı və digər sənədlərlə tanış olmaq;

bildirişlərin və yoxlama ilə əlaqədar məlumatların (sənədlərin) göndərilməsi üçün elektron poçt və ya digər poçt ünvanını yoxlayıcıya bildirmək;

yoxlayıcının fəaliyyətinə maneə yaratmamaqla, yoxlama prosesinin foto, audio və video çəkilişini aparmaq və bu məqsədlə digər şəxsləri yoxlama prosesinə cəlb etmək;

öz hüquq və mənafelərini qorumaq məqsədilə üçüncü şəxsləri yoxlama prosesinə cəlb etmək;

- yoxlama obyektinə aid olmayan, həmçinin yoxlamanın aparılması haqqında qərarda qeyd olunan yoxlama dövrünə aid olmayan məlumatları (sənədləri) yoxlayıcıya təqdim etməmək;

- yoxlayıcının qanunsuz tələblərini icra etməmək.

- Layihə həmçinin, yoxlama zamanı sahibkarın vəzifələrini də müəyyənləşdirir. Yoxlama zamanı sahibkarın vəzifələri aşağıdakılardır:

- yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən bu qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri) təqdim etmək;

- iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq;

- yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək;

- bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq;

- kommersiya, vergi və qanunla qorunan digər sirlərin qorunması məqsədilə qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və (və ya) elektron daşıyıcıda yoxlayıcıya təqdim etmək, habelə yoxlayıcıya yoxlama obyektinə dair məlumat olan informasiya sisteminə çıxış əldə etmək imkanı yaratmaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO