2023-cü il mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Maraqlıdır ki, yaxın 20 gündə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün 3 görüş keçiriləcək.
Sonuncu görüş 1 iyun 2023-cü ildə Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq. Bu görüşə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzlun da qatılacağı bildirilir.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov istənilən görüşü təqdirəlayiq hadisə adlandırıb:
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovdan Brüssel görüşü ilə bağlı MÜHÜM AÇIQLAMA
“Maraqlısı odur ki, son vaxtlar danışıqlar daha da intensivləşib. Artıq nazirlər səviyyəsində yox, dövlət başçıları səviyyəsində görüşlər keçirilir. Mayın, 14-də Brüsseldə, sonra Moskvada, daha sonra isə Kişinyovda intensiv şəkildə görüşlər, danışıqlar keçiriləcək. İndi baxaq görək bu intensiv danışıqların nəticəsi nə olacaq”.
Elmar Məmmədyarov onu da qeyd edib ki, Kişinyov görüşünün çoxtərəfli olacağı gözlənilir:
“Almaniya da bu danışıqlarda iştirak edəcəyini bildirib. Təbii ki, Qərb danışıqlarda əsas söz sahibi olmaq istəyir. Almaniya da bu məqsədlə danışıqlara qoşulur. Amma Rusiya faktoru da var. Kreml də proseslərdən kənarda qalmaq istəmir. Ona görə də Moskvada da görüşlərin keçirilməsi gözlənilir. Bu isə o deməkdir ki, tərəflər çalışırlar ki, danışıqlarda hansısa bir irəliləyiş olsun.
Surxay Atakişiyev, Bizim.Media