Gülüstan Əliyeva: “Anam atamla dost olmağımın gileyini edirdi” - VİDEO

Gülüstan Əliyeva: “Anam atamla dost olmağımın gileyini edirdi” - VİDEO

Hazırda oxunan: Gülüstan Əliyeva: “Anam atamla dost olmağımın gileyini edirdi” - VİDEO

134898

“Həyatımızda elə bir insanlar var ki, onlar kifayət qədər pisliklər ediblər. Bir insandan özümə qarşı pislik, acı, tələ görmüşəm. Amma ona buna görə o qədər də təşəkkür edirəm. İllər əvvəl məclislərin birində iştirak edirdim, o insan haqqında danışırdılar. Dedim ki, ona minnətdaram. Hamı bu sözlərimdən sonra mənə qəribə baxıb söylədilər ki, necə ola bilər ki, sənə pislik edən, zərbələr vuran insana təşəkkür edirsən. Ona təşəkkür edirəm ki, mənə bu həyatın çəhrayı rəngdə olmadığını başa saldı. Sənətdə olan digər insanların əsl simalarını mənə tanıtdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva qonaq olduğu “Sözbaz” verilişində deyib. 

Sənətçi uşaq olarkən kiçik yaşlı qardaşını qorumaq üçün addığı fədakarlıq addımından bəhs edib:  

“Həyətimizdə dəmir darvaza vardı. Atam onu dəyişmək istəyirdi. Atam onu sökmüşdü. Biz də altıncı sinifdə oxuyurduq. Qardaşımın üç yaşı vardı. Atam köməyə qonşudan bir-iki nəfər çağırdı. Biz də atamıza güya kömək etmək üçün yaxınlaşdıq. Amma kənardan baxırdıq. Onlar darvazanı yerindən çıxardıb, yerə qoymaq istəyirdilər. Bu anda isə darvaza əllərindən çıxdı. Qardaşım isə darvazanın arxasında imiş, Gördüm ki, o, dəmir darvazanın altında qalır. Özümü qabağa atıb, ayaqlarımı darvazanın alt hissəsinə qoydum ki, qardaşım altında qalıb əzilməsin. Elə də oldu. Qardaşımı xəsarət almadan qorudum. Ayaqlarım bərk əzilmişdi, kəsiklər vardı. O xatirə heç zaman yadımdan çıxmayacaq”. 

G. Əliyeva mərhum valideynlərindən danışaraq kövrəlib: 

“Yazıq, zəhmətkeş anam... Hamımızın zəhmətini çəkən. Təbii ki, bütün analar elədi. Məkanı cənnət olsun, anamın. Bizimlə nəfəs alırdı. Savadsız idi, anam öz adını belə yaza bilmirdi, amma o qədər dünyagörüşlü, müdrik, oturub bizə dərs öyrədirdi. Anam bizə həyatı da öyrədib. Atam bizlə daha çox dost idi. Anam isə hər zaman onun gileyini edirdi. Son dövrlərdə isə mənə deyirdi ki, elə hər zaman atandan danışırsan, amma məndən danışmırsan. Mənim Gülüstan Əliyeva olmağımın səbəbkarı anam, ailəmdir. 1993-cü ildə həyat yoldaşım şəhid olandan sonra Cəbrayıl rayonunda qaçqın gəldik. Valideynlərimin yanına qayıtdım. Övladımı isə valideynlərim böyütdü”.  

Əməkdar artist bildirib ki, anasından fərqli olaraq atası onun müğənni olmasını hər zaman dəstəkləyib:  

“16 yaşımdan toylara gedirdim. Pul qazanırdım. İlk aldığım toydan pul isə 50 manat olub. Ailəmə maddi şəkildə kömək edirdim, dəstək dururdum. Atam konservativ insan idi. Anam təhsil almağımın əleyhinə idi. Qız uşağı gedib Bakıda təhsil alacaq.

Orada tək qalacaq, ondansa gəlsin, evdə otursun, bir işin qulpuldan yapışsın. Amma atam elə düşünmürdü. Rayonda idman üzrə birinci yerdə idim, rus dili üzrə respublika birincisi idim, musiqi ilə məşğul olurdum, pionerlər evlərində konsertlər verirdim, çox aktiv bir gənc idim.
Atam sürücü idi. Atam bütün o işlərin, qayğıların və çətinliklərin içində bizə vaxt tapırdı. Məni tədbirlərə aparırdı. Mənim müsabiqəyə qatılmağım, Bakı həyatım, Bülbül adına musiqi məktəbində oxumağım, Konservatoriyada təhsil almağım atamın bizə dəstəyindən, təhsilə önəm verməyindən irəli gəlirdi”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO