BİZİM TƏQVİM: 15 apreldə Qafqaz Müsəlmanlarının ilk qurultayı keçirilib

BİZİM TƏQVİM: 15 apreldə Qafqaz Müsəlmanlarının ilk qurultayı keçirilib

Hazırda oxunan: BİZİM TƏQVİM: 15 apreldə Qafqaz Müsəlmanlarının ilk qurultayı keçirilib

130799

1917-ci ilin bu günü Bakıda Qafqaz Müsəlmanlarının I Qurultayı işə başlayıb. Aprelin 20-dək davam edən qurultayda ilk dəfə milli ərazi muxtariyyəti ideyası irəli sürülüb. Məhəmməd Əmin Rəsulzadənin məruzəsi üzrə qəbul edilən qərarda deyilirdi: 

“Rusiyanın müsəlman xalqlarının mənafeyini ən yaxşı şəkildə təmin edən dövlət quruluşu forması ərazi-federasiya prinsiplərinə əsaslanan demokratik respublikadır.”

Bəs, aprelin 15-də dünyada daha hansı hadisələr baş verib?

1.1906-cı ilin 15 aprelində Bakıda Azərbaycan dilində ilk uşaq jurnalı olan “Dəbiristan”ın birinci sayı çapdan çıxıb. Dövrün tanınmış ziyalıları Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və başqaları həmin jurnalla yaxından əməkdaşlıq ediblər.

2.1920-ci il aprelin 15-də Sovet Rusiyasının qoşunları Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında cəmləşdi. Bununla əlaqədar ölkənin xarici işlər naziri Fətəli xan Xoyski Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Çiçerinə nota göndərərək Azərbaycan dövlətinin narahatlığını ifadə etdi. Lakin Rusiya tərəfi buna heç bir münasibət bildirmədi.  

3.15 aprel 1931-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün təklifi ilə Türk Tarixi Tədqiqat Cəmiyyəti qurulub. Dörd ildən sonra sonra cəmiyyətin adı Türk Tarixi Qurumu olaraq dəyişdirilib.

4.15 aprel 1933-cü ildə Ankara-İstanbul arasında tarifli təyyarə səfərləri başlayıb.

5.1970-ci ilin 15 aprelində Yaponiya ilk elektron hesablama maşınını düzəltdiyini elan edib.

6.15 aprel 1989-cu ildə Mingəçevirdə troleybus  fəaliyyətə başlayıb.

7.1992-ci ilin bu günündə Azərbaycanla Fələstin arasında diplomatik əlaqələr qurulub.

8.15 aprel Beynəlxalq Mədəniyyət Günüdür. Bu günün təsis olunması 1935-ci ildə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə bağlıdır. Mədəniyyət gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

9.15 aprel həm də Ekolojı Biliklər Günüdür. Bu gün 1992-ci ildə təsis olunub. Bu günün əsas məqsədi ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin formalaşması, ekoloji təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması, habelə ekoloji məsələlər barədə düşünən vətəndaşın tərbiyəsi və hazırlığıdır.

15 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.1985-ci ilin bu günündə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva vəfat edib. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadənin öyrənilməsinə həsr edib.

2.Avropa intibah dövrü incəsənətinin dahi nümayəndələrindən biri – rəssam, şair, ixtiraçı və mühəndis Leonardo de Vinçi 1452-ci ilin 15 aprelində anadan olub.

3.Böyük rus alimi Mixail Lomonosov 1765-ci ilin bu günü vəfat edib.

4.Bu gün tanınmış Azərbaycan memarı Sadıq Dadaşovun xatirə günüdür. Memarlığa dair əsərlərini Mikayıl Hüseynovla birlikdə yaradan S.Dadaşovun layihəsi əsasında Azərbaycanın bir çox şəhərlərində yaşayış, ictimai və mədəni məişət binaları tikilib. Əsas işləri Azərbaycan Texniki Universiteti, Dövlət Konseravtoriyası, Nizami kinoteatrı, Nizami adına Ədəbiyyat muzeyidir. Sadıq Dadaşov 1946-cı ilin 15 aprelində 41 yaşında dünyasını dəyişib. 

5.Mahir klarnet ustası, Xalq artisti Vəli Qədimov  15 aprel 2009-cu ildə vəfat edib.

6.Azərbaycan televiziya, teatr və kino aktyoru, Xalq artisti Telman Adıgözəlov 2010-cu ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO