Müqəddəs Ramazan ayı müsəlmanlara Allahı sevmək prinsiplərini öyrədir, insanları təmiz və vicdanlı olmağa yönəldir. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil edilib.
Rəvayətlərə görə, bu, həmin ayın ya 18-dən 19-na, ya 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş verib. Qədr gecələri qüdrətli, əzəmətli və min aydan xeyirlisi hesab olunur. Xalq arasında Qədr gecələrini “ehya gecələri” də adlandırırlar. Həmin günlər sadəcə yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni ibadətlə, dua ilə, savab işlər görməklə keçirmək əsas şərtdir.
Amma Azərbaycanda fəaliyyət göstərən bəzi axund və mollarlar Qədr gecəsində insanları başına yığıb mərsiyə deyir, ağlaşma məclisləri qurur, sanki matəm ayı kimi yalnış təbliğat aparırlar. Halbuki orucluğun mərsiyəyə dəxli yoxdur. Ramazan bayram ayı olduğu üçün mərsiyə, matəm və yas məclisləri qurmaq İslamda buyurulmayıb.
Sosial şəbəkələri bürüyən bu tip görüntülər ictimaiyyətdə ciddi müzakirə doğurub.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə Qədr gecəsində mərsiyə və Quranı başa qoymaq İran agentlərinin ölkəmizə gətirdiyi xurafatlardır:
MÖVZU İLƏ BAĞLI:
Ramazan ayının Qədr gecələrinin vaxtı AÇIQLANDI
“Məqsəd də başqa türk müsəlmanlardan arada fərq və nifaq yaratmaqdır. Çünki İran daim sünni-şiə arasında nifrət yaratmağa cəhd edir. Azərbaycan xalqını parçalamaq, tolerantlığı pozmaq üçün özündən qondarma ayinlər uydurub ölkəmizdə yayırlar.
Qədr gecəsi Quranın endiyi gecədir. Bu gecə ancaq ibadət etmək, Allahla rabitədə olmaq lazımdır. İslam dinində ağlaşma məclisi, mərsiyə oxumaq yoxdur. Bu, farsların qədim dinlərinə aid işlərdir ki, bizə də onlardan keçib”.
İlahiyyatçı əlavə edib ki, İran İslam dininin ancaq matəmdən ibarət olduğunu təbliğ edir:
“Uzun müddət bizim məscidlər də İranda təhsil alanların təsirində olduğu üçün bu cür xurafatlar yayılıb. Qədr gecəsində normal şəkildə dua etmək lazımdır, vəssalam. O gecənin xüsusi bir namazı, ibadət növü də yoxdur”.
Alçina Amilqızı, Bizim.Media