“İranın Azərbaycan haqqında verdiyi açıqlama İran tərəfinin riyakarlığının növbəti ifrat nümunəsidir. Əslində bu günə kimi etdiklərinə; hər zaman Ermənistanın yanında olduğuna, işğal olunmuş ərazilərimizin dağıdılmasında barbarcasına iştirak etdiyinə görə İran Azərbaycanı deyil, Azərbaycan İranı şikayət etməlidir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.
MÖVZU İLƏ BAĞLI:
İran parlamenti Azərbaycana qarşı bəyanat qəbul etdi
Deputat bildirib ki, İran tərəfinin məlum açıqlamasından sonra haqlı sual yaranır:
“Kim kimdən narazı qalmalı və ya şikayət etməlidir? İran İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində hər zaman İslam həmrəyliyindən danışır. Ancaq bu təşkilatın Azərbaycanla bağlı qərarlarına biganə yanaşır, Ermənistana davamlı dəstək göstərir.
Azərbaycanla Ermənistan arasında münaqişəyə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələri kəsdi və ya ümumiyyətlə qurmadı. Bəs İran nə etdi? Bir tərəfdən Ermənistanı, o biri tərəfdən isə Azərbaycan daxilində terroru dəstəklədi. Son günlər ölkəmizdə baş verən hadisələr bunu bir daha təsdiq etdi”.
Ceyhun Məmmədovun sözlərinə görə, İranın gözü qarşısında ermənilər məscidlərimizi barbarcasına dağıtdılar, içərisində donuz və inək saxladılar.
Qəbiristanlıqları şumlayaraq yerində əkin işləri həyata keçirdilər:
“Mən bu günə kimi hələ də dağıdılmış evimizin yerini, doğmalarımın qəbirlərini tapa bilmirəm. İran isə bir müsəlman ölkəsi kimi, bütün bunları görməzlikdən gəldi. 30 il ərzində hər zaman İran Ermənistana, siyasi, hərbi və iqtisadi yardım etdi.
Qarabağa terrorçu göndərən, Ermənistana silah göndərən, Zəngəzur dəhlizini qırmızı xətt sayan da İrandır. İslam həmrəyliyi və müsəlman təəssübkeşliyi budurmu? Odur ki, İranın İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur”.
Məlumat üçün bildirək ki, Ceyhun Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.
Qeyd edək ki, İran Parlamenti bu günlərdə Azərbaycanla bağlı növbəti absurd bəyanat yayıb.
Sənəddə Azərbaycana qarşı bir sıra əsassız ittihamlar səsləndirilib. Bəyanatda İslam Əməkdaşlıq Təşkilatına müraciət edilərək Azərbaycanın bu əməlinin qəti şəkildə pislənilməsi ilə bağlı məsələ də əksini tapıb.
Eyni zamanda, müsəlman ölkələrinin bu məsələdən narazı qalacaqları qeyd olunur.
Aygün İbrahimli, Bizim.Media