İlham Əliyev BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktublarda 19 oktyabrda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.
Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.
Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.
Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Xatırladaq ki, BMT TŞ-da Azərbaycanın haqlı mövqeyini İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövləti dəstəkləmişdi.
Bizim.Media