Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialında fiziki şəxslərin iştirakı ilə əmək yarmarkası təşkil olunub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı filialın müdir müavini Namiq Bağıyev verib.
Onun sözlərinə görə, işsiz və işaxtaran şəxslərə müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib və 27 boş iş yerləri təqdim olunub.
“Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 100 nəfərdən çox vətəndaşla iş aparılıb, uyğun namizədlər bu əmək yarmarkasına cəlb edilib.
Təqdim olunan iş yerləri üzrə əməkhaqqıları yarımştat və tam ştat olmaqla müəyyən edilir. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərdən 16 nəfər növbəti mərhələyə dəvət olunublar” deyə N. Bağıyev əlavə edib.
Müdir müavini onu da əlavə edib ki, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı üzrə 2023-cü ilin əvvəlindən hal-hazırda olan dövrə 653 şəxs işlə təmin olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu