Məişət ZORAKILIĞI - Qadın polislərin və sosial işçilərin sayı artırılmalıdır - TƏKLİF

Məişət ZORAKILIĞI - Qadın polislərin və sosial işçilərin sayı artırılmalıdır - TƏKLİF

Hazırda oxunan: Məişət ZORAKILIĞI - Qadın polislərin və sosial işçilərin sayı artırılmalıdır - TƏKLİF

123657

Bu gün məişət zorakılğı bütün dünyada olduğu kimi, Azərbaycanda da qaçılmaz problemlərdən biridir. Bu halları tamamilə aradan qaldırmaq mümkün olmasa da, ona qarşı mübarizə üsullarını daha əlçatan, daha praktik etməklə nəticələrə nail olmaq olar.

Bu həll yollarından biri də məişət zorakılığından zərər çəkən şəxslərə və onların uşaqlarına xidmətlərin daimi yaşayış yerindən asılı olmayaraq dərhal göstərilməsi ilə bağlıdır.

Ekspertlər belə düşünür ki, bu sahədə ləngimə, xüsusilə qadın və uşaqların hüquqlarının bərpa olunmasında problemlər yaradır.

Bu cür problemlərin qarşısını almaq üçün isə Daxili İşlər Nazirliyinin yerli idarələrində qadın polislərin, inspektorların və ya sosial işçilərin sayının artırılmasına ehtiyac olduğu fikri irəli sürülür.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Əhməd Qəşəmoğlu bu məsələnin vacib olduğunu deyir: 

“Hər hansı bir yerdə məişət zorakılığı olanda tez-tez deyirlər ki, qadın niyə bunu vaxtında gedib sahə müvəkkilinə deməyib. Sahə müvəkkilləri kişi olanda problem yaranır. Ümumiyyətlə, Azərbaycanda evdə nəsə problem olan kimi gedib polisə xəbər vermək yaxşı qarşılanmır. Xüsusilə, polis kişi olanda qadın getməyə çəkinir. Çünki oradakı polislər də bu məsələlərə müdaxilə etmək üçün lazım olan səviyyədə hazır deyillər. Əksər hallarda qadınlara qarşı yüksək əxlaqi davranış nümayiş etdirmirlər. Qadın ehtiyat edir ki, gedəcəyi halda, polis ona qarşı hansısa kompliment deyəcək və ya telefon istəyəcək. Ona görə də sahə müvəkkillərinin qadın olmağı yaxşıdır. Amma bundan da vacibi sosial işçilərin olmağıdır. Ümumiyyətlə, xalqımızda polisə gedib dərdini danışmaq qəbul olunmayıb. Amma polis dairəsində sosial işçinin ciddi faəliyyəti olsa, o, lazım olan məsələ ilə bağlı polisə, ya müvafiq qurumlara məlumat verəcək”.

Sosioloq hesab edir ki, hər bir məhəllədə sosial işçilərin olması zamanın tələbidir və hökmən olmalıdır: 

“Bu məsələ məişət zorakılığının qarşısının alınmasında deyərdim ki, yeganə yoldur. Çünki çox təhlillər aparmışıq və bu nəticəyə gəlmişik”.

Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorundan Bizim.Media-ya bildirilib ki, yerlərdə qadın polislərin, inspektorların və ya sosial işçilərin sayının artırılmasına ehtiyac var və bunun üçün müəyyən işlər də görülür: 

“Son iki ildə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən 700-ə yaxın polis əməkdaşları və prokurorlar üçün “Məişət zorakılığı və risklərin qiymətləndirilməsi” mövzusunda kurslar təşkil olunub. Təlimatlar hazırlanıb və qurumlara göndərilib.

Həmçinin məişət zorakılığı qubanları ilə işləyən əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədi ilə hər il müvafiq qurumların əməkdaşları üçün təlimlər və dəyirmi masa ətrafında görüşlər keçirilir. 

Qeyd edək ki, 2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə Komitənin təşəbbüsü əsasında Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.

Monitorinq qruplarına yerli İcra Hakimiyyəti başçısının müavini sədrlik edir. Monitorinq qruplarının üzvləri yerli Təhsil şöbəsinin, Səhiyyə şöbəsinin, Polis şöbəsinin, Prokurorluğun, Əhalinin Sosial Müdafiə Mərkəzinin və rayon

Qeydiyyat şöbəsinin, yerliidarəetmənin, qeyri-hökümət təşkilatlarının, qeyri-dövlət və dövlət yardım mərkəzlərinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir.

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.
Eyni zamanda, məişət zorakılığı ilə bağlı müraciətlərin operativ şəkildə dəstək olmaq məqsədi ilə monitorinq qruplarının rəhbərlərindən ibarət vatsap qrupu yaradılıb. Yerlərdəvətəndaşa dərhal təhlükəsizliyini təmin etmək üçün qanunvericiliyə əsasən bütün tədbirlərin görülməsinə göstəriş verilir və nəzarətə alınır”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO