Sumqayıt hadisələrinə GEDƏN YOL – 36 il əvvəl Qafanda nə baş vermişdi?

Sumqayıt hadisələrinə GEDƏN YOL – 36 il əvvəl Qafanda nə baş vermişdi?

Hazırda oxunan: Sumqayıt hadisələrinə GEDƏN YOL – 36 il əvvəl Qafanda nə baş vermişdi?

122963

Bu gün Sumqayıt hadisələrinin baş verməsindən 35 il keçir. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə baş verən olaylar ermənilər azərbaycanlıların Ermənistandan deportasiyasına başlamaq üçün bəhanə kimi istifadə etdilər. Bu günə qədər də erməni siyasilər etnik münaqişənin günahkarı kimi azərbaycanlıları, səbəb kimi isə Sumqayıt hadisələrini göstərirlər.

Lakin vəziyyət heç də ermənilərin iddia etdiyi kimi deyil. Çünki Ermənistanda azərbaycanlıların etnik təmizlənməsi Sumqayıt hadisələrindən 4 ay əvvəl Qafanda start verilmişdi.

Bizim.Media əksəriyyət tərəfindən bilinməyən Qafan hadisələrini araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt hadisələrindən 35 il ötür – FOTO


Deportasiyaya gedən yol

Əvvəla onu qeyd edək ki, ermənilər arasında azərbaycanlılara qarşı gizli nifrət hələ 1985-ci ildən ideoloji olaraq üzə vurmağa başlamışdı. Həmin ilin noyabrında DQMV-nin Ermənistana birləşdirilməsi uğrunda mübarizə aparmaq üçün Hadrutda gizli cəmiyyət də təşkil edilmişdi. Onlar 1985-ci ilin dekabrında Hadrutda yaşayan əhalidən Ermənistan SSR-ə birləşmək üçün imza toplamaq istəsələr də sadəcə 250 nəfərdən özlərinə dəstək tapa bildilər.

Lakin ermənilərin “miatsum” ideyası zəifləmədi, əksinə günbəgün gücləndi. Həmin ilin oktyabrından başlayaraq gərginlik açıq şəkildə özünü göstərməyə başladı. İlk olaraq Şəmkirin əksərən ermənilərin yaşadığı Çardaqlı kəndində başlayan aksiyada “miatsum” çağırışları səslənməyə başladı. Bu Qafan hadisələrinin başlanmasına gedən yolu açdı...

Qafan hadisələri

Çardaqlı mitinqindən sonra Ermənistanda vəziyyət tamamilə dəyişdi. Millətçilərin cəmiyyətin bütün sferasında dəstəklənməsi ilə ölkədə yaşayan azərbaycanlılar əsas hədəfə çevrildilər. İlk növbədə isə Qafan rayonu hədəf seçildi. Çünki Qafan rayonunda azərbaycanlılar sayca ermənilərdən xeyli çox idi. Hələ 1979-cu ilin siyahıyaalmasında rayon əhalisinin 56%-nin azərbaycanlılardan ibarət olduğu qeyd olunurdu. 

1987-ci ilin noyabrından etibarən rayonun azərbaycanlı əhalisinə qarşı siyasi təzyiqlər və sistematik hücumlar başladı. Ermənilər azərbaycanlıların evlərini tərk etmələrini tələb edir, əks təqdirdə öldürüləcəkləri ilə hədələyirdilər. 

Britaniyalı jurnalist Tomas de Valın yazdıqlarından belə aydın olur ki, ermənilər azərbaycanlıların evlərindən əşyalarını belə götürmələrinə imkan verməyiblər. Bu səbəbdən Bakıya gələn qaçqınlara yerli sakinlər yarım edib, onların geyim və yaşayış yeri ilə təmin olunmalarına yardım ediblər. 

Qafandan azərbaycanlıların çıxarılmasını öz gözü ilə görənlərdən biri də rusiyalı yazar, tarixçi Aleksandr Proxanov idi. O, 2008-ci ildə nəşr edilən “Təpə” adlı romanında hadisələri belə təsvir edib: 

“Ermənilər tərəfindən qovulmuş azərbaycanlıların Qafanı necə qarlı aşırımla, soyuq küləkdə donaraq çıxdıqlarını gördüm. Onlar arasında körpə uşaqlı qadınlar, dəyənəklərə söykənərək hərəkət edən yaşlı adamlar var idi.”

Qafandakı azərbaycanlıların sıxışdırılması ilkin dövrdə 200 nəfərin regionu tərk etməsi ilə nəticələndi. 

Etnik münaqişə planının növbəti mərhələsi

1988-ci ilin yanvarında Ermənistan vəziyyət daha da gərginləşdi. Azərbaycanlılara qarşı açıq şəkildə təzyiqlərdən sonra ikinci qaçqın dalğası formalaşdı. Yenə də Qafan əsas hədəfdə idi. Mənbələrin məlumatına görə, yanvar hadisələrində 4 minə yaxın azərbaycanlı rayondan deportasiya edilib. Sistematik hücumlar nəticəsində həyatını itirən azərbaycanlıların sayı isə 7-ə bərabər idi. 

Qafandan gələn qaçqınların bir çoxu Sumqayıt yaxınlığında, Saray, Fatmayı və Mehdiabad kəndlərində yerləşdirildi. 

Həmin dövrdə Bakı Şəhər Partiya Komitəsinin katibi Fuad Musayev həmin hadisələri belə xatırlayır: 

“Qaçqınların gəlişi ilə bağlı məlumat veriləndə birbaşa şəhər komitəsinə getdim. Şəhər komitəsinin əməkdaşları mənə bildirdilər ki, bu yaxınlarda Bakıya Ermənistanın Qafan rayonundan qaçqınları daşıyan bir neçə avtobus gəlib. İnsanlar dəhşətli vəziyyətdə idi, əksəriyyəti döyülmüşdü. Təxribatlara yol verməmək üçün şəhərin girişini bağlamaq qərarına gəldim. Artıq fevralın 21-də səhər saatlarında mən əmr verdim ki, Qafan qaçqınları Bakıdan çıxarılsın. Onlar Mehdiabad kəndində gecələdilər. Təbii ki, Qafandan olan qaçqınlar bu qərarıma qəzəblənsələr də, yenə də avtobuslara minib Abşeron rayonu ərazisinə getdilər”.

Lakin onların bir hissəsi daha sonra qohumlarının yaşadığı Sumqayıta yönləndirildi. Fevralın ortalarından etibarən isə Sumqayıtda kimliyi bəlli olmayan təxribatçılar azərbaycanlılar tərəfindən ermənilərə qarşı təxribatların törədiləcəyi ilə bağlı xəbərlər yaydılar. Bir neçə gün sonra isə Eduard Qriqoryanın təşkilatçılığı isə Sumqayıtda məlum təxribatlar törədildi...

Proxanovun Qafan hadisələri ilə bağlı dedikləri isə baş verənlərin tarixin seyrinə necə böyük təsir etdiyini görmək üçün yetərlidir:

“Qarabağ hadisələri Sumqayıtdan deyil, Qafandan başladı. Çünki Sumqayıt hadisələrinin özü də Qafan hadisələrinin nəticəsi idi...”.

Qeyd edək ki, 35 ildən çox zaman keçməsinə baxmayaraq Qafan hadisələri istər siyasi, istərsə də hüquqi baxımdan beynəlxalq ictimaiyyət tərəfindən diqqətdən kənarda qalıb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO