“Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Azərbaycan onilliklər ərzində ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir".
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın İsrailin "i24NEWS" kanalına Qafqazdakı vəziyyət, antisemitizm, Azərbaycan və İsrail münasibətləri haqqında verdiyi müsahibədə yer alıb.
Onun sözlərinə görə, Azərbaycanda anti-semitizmin olmaması hər kəsin inanclarına və mənşəyinə hörmət edən dərin dünyəvi dövlət modelinin gücünü sübut edir.
“Azərbaycanın Fransadakı səfiri kimi yeni vəzifəsinin icrasına başlamaq üçün dörd ay əvvəl Parisə gələn Leyla Abdulayeva ilk televiziya çıxışı üçün "i24NEWS" kanalını seçib. Ermənistanla sülh müqaviləsi, İsraillə münasibətlər, İran... və s. bu kimi mövzular ətrafında xanım diplomat Jan-Şarl Banunun suallarını telekanalın "Prime" proqramında cavablandırıb”, - deyə məqalədə bildirilib.
Məqalədə xatırladılıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da Qarabağ üzrə sülh müqaviləsi layihəsini Azərbaycana təhvil verdiyini açıqlayıb və bu mətni qarşı tərəf üçün “məqbul” hesab edib.
"Son günlərdə Ermənistan və Azərbaycan arasında dörd aydan sonra təmasların bərpası müşahidə olunur, iki ölkənin liderləri ABŞ-ın dövlət katibi Antoni Blinkenin iştirakı ilə təhlükəsizlik üzrə Münhen konfransında bir araya gəldilər (görüşdülər). Biz dialoqun bərpasını alqışlayırıq, bu, region üçün davamlı sülhə nail olmağın yeganə yoludur”, - deyə məqalədə Leyla Abdulayevanın bu barədə münasibət bildirməsinə istinadən vurğulanıb.
Həmçinin vurğulanıb ki, Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı sualı cavablandıran Leyla Abdullayeva Qüdslə Bakı arasında "onilliklər boyu davam edən" dostluq əlaqələrini də ön plana çəkib.
"Ötən il biz ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd etdik, bizim sıx və tarixi əlaqələrimiz var və səfirliyin açılması ikitərəfli münasibətlərin daha da inkişafında mühüm rol oynayacaq", - deyə diplomat vurğulayıb.