Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akarın Azərbaycan Ordusunun Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.
Bizim.Media xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailə üzvləri ilə görüşərək məktubu çatdırıb.
Şəhidin məzarını ziyarət edilərək önünə Müdafiə Nazirliyi adından çələng qoyulub.
Şəhidin ailə üzvləri qonaqları səmimiyyətlə qarşılayıblar. İgid tankçının şəxsi əşyaları, təltifləri və ona təqdim edilmiş qiymətli hədiyyələrin saxlandığı xatirə guşəsi önündə şəhidin qısa, ancaq şərəfli ömür yolu bir daha xatırlanıb, Vətənə belə igid oğul tərbiyə etdiklərinə görə valideynlərə minnətdarlıq edilib.
Məlumat verilib ki, zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından əsgər çəkməsi geyinərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb.
Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib.
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub, komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Şəhidin ailə üzvlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayan polkovnik A.Qurbani ötən il dekabrın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” adlı tədbir barədə danışaraq qeyd edib ki, həmin tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Türkiyə-Azərbaycan birgə təlimlərinə həsr olunmuş fotosərgidə böyük Azərbaycan sevdalısı nazir Hulusi Akarın baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu tablo qarşısında onun Vətən müharibəsində Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum.
Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq, üç gün sonra şəhid olması xəbəri Türkiyənin Milli Müdafiə nazirini, eləcə də sərgi izləyicilərini son dərəcə kədərləndirib.
Türkiyəyə qayıtdıqdan sonra Hulusi Akar Məmiyevlər ailəsinə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Şəhid baş leytenant Valeh Məmiyevin hörmətli ailəsinə.
Əziz, qiymətli Məmiyevlər ailəsi,
Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük dastana dönən mübarizədə ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizləri dərindən üzdü.
Baş leytenant Valeh Vətən torpağının işğaldan qurtarılacağına dair verdiyi sözü tutmuş və Qubadlı rayonuna bağlı yaşayış məntəqələrinin qurtarılmasından sonra şəhadət məqamına ucalmışdır.
Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq. Onların əziz xatirələri sonsuza qədər qəlbimizdə yaşayacaq.
“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın kədəri də sevinci də birdir. Sizlərin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanları ilə sonunadək Azərbaycan Türkü qardaşlarımızın yanında olmaqda davam edəcək".
"Şəxsən və Milli Müdafiə Nazirliyinin əməkdaşları adından acınızı ürəkdən paylaşır, əziz şəhidlərimizə Allahdan rəhmət, siz dəyərli ailəsinə səbir diləyir, başsağlığı verirəm.
Münasib bir vaxtda əziz şəhidimizin hörmətli ailəsi olan Sizləri Türkiyədə qarşılamaqdan məmnun olaram.
"Salam və ehtiramlarımla, Hulusi Akar”.
Bizim.Media