Xəbər verdiyimiz kimi, yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfərin öldüyü, 973 sakinin isə xəsarət aldığı bildirilir. Zəlzələ zonasında on minlərlə azərbaycanlı soyuq hava şəraitində çöldə qalmaq və gecələmək məcburiyyətində qalıb.
Rəsmi məlumatlara görə, Azərbaycan türklərinin sıx yaşadığı bölgədə olay nəticəsində 1500 ev dağılıb.
Lakin hadisədən keçən bu müddət ərzində Tehran hökuməti hələ də zəlzələdən əziyyət çəkən bölgələrə hər hansı real yardım əlini uzatmayıb. Bu azmış kimi, zəlzələdən zərərçəkənlərə yardım etməyən rejim başqalarına, hətta qonşu ölkələrə də kömək etməyə imkan vermir.
Tehran səfirliyinə hücumla bağlı iki ölkə arasında böhran yaşanmasına baxmayaraq, Azərbaycan böyük humanistlik göstərərək İrana yardım təklif edib. Lakin İran rejimi Azərbaycanın yardım təklifini qəbul etməyib.
Nə özləri zərərçəkənlərə real dəstək olur, nə də başqalarının bu yöndə addımlarını qəbul edirlər.
Bu azmış kimi, Tehran Xoyu blokadada saxlayır. Belədə Xoy sakinlərinin vəziyyəti daha da pisləşməkdə davam edir. Dünya isə buna göz yumur.
Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Tehranın zəlzələdən ziyan çəkən Xoy sakinlərinə ögey münasibət sərgiləməsinə dünyanın susmasını siyasi amillərlə əlaqələndirib:
“Tehran ölkənin fars əyalətində belə bir hadisə olsaydı, tamam fərqli davranardı. Xoy əyalətində isə azərbaycanlılara qarşı ciddi diskriminasiya siyasəti var. Belə hallarda fars rejimi dağıntının kifayət qədər çox olmasında maraqlıdır ki, azərbaycanlılar oradan köçsünlər. Yəni rejim təbii fəlakət hadisəsindən də dərhal azərbaycanlılar əleyhinə faydalanmağa çalışır. İranın bu sayaq münasibətini keçən əsrin 90-cı illərində İranın Zəncan şəhərində olan zəlzələ zamanı yaşamışam.
Milli Məclisin üzvü olaraq Naxçıvandan həmin şəhərə yardım kampaniyasına rəhbərlik etmişəm. Amma bizi zəlzələ bölgəsinə buraxmaq istəmədilər. İnsanlar acından sussuzluqdan ölürdülər. Bu olay da göstərir ki, farslar orada Azərbaycan insanına yardım göstərməkdə maraqlı deyillər. Azərbaycan və Türkiyə Xoya yardım etmək istədi, ancaq Tehran etiraz etdi. Məqsəd odur ki, Anadolu türkü Güney Azərbaycan türkü ilə təmasda olmasın. Belədə, Xoy şəhərində zəlzələdən ziyan çəkən insanlara Tehran nə özü kömək edir, nə də başqalarının dəstəyinə imkan yaradır.
Dünya isə bu məsələdən də siyasi oyun baxımından İrana qarşı yararlanmaq istəyir. Onlar İran rejiminin dağılmasını istəyir.
Əlbəttə ki, İran rejimi getməlidir. Amma Qərb bunu da insanların taleyi üzərindən edir. Qərb üçün başqa ölkələrdə yaşayan insalnarın taleyi o qədər də önəm kəsb etmir. Onlar üçün əsas məsələ odur ki, nə olursa-olsun təki İran gözdən düşsün. Ortada azərbaycan insanının məhv olmasına isə göz yumurlar. Söhbət türkə olan münasibətdən gedir. Ona görə də qurtuluşumuz Güney Azərbaycanın istiqlal savaşının aparılmasından keçir. Başqa yol yoxdur”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 09.02.2023
Qərb və İran zəlzələ qurbanlarına niyə divan tutur?
Hazırda oxunan: Qərb və İran zəlzələ qurbanlarına niyə divan tutur?
Hazırda oxunan: Qərb və İran zəlzələ qurbanlarına niyə divan tutur?
119455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.