Media reyestrindən QORXUYA DÜŞƏNLƏR – Onları “bizneslərinin” pozulması narahat edir, yoxsa...

Media reyestrindən QORXUYA DÜŞƏNLƏR – Onları “bizneslərinin” pozulması narahat edir, yoxsa...

Hazırda oxunan: Media reyestrindən QORXUYA DÜŞƏNLƏR – Onları “bizneslərinin” pozulması narahat edir, yoxsa...

118101

Məlum olduğu kimi, 2021-ci il dekabrın 30-da “Media haqqında” yeni qanun qüvvəyə minib. Qanunun müvafiq tələblərinə uyğun olaraq, ötən ilin oktyabrından etibarən media subyektlərinin və jurnalistlərin 6 ay müddətində reyestrdən keçməsi tələb olunur. 

MEDİA-nın kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın sözlərinə görə, 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.

Məsələnin gündəmə gəlməsindən sonra ölkəmizdə fəaliyyət göstərən bütün ciddi mətbu orqanlar bu istiqamətdə aktiv çalışmalara başlayıblar. Qanunauyğun formada, jurnalistikanın prinsiplərinə uyğun xəbər siyasəti aparan bütün ciddi media subyektləri reyestrin olmasını müsbət hesab edirlər. Çünki bu yolla yaxşını yamandan, qurunu yaşdan ayırmağın mümkün olacağına inanırlar.

Bəs, hay-küyə səbəb nədir?

Elə bu səbəbdəndir ki, son günlərdə vəziyyətdən narahat olanlar əl-ayağa düşüblər. Görünür, media reyestri üçün ayrılan vaxtın daralması onların daha aktiv formada əks-təbliğata, qara PR kampaniyasına başlamasına səbəb olub.

Hələ yeni qanunun qəbul olunduğu vaxtdan etibarən, jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəsə bəlli idi ki, jurnalistlərin reyestrə düşməsi könüllü, media subyektinin reyestrdən keçməsi isə məcburidir.

Digər tərəfdən, media reyestrindən keçmək məsələsi gündəmə gələndən etibarən, bütün tələblər MEDİA tərəfindən açıq şəkildə ifadə olunurdu. İnsafən qeyd edək ki, reyestrdən keçmə qaydaları, lazımi tələblərlə bağlı maarifləndirici videoçarxlar aktiv şəkildə televiziya kanallarında nümayiş olunur, MEDİA agentliyi tərəfindən bütün suallar cavablandırılır.

Və öz peşəsinə məsuliyyətlə yanaşan, qanunlara və işinə hörmət edən bütün media qurumları və çalışanları reyestrdən keçmək üçün müvafiq tələbləri yerinə yetirməyə çalışırlar.

Əksər ciddi media resursları elə ilk həftələrdən reyestrdən keçmək üçün aktiv çalışmalara başladılar. Çünki sözün əsl mənasında jurnalistika ilə məşğul olan hər kəs dövlətin qanunlarına hörmət etməli olduğunu bilir və onların fəaliyyətlərinin şəffaflığına dair şübhələri yoxdur.

Dərk etməyənlərinsə...

Bundan sonra dərk edəcəklərini gözləmək çətindir. Çünki bir ildən çoxdur qəbul olunan qanundan söhbət gedir. Reyestrin əhəmiyyətini anlamayan, anlamaq istəməyənlərdən isə başqa formada davranış gözləmək də yanlış olardı.

Nəticə budur ki, son günlərdə “icazəli media istəmirik” şüarını əldə bayraq edən bir qrup “jurnalist” əl-ayağa düşüb. Söhbət jurnalistikanı sosial şəbəkələrdə statuslar yazmaqla qarışıq salıb, işinin peşəkarlarını da gözdən salan kəsimdən gedir.

Hansılar ki, üzdə xəbər portalı adı altında fəaliyyət göstərib, əslində kimlərinsə şəxsi maraqlarına xidmət edirlər. Məsuliyyətsiz şəkildə, qərəzli yazılar tirajlayan bu tip saytların əsas məqsədinin nə olduğu da bəllidir: ondan-bundan şantaj yolu ilə 5-10 manat pul qoparıb, ciblərini doldurmaq.

Məlum tələblə çıxış edənlərin gördükləri işə baxmaq onların “reket”liklə məşğul olduğunu görmək üçün yetir. Onların iş strukturu bir-birinə olduqca bənzərdir.

Qısaca izah edək:

Bu tip “media subyektləri” adətən iki-üç işçidən ibarətdir ki, adətən onlardan biri özünü “baş redaktor”, “sayt rəhbəri” kimi qələmə verməklə məşğul olur. Digər bir ya iki “jurnalist”in işi isə digər resurslardan xəbər kopyalamaqdan ibarətdir. Bu yolla xəbər portalı imici formalaşdırılır. İşin əsli isə başqadır. Bu cür fəaliyyət göstərənlər adətən nüfuzlu şəxslər və ya dövlət qurumlarını hədəf alan, heç bir mənbəsi və əsası olmayan, ələxsus da, qərəzli cızma-qaralar yayımlayırlar. 

Sözügedən variantla hədəf aldıqları şəxslərdən pul qoparmağa, bununla varlıqlarını sürdürməyə çalışır, yeni “ov” axtarışına çıxırlar. Yəni, reketlik edirlər.

Nəticə isə ən çox əsl jurnalistlərin imicinə xələl gəlir, cəmiyyətin gözündə mətbuatın nüfuzuna zərbə vurulur. Ən azından qısaca araşdırma aparmaq yetərlidir ki, reyestrdən keçməməkdə israrlı olan saytlar içərisində bir dənə də olsun ciddi media subyekti olmadığını görək.

Bu hay-küydən nə hasil olur?

Əsl jurnalistlərin ikrahından başqa heç nə. Və diqqət çəkən bir neçə məqam da var.
Xüsusən də, söhbət indi “Media haqqında” qanuna və reyestr qaydalarına qarşı kampaniyada canfəşanlıq edənlərin kimliyindən, hansı məzhəbə qulluq etdiklərindən gedir.

Ənənəvi olaraq Azərbaycanın beynəlxalq imicini korlamaq üçün qarayaxma kampaniyalarının təşkilini özünə peşə seçmiş şəxslərin və məlum şəbəkə yenə də səhnədədir.

Hər zamankı kimi, dövləti gözdən salmaqla üç-beş manat qrant qoparmağa çalışanlar da “reket”lərə bir bayraq, şüar altında birləşiblər. Bu cəbhəyə özlərini ağızdolusu “media eksperti” adlandıranlar da qoşulublar.

Yəni, onların “mübarizəsi” azad mətbuat təəssübkeşliyindən irəli gəlmir. Tək istəkləri narazılıq ab-havası yaradıb, hansı yolla qazandıqları bəlli olan gəlirlərini qorumaqdır.
Nə deyək, 5-10 manat çırpışdırmaq üçün jurnalistikanı ləkələyənlərin tamaşasını izləyirik. Amma az qalıb, reyestrə qeydiyyat bitəndən sonra bu tamaşa bitəcək, əsl jurnalistlər öz işlərilə məşğul olmağa davam edəcəklər. Reketlər isə özlərinə yeni peşə tapmağa məcbur olacaqlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO