Xəbər verdiyimiz kimi, yanvarın 19-20-də Aşqabadda Rusiya-Türkmənistan biznes forumu keçirilir. Tədbirin keçirilməsi ilə bağlı razılıq 2022-ci ilin dekabrında Moskvada İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Rusiya-Türkmən Komissiyasının iclası çərçivəsində əldə olunub. Forum Rusiya və Türkmənistan arasında ticarət-iqtisadi və sənaye əməkdaşlığının dərinləşdirilməsi məqsədilə baş tutur. Forumda Rusiya tərəfdən baş nazir Mixail Mişustin, 300-dən çox iş adamı və təşkilatın nümayəndəsi iştirak edir.
Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq məsləhətinin (Türkmənistan parlamentinin yuxarı palatası) sədri Qurbanqulu Berdiməhəmmədov Mixail Mişustini qəbul edib.
Bununla bağlı yayılan videoda bir məqam diqqətdən kənarda qalmayıb. Belə ki, Qurbanqulu Berdiməhəmmədov rusiyalı siyasətçini görüş otağına dəvət edərkən burada Putinin Kremldəki uzun masasına bənzər masa görünüb.
Belə çıxır ki, Berdiməhəmmədovun Putinin uzun masasından xoşu gəlib və kabineti üçün eyni masanı sifariş edib.
Bizim.Media