Qubad İbadoğlunun partiyasında PARÇALANMA – “Başını aşağı sal, qrantını al”

Qubad İbadoğlunun partiyasında PARÇALANMA – “Başını aşağı sal, qrantını al”

Hazırda oxunan: Qubad İbadoğlunun partiyasında PARÇALANMA – “Başını aşağı sal, qrantını al”

115654

Son günlərdə iqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyası daxilindəki böhran vəziyyəti daha çox hiss olunmağa başlayıb. Partiya üzvlərinin qarşılıqlı ittihamları, sərt tənqidlər partiyanın parçalanma ərəfəsində olduğunu deməyə əsas verir.

Əvvəla onu qeyd edək ki, partiya uzun müddət ADR Hərəkatı adı ilə fəaliyyət göstərib.

Hərəkatın yaranma tarixçəsi də maraqlıdır. Belə ki, 2014-cü ildə Müsavat Partiyasında başqanlıq uğrunda Arif Hacılı və Qubad İbadoğlu rəqabət aparırdı.
Qubad İbadoğlunun partiyadaxili seçkilərdəki məğlubiyyəti Müsavatı parçalanmanın eşiyinə gətirdi və 2015-ci il fevralın 6-da Q.İbadoğlunun partiyadan çıxarılması məsələsi təsdiqləndi.

6 ilə yaxın Hərəkat formasında siyasi arenada təmsil olunan ADR-in 2021-ci ildə təsis qurultayı keçirildi. Lakin Partiya Ədliyyə Nazirliyi tərəfindən övlət qeydiyyatına alınmadı.

Elə həmin vaxtdan etibarən partiya daxilində narazılıq səsləri eşidilməyə başlandı. Partiyanın aparıcı üzvlərindən olan Səxavət Əlisoy noyabrın 2-də sosial şəbəkə hesabında Qubad İbadoğlunu tənqid atəşinə tutub:

“Sən, Qubad İbadoğlu, heçmı xəcalət çəkmirsən, yazdıqlarından? Bir də bax yazdıqlarına. Bu idarəçilik üsulunun adı nədir? Nə qədər qəzetə, sayta zəng etsən də, hərəkətinin üstünü örtə bilməzsən. Sözümü deyəcəm, susacaqsan. Susacaqsan, ona görə yox ki cavab verməyi özünə rəva bilmirsən. Ona görə ki, etdiyin hərəkətin adı yüzdəyüz namərdlikdir”.

Bundan əlavə, S.Əlisoy partiyanın “Whatsapp” qrupundakı yazışmaları paylaşaraq, İbadoğlunu qrant almaqda ittiham edib:

“Başını aşağı sal, qrantını al! Ortaq dostlarımız var. Fikir bildirməyə cəsarəti çatmayanlar oxusun və vicdanı qarşısında kimin haqlı, kimin də haqsız olduğuna cavab versinlər”.

Həmin vaxtdan etibarən başlayan narazılıqlar, 2023-cü ilin əvvəlində yenidən açıq formada görülməyə başlandı. Yanvarın 12-də isə Q.İbadoğlu ADR fəaliyyətinin Hərəkat olaraq davam etdiriləcəyini açıqlamaqla, faktiki olaraq, partiyanın buraxıldığını elan etdi.

Yanvarın 16-da ADR İdarə Heyətinin üzvü, professor Adil Qeybullanın partiyanın fəallarından olan Efik Muradlının ölümü ilə bağlı yazdığı nekroloqda bildirdiyi fikirlər parçalanma ilə bağlı söz-söhbətləri daha da gücləndirdi. A.Qeybulla ADR İH-nin bir sıra üzvlərinin imzasını nekroloqda qeyd etsə də, İbadoğlu bu siyahıda olmayıb.

Eyni zamanda həkimin yazdığı bu fikirlərin də ADR sədrinin ünvanına yönəldiyini görmək elə də çətin deyil:

“Məlum hərəkat-partiya arxipelaqında replikasiya və klonlaşma xətti tutanlar bir incə məqamda yanılırlar. Düşünsünlər, özlərini yenidən dəyərləndirsinlər. Göyə dikəlmiş barmaqlara digər anatomik “pozision” da təklif etmək imkanımız var”.

Səxavət Əlisoyun yanvarın 17-də “facebook” hesabından yazdıqları isə partiyadaxili durumu daha aydın şəkildə gözlər önünə sərib:

“Professor Adil Qeybullanın iki gün əvvəl paylaşdığı nekroloq ADR partiyasının artıq ikiyə bölündüyünü göstərir. 12 Yanvarda Londonda sərəncam imzalayan sədr ADR Partiyası İH-ni buraxdı. ADR Hərəkatı yenidən gündəmdə. ADR Hərəkatı yaranandan bəri 5 İH üzvü istefa verib. İH-in 4 üzvüisə dünyasını dəyişib. Yerdə qalan 7 təsisçi faktiki olaraq iki cəbhəyə bölünüb.
Adil Qeybulla bir tərəfdə, "dünyaca ünlü" iqtisadçı Qubad İbadoğlu o biri tərəfdə dayanıb.

Bu durumdan nə hasil olur?

Hasil olan odur ki, professor Adil Qeybulla və tərəfdarları təsisçilərin toplantısını çağırmalıdır. Açıq seçki ilə ya, Hərəkata sədr seçilməli, ya da, Hərəkat özünü buraxmalıdır. Azlıqda olan tərəf çoxluğa tabe olmalıdır. Demokratiya bunu diqtə edir”.

Qeyd edək ki, ADR sədri partiyadaxili parçalanma ilə bağlı hələlik hər hansı açıqlama verməyib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO