Qardaşını və həyat yoldaşını itirən şəhid xanımı: “Ölümündən əvvəl halallıq istədi”

Qardaşını və həyat yoldaşını itirən şəhid xanımı: “Ölümündən əvvəl halallıq istədi”

Hazırda oxunan: Qardaşını və həyat yoldaşını itirən şəhid xanımı: “Ölümündən əvvəl halallıq istədi”

11548

“Yoldaşım tez-tez “Vatsapp” statuslarında Polad Həşimovun “biz dünyadan köçər olduq, qalanlara salam olsun” videosunu paylaşırdı. Yoldaşımdan “sən tez-tez bu videonu niyə paylaşırsan” deyə soruşurdum. “Vaxt gələcək, məni anlayacaqsan” deyirdi. Hiss etmişdim ki, o, şəhid olacaq”.

Bunu Bizim.Media-ya şəhid Naiq Ələkbərovun həyat yoldaşı, Şamaxı rayonunun Bağırlı kənd sakini Əfsanə Ələkbərova deyib. II Qarabağ savaşında həm yoldaşını, həm də qardaşını itirən Əfsanə Ələkbərova hər iki şəhidilə qürurlanır.

 

MÖVZU İLƏ BAĞLI:

Şəhidin dəfnindən əvvəl qurban kəsildi - VİDEO


Naiq Ələkbərov 1994- cü ildə şamaxının Bağırlı kəndində doğulub. 2011-ci ildə Faiq Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbi bitirib. Hərbi xidmətini Füzulidə keçib. Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb və noyabrın 8-də şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

“Fəxr edirəm ki, iki şəhidim var. Bu ucalıq hər insana nəsib olmur. Tək qardaşım və həyat yoldaşımın xatirələri ilə yaşayıram. Hər ikisi Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Onların qəlbində qorxu deyilən bir şey yox idi. Ürəkləri yalnız vətən üçün döyünürdü. Qardaşımın övladları yoxdur.

Allah nəsib etmədi. Övladlarıma onların müharibədəki qəhrəmanlıqlarından danışıram. Naiq çox mehriban, qayğıkeş və vətənsevər biri idi. Övladlarına da hər zaman vətənin qorunmasından danışırdı.

 

Aprel döyüşlərinə gedəndə xəbərim yox idi. Sonradan eşitdim ki, yoldaşım oradadır və çox qürurlandım. Ayağından yaralandığını heç kimə deməmişdi”-deyə Əfsanə Ələkbərova qeyd edib. 


Övladlarına atasızlıqlarını hiss etdirməməyə çalışdığını deyir:

“Yoldaşım hər zaman mənə “başını dik tut” deyirdi. Getdikcə dərk edirəm ki, Naiq ölməyib, hər zaman yaşayır və yanımızdadır. Bilirəm ki, onun övladları da onunla qürur duyacaq. Əlbəttə ki, onsuz yaşamaq çox çətindir. Uşaqlara atasızlıqlarını hiss etdirməməyə çalışıram.

Amma “atam harda qaldı” deyə hər gün suallara cavab verməkdə çətinlik çəkirəm. “Atanız yaxşı yerdədir, cənnətdədir və bizi görür”deyə cavab verirəm. Yoldaşımla qardaşımın hər yerdə xatirələri var.”

Naiq Ələkbərov ölümündən əvvəl yoldaşından halallıq istəyib, övladlarını Əfsanəyə əmanət edib:

“Noyabrın 6-sı oğlumun doğum günü idi. Ayın 1-i yoldaşım zəng etdi və oğlumla danışanda “qismət olsa, ata gələcək” deyə vəd verdi. Sonra məndən hallallıq istədi. Dedi, hiss edirəm ki, şəhidlik zirvəsinə ucalacağam. Uşaqlara “mən baxdığım kimi bax, onlara təhsil ver və hər zaman atalarından danış” dedi. Allah nəsib etsə, Naiqin dediklərini edəcəyəm. Bilirəm ki, ruhu hər zaman bizlədir. Çox şükürlər olsun ki, yoldaşımın əmanətləri var”. 

Əfsanə Ələkbərova bütün şəhid xanımlarına müraciət edərək, qürurlu dayanmalarını və şəhidlərin əmanətlərinə sahib çıxmalarını tövsiyə edib:

Şəhidin atası Faiq Ələkbərov Şamaxı rayon Faiq Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində müəllim işləyir. O, da oğlu kimi I Qarabağ savaşında qəhrəmancasına iştirak edib:

 

“O dövr üçün o qədər də nizamlı ordumuz yox idi. Amma vətən uğrunda son damla qanımıza qədər döyüşürdük. Oğlumu milli vətənpərvər ruhda böyütmüşəm. Müharibəyə də göndərəndə öz tövsiyələrimi verdim".


Dedim bayrağımızı, xalqımızı hər yerdə uca tut. Şükür arzum ürəyimdə qalmadı və oğlum vətənin şərəfli yolunda başımızı uca etdi”.

Faiq Ələkbərov şəhid İlkin Zülfüqarovun da döyüş yolundan danışıb. O, deyib ki, ən ağır zərbə gəlininə dəyib. Vətən savaşında həm yoldaşını, həm də qardaşını itirib:

“Oğlumun qaynı istehkamçı olub. Yaxşı göstəriciləri var. Birinci İlkin şəhid olubmuş, amma heç kim bilmirdi. Noyabrın 8-i isə oğlum şəhid oldu. Sən demə oğlum qaynının şəhid olduğunu bilirdi. Onlar başımızı ucalara qaldırdı. Elə bilirdim ki, Naiqə heç nə olmayacq. Amma qürurlanıram. Sadəcə üç körpə balasının üzünə baxa bilmirəm”.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Naiq Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Həmçinin Naiq Ələkbərov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Şəhidimiz ölümündən əvvəl  "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi"  və  "Azərbaycan Ordusunun 100 illiyi" müdalları ilə də təltif edilib. 

Alçina Amilqızı, Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO