Azərbaycanlılar ərzağa niyə bu qədər çox pul xərcləyir? – “YEYİB-İÇƏN” xalqıq yoxsa...

Azərbaycanlılar ərzağa niyə bu qədər çox pul xərcləyir? – “YEYİB-İÇƏN” xalqıq yoxsa...

Hazırda oxunan: Azərbaycanlılar ərzağa niyə bu qədər çox pul xərcləyir? – “YEYİB-İÇƏN” xalqıq yoxsa...

115420

Dövlət Statistika Komitəsinin 2022-ci illə bağlı açıqladığı göstəricilərə əsasən, ölkə əhalisinin gəlirlərinin 51,6 faizi ərzaq məhsullarına xərclənib. 

Digər tərəfdən, 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz artıb.

Bəs, ərzaq xərclərinin bu qədər çox olmasının başlıca səbəbləri hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ərzaq xərclərinin gəlirlərə nisbəti ilə bağlı dünyada qəbul edilmiş indikator mövcuddur:

“İnkişaf etmiş ölkələrdə bu nisbət 12-20 faiz arasında dəyişir. 20 faizdən yuxarı hədd isə artıq kasıblıq kimi dəyərləndirilə bilər. Azərbaycanda maaşlar aşağı, ərzaq qiymətləri isə yüksəkdir. Bu da əhalinin gəlirlərinin böyük hissəsinin ərzaq məhsullarına xərclənməsinə gətirib çıxarır”.

Ekspert problemin çözüm yolları ilə bağlı da fikirlərini bölüşüb:

“İlk növbədə insanların gəlirlərinin artırılması yönündə addımlar atılmalıdır. Burada söhbət minimum təqaüd və əmək haqlarının artırılmasından getmir. Əsas məsələ biznes şəraitinin yaxşılaşdırılmasından gedir ki, insanlar özəl sektorda pul qazanmağa başlayıb, daha çox gəlir əldə etsinlər. Azərbaycanda üst-üstə toplasaq, az qala 4 milyona yaxın vətəndaş bu və ya digər formada büdcədən asılıdır. Təqaüdçüləri, muzdla çalışanları və müxtəlif növ sosial müavinətlər alan 1,9 milyon insanı nəzərə alsaq, bunu görə bilərik.

Onların da ödənişləri aşağıdır. Buna görə də dövlət həmin şəxslərin gəlirlərini artırmaq üçün addımlar atmalıdır. Lakin prioritet vətəndaşların özlərinin pul qazanmasına yönəlməlidir. Sadə dillə desək, 500 manat maaş alan şəxs ərzağa xərcləyirsə, 1000 manat gəliri olanların da eyni istiqamətdə xərləri bu qədərdir. Əgər birinci halda gəlirin 80%-i ərzağa xərclənirsə, ikinci durumda bu nisbət 40%-ə bərabər olacaq. Yəni, gəlirlər artmalıdır ki, ərzağa ayrılan xərclərin faiz nisbəti aşağı düşsün”.

Natiq Cəfərli “azərbaycanlılar yeyib-içən olduğu üçün, ərzaq xərcləri yüksəkdir” fikrinə də münasibət bildirib:

“Bizdə qida qəbulunun keyfiyyətinə baxanda görərik ki, heç də başqa ölkələrdən irəlidə deyilik. Bəzi məhsullarda isə vəziyyət fərqlidir. Məsələn, Avropada orta hesabla adambaşına illik 40-50 kq çörək qəbul edilirsə, bizdə bu göstərici 112 kq-dır. Bu, yalnız ondan xəbər vermir ki, biz çörək sevirik, eyni zamanda çörək ucuz və kalorili olduğu üçün insanlar ona yönəlirlər. Lakin ət, balıq məhsullarına baxanda görürük ki, Azərbaycan Avropadan xeyli geri qalır. Bu da azərbaycanlıların yeməyi sevməsi anlamına gəlmir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO