“Cəmil Həsənli meydan hadisələrində ortada olmayıb. 1988-ci il fevral ayının 19-da birinci mitinqdən 1993-cü il – Heydər Əliyev gələnə qədər AXCP-nin fəaliyyəti göz önündədir. Əvvəllər o partiyanın içində olmuşam, 1989-cu ildə onların maraqlarının əsasən hakimiyyət davasından ibarət olduğuna görə, oradan çıxmışam”.
Bu sözləri Bizim.Media ilə söhbətdə politoloq Cümşüd Nuriyev açıqladı. Cəmil Həsənli timsalında bəzilərinin vaxtaşırı əsassız bəyanatlarına münasibət bildirən politoloq dedi ki, Milli Məclisin üzvü, eyni zamanda sonradan Azərbaycan vətəndaşı kimi onların fəaliyyətlərini izləmişəm:
MÖVZU İLƏ BAĞLI:
“Qüdrət Həsənquliyev ruspərəst qüvvələrin sözcüsüdür” – Politoloqdan qalmaqallı açıqlama
“II Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyi çoxlarını narahat etdi. 50 partiya BMT, NATO, ATƏT, Aİ, AŞPA və başqa təşkilatlara müraciət edəndə AXCP qatılmadı. Bu hadisəni danladım, çünki bunların marağı tamamən başqadır.
Həmişə Prezidentlə torpaq almaq davası edirdilər, İlham Əliyev isə doğru zamanı gözlədi və geri qaytarılması xəyal kimi görünən torpaqları işğaldan qurtardı”.
O ki qaldı bütün bu uğurlardan sonra Cəmil Həsənli kimilərinin hansısa xarici, yaxud daxil qrant müqabilində dəxlisiz dillənməyinə...
“Əli Kərimli başda olmaqla AXC müavinlərinin 6-sı əvvəl deputat idi. Onsuz indi də AXCP-nin 4 müavini ayrı-ayrı partiyaların sədri kimi parlamentdə təmsil olunub. AXC bu qədər yaxşı idisə, milləti sevən idisə, yanındakılar partiyanı niyə tərk edir?
İndi də bir dənə Milli Şura düzəldiblər. Oranı da tərk edənlər var. Onlar jurnalistlərlə bir cür, partiya daxilində başqa tipdə, iqtidarın yanında isə tam fərqlidirlər”.
Politoloqun fikrincə, ABŞ və Avropa oturub uzaqdan şeşələnmək kişi işi deyil. Onların hansı sifarişə oynadıqları hamıya bəllidir.
Elələri var ki, doğma qardaşı oturub parlamentdə, iki cəbhəyə oynayırlar. Cümşüd Nuriyev bildirdi ki, özünə müxalifət deyən belələrini maliyyələşdirən təkcə xaricilər deyil, Azərbaycanın daxilində də onlara pul ayıranlar var. Buna görə də, hüquq-mühafizə orqanları diqqətli olmalıdır.
“Bu isə 5-ci kalondan əlavə 6-ci kalonun da mövcudluğundan xəbər verir. Bunlar dövlətin içində dövlətin əleyhinə olanların adamıdır. Qapalı iclaslarda bir məsələ müzakirə olunur və həmin informasiya dərhal onlara sızdırılır”.
Politoloq xaricdən dövlətçilik əleyhinə bağıranlara mesaj yolladı ki, əgər belə qoçaqdırlarsa, gəlsinlər Azərbaycanda fəaliyyət göstərib, reallığı özləri görsünlər.
“Paşinyan Ermənistanı böyrü üstdə qoydu, Serj Sarqsyanın kürəkənindən başqa dünya ermənilərinin heç biri Nikola qarşı çıxmadı. Amma bizdə qalib ölkənin qalib Prezidentinə qarşı bu qədər haqsız, ədalətsiz və məntiqsiz fikirlər səsləndirirlər. Bunun arxasında yalnız şəxsi maraq dayanır. Bunların nə dövlət, nə də millət marağı var. Hakimiyyətə hərislik gözlərini elə tutub ki, Azərbaycan dövlətinə də nifrət edirlər”.
Öz aləmlərində millətə ağıl vermək istəyən Milli Şuranın üzvləri deputat olanda səsləri çıxmırdı, indi hamısı “qəhrəman” olub deyən politoloq Cəmil Həsənlinin gündəmə gəlməsinin əsas səbəbinin cəzasızlıq mühiti olduğunu dilə gətirdi.
“Guya Milli Şura yaratdı, indi ətrafında 3-4 nəfər qalıb. Bu adam əsərlərində Heydər Əliyevi çox yüksək qiymətləndirir. Vaxtı ilə parlamentdə olanda İlham Əliyev haqqında yaxşı fikirdə idi. İndi nə dəyişdi?
Əksinə, 15 ildən sonra İlham Əliyev əsl İlham Əliyevdir, əsl Prezidentdir. Ölkə başçısını dəstəkləməliyik çünki qürurumuzu qaytardı. Bütün bunların fonunda Cəmil Həsənlinin guya ağıl vermək xarakterli çıxışları mənasızdır.
Bir vaxtlar savadlı araşdırmaçı alim idi. Elə ən təhlükəlisi intelektli insanların dövlətə qarşı çıxmasıdır. Lenin də belə edib. Hər halda Cəmil Həsənli Lenin deyil.
“Adamın bu yaşında (70 yaş) iddiaları ancaq şəxsi maraqlar üstündə qurulub”, - deyə Cümşüd Nuriyev fikrini yekunlaşdırdı.
Anar Rəhimov, Bizim.Media