“Muğanlı-İsmayıllı, Muğanlı-Ağsu və Murovdağ yollarında hərəkət məhdudlaşdırılıb. Qalan yollarda hərəkətlilik var”.
Bunu Bizim.Media-ya açıqlamasında AAYDA-nın mətbuat katibi Anar Nəcəfli söyləyib.
O əlavə edib ki, dağlıq ərazilərdə gecə yağan güclü qar səbəbi ilə bəzi avtomobil yollarında hərəkət məhdudlaşdırılıb:
“Ən son məlumat isə belədir:
1. “Zəfər yolu”nda 8-10 dərəcə şaxta var. Yollar təmizlənir, hərəkət dayanmayıb.
2. Murov dağı yolu güclü qar səbəbi ilə yüngül avtomobillər üçün bağlıdır. Yalnız ağır maşınlar hərəkət edir. Ərazidə 15-20 dərəcə şaxta var.
3. Quba-Qusar yolunda qar o qədər də güclü deyil, 2-5 dərəcədə şaxta var.
4. Muğanlı-Ağsu, Muğanlı-İsmayıllı yolları qismən açıqdır. Amma yüngül və protektoru zəif olan avtomobillər üçün bu yollar təhlükəlidir.
Gecə saatlarındana başlayaraq ölkə üzrə 750, paytaxtda isə 300 ədəd müxtəlif təyinatlı maşın-mexanizmlər yollara çıxarılıb. Lakin, qarın davamlı yağması müəyyən problemlər yaradır. Yolların təmizlənməsi üçün 35 min ton qum, 5 min ton texniki duz tədarük edilib”.
AAYDA rəsmisi sonda sürücülərə müraciətlə xahiş etdi ki, protektoru sıradan çıxmış avtomobillərlə yola çıxmasınlar. Səfərə çıxan sürücülərə isə yalnız Bakı-Hacıqabul-Qazax yolundan istifadə etmələri tövsiyyə olunur.
Surxay Atakişiyev, Bizim.Media