Məzarı Xəzər suları olan Müşfiq Xızıda anıldı - FOTO

Məzarı Xəzər suları olan Müşfiq Xızıda anıldı - FOTO

Hazırda oxunan: Məzarı Xəzər suları olan Müşfiq Xızıda anıldı - FOTO

113374

Xızı rayonunun Sayadlar kəndində ölməz məhəbbət şairi Mikayıl Müşfiqin anım günü keçirilib.

Vaxtilə Müşfiqin ata yurdu, babasının dəyirmanı olmuş ərazidə inşa edilmiş Mikayıl Müşfiqin xatirə muzeyi bu gün də sevənləri tərəfindən ziyarət olundu.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mönsüm Bağırov Bizim.Media-ya məlumat verib ki, əvvəlcə Müşfiqin Bakı şəhərindəki abidəsi önünə tər güllər düzülüb, xatirəsi hörmətlə anılıb. 

Daha sonra Xızıdakı Müşfiq ocağına gələn yazarlar, söz-sənət nümayəndələri, Müşfiqsevərlər nakam sevgi şairini duyğusal anlarla yad ediblər.

Mikayıl Müşfiqi ananlar arasında şairə Ofelya Babayeva, şair Nəcməddin Mürvətov, şair Nəbi Xəzrinin oğlu Arzu Babayev, sənət adamları Abasqulu Nəcəfov, Firudin Qurbansoy və digər yazar və müşfiqsevərlər olub. Onun qısa, lakin mənalı həyatından, yarımçıq qalmış nakam sevgisindən danışılıb, həzin şeirləri səsləndirilib. Müşfiqin1937-ci il repressiya qurbanı kimi güllələnib məzarının Xəzər suları olduğu vurğulanıb.

Mikayıl Müşfiq nəslinin nümayəndəsi Vahab İsmayılzadə ailəsi adından Müşfiq yaradıcılığına göstərilən diqqətə görə, bütün iştirakçılara öz minnətdarlığını bildirib. 

"Yenə o bağ olaydı", "Oxu tar, oxu tar, səni kim unudar?" - deyən məhəbbət şairinin ömrü qısa olsa da, ondan 20-ci əsr Azərbaycan ədəbiyyatına bitkin bədii əsərlər yadigar qaldığı deyilib. Yeri gəlmişkən qeyd edək ki, Mikayıl Müşfiqin anım günündə Xızı rayon İcra Hakimiyyətindən heç kim iştirak etməyib.

Xatırladaq ki, böyük Azərbaycan şairi Mikayıl Müşfiq 1938-ci il yanvar ayının 6-da repressiya qurbanı olaraq Nargin adasında güllələnib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO