“Azərbaycanın Avropaya satmaq üçün minimum 35 illik qazı var” – İlham Şabanla ilin ilk MÜSAHİBƏSİ

“Azərbaycanın Avropaya satmaq üçün minimum 35 illik qazı var” – İlham Şabanla ilin ilk MÜSAHİBƏSİ

Hazırda oxunan: “Azərbaycanın Avropaya satmaq üçün minimum 35 illik qazı var” – İlham Şabanla ilin ilk MÜSAHİBƏSİ

112775

2022-ci ili Azərbaycan enerji sahəsində bir sıra uğurlarla başa vurdu, əsasən də Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalandı. Bunun əhəmiyyəti ondan ibarət idi ki, Avropa İttifaqı Trans-Adriatik Boru kəməri (TAP) ilə Avropa bazarlarına daxil olacaq qaz həcmlərini yaxın beş ildə 2 dəfə - 20 milyard kubmetrə qədər artırmaq niyyətini ilk dəfə rəsmiləşdirdi.

Bundan əlavə yola saldığımız il oktyabrın 1-də TAP-ın qolu olan Yunanıstan-Bolqarıstan interkonnektoru (birləşdirici kəməri) istifadəyə verildi və bu da Bolqarıstanın Azərbaycandan birbaşa qaz idxalı imkanları yaratdı. Daha sonra dekabrın 17-də Buxarestdə Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycan arasında Avropaya "yaşıl enerjinin" Qara dənizin dibi ilə çəkiləcək yeni magistral xətlə nəqlinə dair saziş imzalandı. 
 

MÖVZU İLƏ BAĞLI:

“Neft haqqında dəqiq proqnoz vermək mümkün deyil” – İlham Şabanın ŞƏRHİ


Bəs qarşıdan gələn 2023-cü ildə Azərbaycanı enerji sahəsində nə kimi layihələr gözləyir?

Bununla bağlı syuallarımızı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırır:

- 2023-cü il enerji sektorumuz üçün yeni uğurlar vəd edir. Təbii ki, bunun ən önəmlisi "Şahdəniz" kimi meqa qaz layihəsindən sonra Azərbaycanın həcminə görə ikinci qaz-kondensat yatağı hesab edilən "Abşeron"un istismara verilməsi olacaq. Bu layihə üzrə yatağın açılması 2011-ci ilin avqusuna təsadüf etsə də, indiyə qədər hələ Xəzərin 600 metr dərinliyin olan hissəsindən qazın hasilatına nail olmamışıq. Ona görə də uzun sürən hazırlıq işlərindən sonra "Abşeron" yatağından ilk qazın hasilatı Azərbaycan iqtisadiyyatı üçün önəm daşıyacaq hadisəyə çevriləcək. Həm də Azərbaycanın əlavə qazını almaq istəyən Qərbdəki alıcılar üçün yeni bir siqnal rolunu oynayacaq. Yəni Azərbaycanın kifayət qədər qaz ehtiyatı var və sadəcə, onun stabil və uzunmüddətli dövr üçün alınması ilə bağlı müqavilələri gerçəkləşdirmək lazımdır.

- Elə Avropaya çıxarılacaq əlavə qaz həcmlərindən söz düşmüşkən, hansı müddət ərzində Azərbaycan avropalı istehlakçıları qazla təmin etmək gücündədir?

- Bu suala cavab verməzdən öncə, istərdim ki, Avropada satılan Azərbaycan qazının həcmləri ilə bağlı oxucularımızı tanış edim. 

Azərbaycan 2020-ci ilin 31 dekabrından öz qazını Şahdəniz-2 layihəsi çərçivəsində Avropadakı istehlakçılara çatdırır. Yəni bu gün bu tarixi hadisənin ikinci ildönümüdür.   Və bu müddətdə artıq Avropaya 19,5 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac edilib. Yəni bizim 2013-cü ildə Avropadan olan şirkətlərlə Şahdəniz-2 layihəsi üzrə qaz alqı-satqı müqaviləmizə əsasən, Azərbaycanın Avropanın 3 ölkəsi (Yunanıstan, İtaliya və Bolqarıstan) qarşısında öhdəliyi ildə 10 milyard kubmetr həcminmdə rəsmiləşdirilmişdi. Özü də 25 il müddətinə. Yəni müqavilə 2045-ci ilin 31 dekabrında başa çatmalıdır. Amma "Şahdəniz-2" layihəsi üzrə. 

Amma bu il Avropa şirkətləri Azərbaycandan 11,3 milyard kubmetr qaz alacaqlar. Və gələn il bu həcmlər ən azı 11,6 milyard kubmerə qədər yüksələcək.

- Nəyin hesabına? 

- Dekabrın 16-da SOCAR və "Romgaz S.A." şirkətləri arasında imzalanmış kommersiya sazişinə əsasən 2023-cü ilin əvvəlindən Rumıniya Azərbaycan qazının Avropaa alıcıları siyahısına daxil olacaq. Rumıniya tərəfinin açıqladığı məlumata görə isə, ilkin olaraq 300 milyon kubmetr qaz alınacaq. Və Bolqarıstan tarixində ilk dəfə olaraq Azərbaycan qazının Avropada tranzit ölkəsi kimi çıxış edəcək. 

- Bəs qazımız yetərli olacaqmı yeni istehlakçıları mavi yanacaqla təmin etməyə?

- İndi əvvəl verdiyiniz sualın ikinci hissəsini cavabına gəlirik. "Abşeron" yatağının təsdiq edilmiş çıxarıla biləcək ehtiyatları 350 milyard kubmetrdən az deyil kimi ictimailəşdirilib. Həmin yatağın işlənməsinin ilkin mərhələsində hasil ediləcək 1,5 milyard kubmetr həcmindəki qaz yerli bazara daxil olacaq. Yəni ümumilikdə 50 milyard kubmetrə yaxın qazı biz özümüzün daxili istehlakı üçün istifadə etməyi planlaşdırırıq.

Yerdə qalan 300 milyard kubmetr isə ixrac üçün nəzərdə tutulub. Nəzəri baxımdan hesab etsək ki, 2028-ci ilə "Abşeron-2" layihəsi üzrə qaz hasilatına başlanacaq və bu həcmləri ildə 10 milyard kubmetr olmaqla, nədən bu həcmdə, məhz Avropa hələlik bu qədər qaz almaq niyyətini ortaya qoyub və infrastrukturu da iki dəfə genişləndirmək planları var, düz 30 il müddətində Avropa bazarında sata bilərik. daha doğrusu, 2058-ci ilə kimi. Ona görə də "Abşeron" qazının istismarı həm ölkədaxili, həm ölkəxarici alıcılar üçün mühüm əhəmiyyət kəsb edən layihədir.

- Bəs gələn il digər hansı yadda qalan layihələri müşahidə edə bilərik?

- Bu Azərbaycanla Avropadakı mistehlakçılar arasında TAP-la bazara çıxarılacaq əlavə qaz həcmlərinin alqı-satqısına dair Kommersiya Sazişinin imzalanması gündəmdədir. Bu sənəd imzalanmalıdır ki, həm "Abşeron-2" layihəsinə, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə investisiyaların cəlb edilməsi reallaşsın. Bu sənəd hesab edirəm ki, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə nüfuz dairəsinin genişləndirilməsində müstəsna əhəmiyyətə malik molacaq. 

- Bunlarla bitirmi gələn ilin qaz gündəliyi?

- Təbii ki, yox! Gələn il iki mühüm hadisə də göz altına alınıb. Bunlardan birincisi, "Şahdəniz" qaz yatağının növbəti mərhələsinin işlənməsi üçün qazılması planlaşdırılan qiymətləndirmə quyusu üzrə işlərə start verilməsidir. Məhz onun yekunu olaraq "Şahdəniz-3" layihəsi üzrə təqribən 10 il sonra bazara çıxarılması təxmin edilən qaz həcmlərin müəyyənləşdirilməlidir. 

Daha sonra bp və tərəfdaşları 2023-cü ildə "Azəri-Çıraq-Günəşli" neft yataqlarının 4 min metrdən dərinliklərində yerləşən qaz laylarındakı ehtiyatları müəyyənləşdirmək üçün kəşfiyyat-qiymətləndirmə quyuları qazmalıdırlar. Güman edilir ki, bu yataqlar blkunda 100 milyard kubmetrdən çox qaz ehtiyatı var. 

Bu baxımdan biz 2023-cü ili əminliklə Azərbaycanın neftdən qaza transformasiya etməsinin əhəmiyyətli ili adlandıra bilərik. 

- Müsahibəyə görə çox sag olun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO