Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində, Ağstafa rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan "Hyunday" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə yol kənarındakı ağaca çırpılıb, sürücü dünyasını dəyişib.
Hadisə ilə bağlı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, yol nəqliyyat hadisəsi ilə bağlı Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə gəlib.
İlkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi "Hyunday" markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib.
E.Qasımovun sözlərinə görə, hadisə nəticəsində həyatını itirən sürücü A.Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.
Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu