“Ümid” Partiyasının sədri İqbal Ağazadə II Qarabağ Savaşının ilk günlərindən ön xəttə yollanaraq düşmən təxribatından əziyyət çəkən insanların yanında olan az-az siyasilərdəndir. O həm də I Qarabağ Savaşının da iştirakçıısıdır. Böyük Qələbəyə inam dolu günlərdə onun da fikirləri maraqlı olar dedik:
- İqbal bəy, artıq günlərdir ki, işğalçı Ermənistan Azərbaycanın dinc sakinlərinə qarşı terror aktları törədir. Təkrar Gəncə hadisələri, Tərtər məzarlığındakı faciə, Bərdə, Tərtər, Mingəçevirə qadağan olunmuş raketlərdən, ağır artileriyadan hücumlar buna misal ola bilər.
- Azərbaycan terrora terrorla cavab verən ölkə deyil. Bizim nə milli mentalitetimizdə, nə kişilik anlayışımızda belə rəzillik olmayıb və olmayacaq.Müharibə gedir, qarşı tərəf çox amansızdır, siz ondan nə gözləyirdiz bəs? Xocalını törədənlər Ermənistanın prezidenti, milli qəhrəmanlar olublar. Hər şey edə bilərlər, əsas məsələ milli birliyimizin pozulmamasıdır. Biz panikaya düşməməliyik. Ağır itkilərimiz var, körpə balalarımız, qadınlar, köməksiz insanlar ölür, amma bununla belə haqq işimizi heç nə durdurmamalıdır. Terrora ən yaxşı cavab 27 il işğalda olan torpaqlarımızın azad edilməsidir.
- İqbal bəy, ölkə prezidentinin Füzuli, Zəngilan, Cəbrayıl və bir çox qəsəbə və bir sıra kəndlərin alınması ilə bağlı xalqa müjdəsini və müraciətini necə qarşıladınız?
- Mən ali baş komandanı dəstəkləyirəm və ilk gündən demişəm ki, bu proseslərdə əsgərəm. Lazım gələrsə, əsgər kimi cəbhədə döyüşməyə, lazım gələrsə arxa cəbhədə mənə həvalə olunan hər bir işi rəhbəri olduğum partiya və onun üzvləri ilə birgə həyata keçirməyə hazırıq: “Əsgərik, alqışlayırıq, arxasındayıq”.
- Son hadisələrin fonunda bir partiya olaraq, “Ümid” nə işlər görür, erməni vandalizminə qarşı mübarizəniz nədən ibarətdir?
- Bütün beynəlxalq təşkilatlara kifayət qədər ciddi müraciətlər etmişik. Bu müraciətlər Avropa Birliyinə, İslam Ölkələri Təşkilatına, YUNESKO-ya, BMT-yə, Avropa Şurasına göndərilib. Biz birliyimiz və bərabərliyimiz üçün gərək olan bütün addımları atırıq. Ordumuzun bu müharibəni qələbə ilə başa çatdırması üçün yeganə yol bizim birlik və bərabərliyimizin qorunmasıdır.
- Qarabağ erməni işğalından tam azad olunduqdan sonra sizcə, Ermənistan sakitləşəcək, əgər yenə öz ərazilərindən raket hücumlarını, bombardumanları davam etdirsə, biz necə addım atmalıyıq?
- Torpaqlarımız işğaldan azad edildikdən və dövlət sərhədlərimiz bərpa olunduqdan sonra düşmən ölkəmizə qarşı terror aktları törədəcəksə, öz layiqli cavabını alacaq. Bu zaman həmin vəziyyət ölkələrimiz arasında müharibə xarakteri daşıyacaq, onda məsələyə region dövlətlərinin və Azərbaycanın fərqli yanaşması olacaq. Ermənistan ölkəmizə qadağan olunmuş silahlardan hücum edərsə, böyük əminliklə deyə bilərəm ki, düşmən zərərsizləşdiriləcək. Hazırda ali məqsədimiz ərazilərimizdən bu murdarları qovub çıxarmaqdır.
Aynur Nadirqızı, Bizim.Media