Vəzifədən ayrılıb müxalifətin yolunu tutmuş SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

Vəzifədən ayrılıb müxalifətin yolunu tutmuş SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

Hazırda oxunan: Vəzifədən ayrılıb müxalifətin yolunu tutmuş SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

109808

Dünya siyasətində öz siyasi yolunu, partiyasını dəyişən siyasətçilərin sayı kifayət qədərdir. Onların içərisində, böyük siyasət adamları da var.

Oxşar ənənəyə ölkəmizdə də rast gəlinir. Belə ki, bir müddət iqtidarda, yüksək vəzifələrdə təmsil olunub, sonradan müxalifətin yolunu tutan siyasətçilərimiz heç də az deyil. Onlardan bir qismi öz istefaları, bəziləri isə vəzifəsindən azad olunduqdan sonra siyasi mübarizəyə girişiblər.

Bizim.Media vəzifədən uzaqlaşıb, müxalifətdə təmsil olunmağa başlayan siyasətçiləri araşdırıb.

1. Əli İnsanov

1993-1995-ci illərdə Səhiyyə naziri olmuş Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Həbsdə olarkən, iqtidar əlehinə mesajlar verməyə başlayan İnsanov azadlığa çıxdıqdan sonra Haqq-Ədalət Partiyasını təsis edərək, müxalifət sıralarında siyasi mübarizəsini davam etdirib.

2. Eldar Namazov

Eldar Namazov 1993-1999-cu illərdə Azərbaycan prezidenti katibliyinin rəhbəri vəzifəsində işləyib. O, 1999-cu ilin payızında vəzifəsindən istefa verib və müstəqil politoloq kimi ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. 2001-ci ildə isə "Azərbaycan Naminə" İctimai Forumu təsis edib. Sonrakı dövrdə Eldar Namazov bir müddət Milli Şurada təmsil olunub. 

3. Lalə Şövkət

İxtisasca həkim olan Lalə Şövkət Heydər Əliyev tərəfindən Bakıya dəvət olunmuş və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilib. Lakin cəmi bir neçə ay sonra, 1994-cü ilin yanvarında Lalə Şövkət bu vəzifədən istefa verib. 1995-ci ilin iyun ayında isə o, Azərbaycan Liberal Partiyasını təsis edərək, yeni siyasi təşkilatın ilk sədri olub.

4. Qabil Hüseynli

Qabil Hüseynli müstəqilliyin ilk illərində Azərbaycan Milli İstiqlal, daha sonra isə Demokratik İstiqlal Partiyasında təmsil olunub. O, partiya fəaliyyətinə paralel olaraq, 1993-1995-ci illərdə Dövlət müşaviri vəzifəsini də icra edib. 1999-cu ildə Müsavat sıralarında siyasi mübarizəsini davam etdirən Q. Hüseynli 2011-ci ildə partiyadan ayrılıb.

5. Mətləb Mütəllimli

1992-ci ildə Baş prokuror İxtiyar Şirinin müavini olmuş Mətləb Mütəllimli 1994-cü ilin avqustunda Sosial Ədalət Partiyasını təsis edib. O, hal-hazırda da 1998-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış SƏP-ə rəhbərlik edir.

6. Tahir Kərimli

İstiqlalçı deputat Tahir Kərimli 1992-1993-cü illərdə Ali Məhkəmənin sədri vəzifəsini icra edib. O, vəzifədən ayrıldıqdan bir il sonra, 1994-cü ildə Vəhdət Partiyasını təsis edərək, siyasi mübarizəsinə davam edib. Hal-hazırda da həmin partiyanın sədri olan T.Kərimli VI çağırış Milli Məclisin deputatıdır.

7. İlyas İsmayılov 

İlyas İsmayılov 1992-1995-ci illərdə Ədliyyə naziri vəzifəsində çalışıb. 1995-ci ilin yanvarında bu vəzifədən ayrılan İ. İsmayılov elə həmin ildə də Ədalət Partiyasını yaradaraq, siyasi mübarizəyə başlayıb. 84 yaşlı siyasətçi hələ də həmin partiyaya sədrlik edir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO