Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının sonuncu yarımfinalçısı olub.
Bizim.Media xəbər verir ki, Fransa millisi “Əl Beyt” stadionunda turnirin dörddəbir final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə qarşılaşıb.
Matçın 17-ci dəqiqəsində fransalı futbolçu Orelyen Çuameni hesabı açıb. İlk hissə Fransa seçməsinin minimal üstünlüyü ilə yekunlaşıb.
Qarşılaşmanın 54-cü dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən ingiltərəli Harri Keyn hesabı bərabərləşdirib. Oyunun 78-ci dəqiqəsində Olivye Jiru Fransa millisini hesabda önə keçirib. Komandaların cədhlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.
Fransa millisi 2:1 hesablı qələbə qazanaraq dünya çempionatının sonuncu yarımfinalçısı olub.
Beləliklə, dünya çempionatında dörddəbir final mərhələsinə yekun vurulub. Digər dörddəbir final mərhələsinin oyunlarında Xorvatiya Braziliyanı, Argentina Niderlandı, Mərakeş isə Portuqaliyanı məğlub edərək yarımfinala yüksəliblər. Növbəti mərhələdə Xorvatiya - Argentina və Mərakeş – Fransa matçları oynanılacaq.
Bizim.Media