Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Rasim Qocayev ifadə verib.
O bildirib ki, Binəqədi Gənclər Şəhərciyində tikilən binaların tikintisi ilə məşğul olan şirkətin kommunal nəzarət şöbəsinin rəisi olub. Şahid qeyd edib ki, mənzilləri tikib sahiblərinə təhvil veriblər.
Hakim bildirib ki, dövlət büdcəsindən 4 milyon 577 min manat vəsait Rasim Qocayev və digər şəxslərin rəhbərlik etdikləri tikinti şirkətlərinin balansına köçürülüb. Şahid deyib ki, məbləğ dəqiq yadımda deyil. O bildirib ki, mənzillərin satılmasına Rəfail Cəbrayılov (keçmiş deputat), qardaşı Elşən Cəbrayılov nəzarət ediblər.
Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılan məbləğləri də onlar dəqiq biliblər:
"Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə işləri ilə məşğul olmurdum".
Şahidin sözlərinə görə, 2015-ci ildə 46 ev, sonrakı illərdə isə, 15 və 81 mənzil təmir edərək sahiblərinə təhvil veriblər.
Digər şahid Namiq Məmmədov isə deyib ki, şirkət yaradıb və nazirliyin tenderlərində iştirak edib. O deyib ki, Ağstafa, Xaçmaz və Kürdəmir rayonlarında 23 fərdi ev tikiblər. Qeyd edib ki, sonradan Maliyyə Nazirliyinin yoxlanılması zamanı 52 min manatlıq çatışmazlıq yaranıb və həmin vəsaiti dövlət büdcəsinə ödəyib. Hakim isə deyib ki, bu çatışmazlıq 150 min manat çatışmazlıq müəyyən edilib, amma bu məbləğlə razı olmayıb.
Daha bir şahid Qabil Mustafayev deyib ki, özünün və qohumlarının adına şirkətlər yaradıb, nazirliyin elan etdiyi tenderlərdə iştirak edib, qalib olub. Bildirib ki, müqaviləyə əsasən Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikib.
Şahid qeyd edib ki, hər evə görə, nazirliyin tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova hər ev üçün 5 min manat verib.
Şahid bildirib ki, sonradan Maliyyə Nazirliyinin yoxlaması zamanı 23 min 493 manat çatışmazlıq yaranıb:
"Mən Maliyyə Nazirliyinin yoxlamasını qəbul etmirəm. Bu yoxlamalar qərəzli olub. Biz özümüzdən də pul xərcləmişik. Misal üçün qeyd edə bilərəm ki, Çanaqçı kəndində bir mənzilin çəkiliş üçün içərisi əşyalarla təmin olundu. Mağazadan mebel və digər əşyalar gətirərək evi bəzədik. Amma bu, smeta dəyərində yox idi. Bu görüntü üçün idi. Natiq Əzizovun tapşırığı idi. Çəkilişdən sonra mebelləri götürmək istəyəndə Qarabağ iştirakçısı üstünə benzin tökdü, mebelləri götürməyimizə imkan vermədi.
Buna görə də10 min manat ziyan mənə dəymiş oldu. Bunu Natiq Əzizova dedim. Dedi ki, sənədləşdirəcəm, sənə dəymiş ziyan ödəniləcək. Amma sonradan mənə dəymiş ziyan ödənilmədi".
Şahid Asif Səfərov deyib ki, "Titanik 2014", "Vinera 2014" MMC-ləri təsis edib və tenderlərdə iştirak etmək üçün Natiq Əzizova müraciət edib. Onun sözlərinə görə, Daşkəsən rayonunda 3 fərdi ev tikərək sahiblərinə təhvil verib. Qeyd edib ki, bu işə görə Natiq Əzizova 6 min manat verib. Hakim isə bildirib ki, şahid istintaqa verdiyi ifadəsində Natiq Əzizova 9 min manat verdiyini deyib.
Daha sonra xalq artisti Zeynəb Xanlarovanın qohumu, nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov ifadə verib. O bildirib ki, hər illik plan üzrə şöbə və müəssisələrdə yoxlamalar aparılıb.
Qeyd edib ki, yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı protokol yazılıb:
"Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün pul təklif ediblər. Mən də aldığım həmin pulları şöbənin müdiri Soltan Hacıyevə vermişəm".
Tərəflərin sullarını cavablandıran şahid deyib ki, tərəflərdən kiminsə pulunun geri qaytarılması halı baş verməyib:
"Kimdən nə qədər pul alınıb, ümumi məbləğin nə qədər olması barədə yadımda heç nə qalmayıb. İşdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb".
Daha sonra ifadə verən şahid Namiq Şəmiyevin sözlərinə görə, qardaşı Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə müdir müavini işləyib. O bildirib ki, nazirliyin aparat rəhbəri olmuş Əjdər Cəbiyev onun qardaşından 115 min manat alıb:
"Birinci dəfə qardaşım Əjdər Ola 40 min manat verib. Daha sonra isə yenə 40 min, sonda isə 35 min manat verib. Sonuncu iki məbləği qardaşım mənim yanımda Əjdər Ola verib. Bundan sonra qardaşımda stress yarandı, rəhmətə getdi. Bu hadisələrdən sonra Səlim Müslümovla görüşmək istədim. Amma görüşümüz alınmadı. Əjdər Olda əvvəllər mənə deyirdi ki, şikayət etməyin, hər şey qaydasında olacaq. Narahat olmayın, pulunuzu qaytaracam. Lakin sonradan Əjdər Ol işdən çıxdı. Bundan sonra onunla görüşmək istədik. O bizi təhqir etdi".
Növbəti proses dekabrın 12-də davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 05.12.2022
Səlim Müslümovun işində Zeynəb Xanlarovanın qohumunun ifadəsi: "Rüşvətin məbləğini unutmuşam"
Hazırda oxunan: Səlim Müslümovun işində Zeynəb Xanlarovanın qohumunun ifadəsi: "Rüşvətin məbləğini unutmuşam"
Hazırda oxunan: Səlim Müslümovun işində Zeynəb Xanlarovanın qohumunun ifadəsi: "Rüşvətin məbləğini unutmuşam"
108000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.