Avropa və Asiyanın MƏRKƏZİNDƏ – Azərbaycanın xarici siyasəti kimləri qorxudur?

Avropa və Asiyanın MƏRKƏZİNDƏ – Azərbaycanın xarici siyasəti kimləri qorxudur?

Hazırda oxunan: Avropa və Asiyanın MƏRKƏZİNDƏ – Azərbaycanın xarici siyasəti kimləri qorxudur?

106642

Məlumdur ki, 30 ilə yaxın davam edən işğal dönəmində Azərbaycan xarici siyasətində əsas xətt Qarabağ münaqişəsi ilə bağlı idi. Lakin Vətən müharibəsindən sonra bu problemin aradan qalxması rəsmi Bakının manevr imkanlarını ciddi ölçüdə artırdı. 

Bunun nəticəsidir ki, son iki ildə Azərbaycan xarici siyasətində yüksək aktivlik müşahidə olunur. İstər dövlət rəsmilərinin qarşılıqlı formada artan səfərləri, istərsə də əldə olunan razılaşmalar bunun əyani sübutudur.

Xüsusən də, ötən həftə elan edilən İsraildə səfirliyin və Fələstində nümayəndəliyin açılması qərarı multiregional siyasətin və balanslaşdırılmış mövqeyin birbaşa təzahürü kimi qiymətləndirilə bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Azərbaycan müttəfiqliyinin regionumuzda dəyişdirdiyi GÜCLƏR BALANSI – TƏHLİL


Regional təşkilatların əvəzolunmaz tərəfdaşı

Xarici siyasətdəki aktivlikdən danışarkən, heç şübhəsiz, beynəlxalq və regional təşkilatları diqqətdən kənarda qoymaq olmaz.

- Qoşulmama Hərəkatı. BMT-dən sonra üzv sayına görə dünyanda ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatında Azərbaycanın nə qədər böyük nüfuza sahib olduğu hər kəsə məlumdur. Bunun nəticəsidir ki, 2018-ci ildən Azərbaycan bu təşkilata rəhbərlik edir. Eyni zamanda 44 günlük müharibə dönəmində təşkilatdan Azərbaycanın haqlı mövqeyinə ciddi dəstək gəldi. Hətta BMT Təhlükəsizlik Şurasında Azərbaycan əlehinə qətnamənin qəbuluna da Qoşulmama Hərəkatına üzv olan ölkələrin dəstəyi mane oldu.

- Türk Dövlətləri Təşkilatı. TDT-nin mərkəzində Azərbaycanın olduğunu desək, heç də mübaliğə etmərik. Bu, istər coğrafi, istərsə də siyasi cəhətdən belədir. Çünki Azərbaycan Orta Asiyanın türk dövlətlərini Türkiyə ilə birləşdirəcək iqtisadi, siyasi habdır. Digər tərəfdən, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və Zəngəzur dəhlizi layihəsi Turan ideyasının inkişafını tətikləyən faktor oldu.

Digər tərəfdən, türk dövlətləri arasında inteqrasiyada Prezident İlham Əliyevin rolu da danılmazdır.

Belə ki, dövlət başçısı təkcə 2022-ci ildə Özbəkistan, Qırğızıstan və Türkmənistana, ümumilikdə, beş rəsmi səfər edib. Eyni zamanda Qazaxıstan Prezidenti ilə Bakıda görüşüb. Türkiyə rəsmiləri ilə görüşlər isə artıq müntəzəm xarakter alıb.

- Ərəb Dövlətləri Liqası. Xatırlayırsınızsa, bu ayın əvvəlində Azərbaycan Prezidenti Əlcəzairdə Prezident İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olundu. Bu təşkilatın Azərbaycana qarşı müsbət münasibətinin əyani sübutu idi.

Asiya və Avropanın mərkəzində

Uğurlu xarici siyasətin iqtisadi nəticələrindən də bəhs etməyimiz vacibdir. Şanxay Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı, eləcə də Balkan ölkələri ilə münasibətlərin inkişafı buna ən yaxşı örnəklərdir.

Məlumdur ki, beynəlxalq münasibətlərin bugünkü gərgin vəziyyətində Azərbaycan coğrafi baxımdan Asiya və Avropa arasında ideal körpü olaraq görülür. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanla enerji tərəfdaşlığı Avropa üçün hava-su kimi lazımdır. Bunun nəticəsi olaraq, bu ilin yayında Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq bəyannaməsi imzalandı. 

Sadalananlarla yanaşı oktyabrın 1-də Prezident İlham Əliyevin də iştirakı ilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oyanacaq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi baş tutdu.

Uğurlarımızdan qorxuya düşənlər də var...

Təbii ki, Azərbaycanın uğurlu siyasəti, dostlarımızın artması heç də hər kəsin ürəyincə deyil. Bundan narahat olan ölkələr də var. Ələxsus da, Fransa və İranın son davranışları göstərir ki, rəsmi Bakının beynəlxalq miqyasda güclənməsi bu ölkələrin planlarını pozur.

Bunun nəticəsidir ki, İran sərhədimizdə təlimlər keçirir, Fransa senatı isə əlehimizə qətnamə qəbul edir.

Lakin bu addımların da hər hansı ciddi təsirləri ola bilməz. Çünki İranın daxili vəziyyəti bəllidir. Eyni zamanda bu günə qədər İranın hər hansı təhdidinin ciddi nəticə doğurduğu da müşahidə edilmiyib.
 

Fransa isə hər nə qədər böyük güc kimi təqdim olunsa da, Azərbaycana qarşı “dişsiz” olduğu Beynəlxalq Frankofoniya Təşkilatının son iclasında bir daha təsdiqləndi. Fransa liderlik etdiyi təşkilatda belə Azərbaycana qarşı istədiyi bəyanatı qəbul etdirə bilmədi. Təbii ki, bu təşkilatdakı dostlarımızın, yəni xarici siyasətdəki lazımi manevrlərin hesabına...


Təbii ki, diplomatiyamızın beynəlxalq miqyasda bu cür uğurlu nəticələr qazanması Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın düşünülmüş, məqsədyönlü xarici siyasət kursunun olduğunun göstəricisidir. Bu uğura qarşı çıxıb, Azərbaycanın maraqları ilə hesablaşmayan güclərin isə Cənubi Qafqazda gedən proseslərdə hər hansı formada rol alması qeyri-mümkündür. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO