2023-cü ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? – PROQNOZ

2023-cü ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? – PROQNOZ

Hazırda oxunan: 2023-cü ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? – PROQNOZ

106104

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qiymətlər yüksəlməkdə davam edir.

Həyat üçün əhəmiyyətli sayılan ərzaq məhsullarının bahalaşması əhali tərəfindən birmənalı qarşılanmır. Çünki elə məhsul var ki, qiyməti artıq bir neçə dəfə bahalaşıb. Ölkədə istehsal, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma davam edir. Bu özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir.

Bir sözlə, bahalaşma insanları çətin vəziyyətdə qoyub. Bəs, 2023-cü ildə bizi nə gözləyir? 

İqtisadçı ekspertlər Bizim.Media-nın sualını cavablandırıblar.

İqtisadçı Xalid Kərimli söyləyib ki, dünyada vəziyyətin necə olacağı Rusiya-Ukrayna müharibəsinin gedişatından, sanksiyalardan asılıdır:

“Ölkəmiz üçün əsas çətinlik bu il idi.  Ərzaq qiymətləri 22-23 % bahalaşıb, inflyasiya 13-14% arasıdır. Dünyada gedən proseslərin, iqtisadi problemlərin fonunda Azərbaycanın şansı onda gətirib ki, neft-qaz qiymətləri yüksək olub. İnflyasiya ilə birgə hökumətin gəlirləri də artıb. Bu da imkan yaradır ki, gələn il pensiya, müavinət, təqaüdlər artırılsın”.  
Ekspertin fikrincə, ümumilikdə vəziyyət bu ilki kimi olmasa da, inflyasiya gələn il də başağrısı olaraq qalacaq: 

“Neft-qaz qiymətlərinin hələlik yüksək olması ölkənin makro iqtisadi sabitliyini qoruyacağını deməyə əsas verir. Hazırda Rusiya-Ukrayna müharibəsi Avropada daha ciddi problem yaradır. Hesab edilir ki, resessiya qaçılmazdır. Dünyada çox sürətli inflyasiya gedir. Məsələn, Böyük Britaniyada 11.1, Avropada 10, Amerika Birləşmiş Ştatlarında inflyasiya 9 faizə çatıb. Yaponiyada 82-ci ildən ən yüksək həddə qiymət artımı müşahidə edilir. İnflyasiyaya qarşı mərkəzi banklar pulun dəyərini artırmaq, dövriyədən artıq pulu yığışdırmaqla mübarizə aparırlar. Bu halda isə hesab olunur ki, pulun dəyəri artanda kreditin faizi də artır, iş görmək daha çətin olur. Bu da işgüzar mühiti pisləşdirə bilər”. 

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, beynəlxalq maliyyə qurumlarının və təşkilatların verdiyi proqnoza əsasən, növbəti ildə də müəyyən iqtisadi geriləmə və resessiya baş verə bilər: 

“Bahalaşma bu il rekord həddə çatıb. Gələn il vəziyyətin necə olacağı isə, həm obyektiv, həm də subyektiv amillərdən asılıdır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi və ya dayandırılması bu amillərin əsas komponentidir. Bu il bahalaşma əsasən ərzaq məhsulları üzrədir. Buna da postpandemiya dövründə tələbin artması, təklifin tələbi ödəməməsi, həmçinin, logistik və təminat kanallarının pozulması, zəncirlərin qırılması, müharibə səbəb olub”. 

İqtisadçı növbəti ildə bahalaşmanın bu səviyyədə müşahidə edilməyəcəyini deyib:

“Ona görə ki, həm beynəlxalq qurumlar, həm də Milli Bankın göstəricilərinə əsasən, növbəti ildə birrəqqəmli inflyasiya nəzərdə tutulub. Bu da onu deməyə əsas verir ki, bahalaşma builki templə yox, daha aşağı səviyyə ilə həyata keçiriləcək. Artıq qiymət artımı və inflyasiya səngiyəcək”. 
İqtisadçı ekspert Eldəniz Əmirov isə, 2023-cü il ilə bağlı bədbin proqnozları elə də real hesab etmir:

“Mən fikir vermişəm, adətən beynəlxalq təşkilatlar, qurumlar, ekspertlər daha çox mənfi proqnozlar verirlər. Ona görə ki, belə fikirlər daha çox yayılır. Düzdür, hər şey yaxşı olmayacaq, amma 2022-ci ildən pis olacağını düşünmürəm. 2023-cü ilin inflyasiya göstəriciləri müxtəlif istiqamətlər üzrə 2022-ci ili ötməyəcək. Bununla bağlı yerli hökumətin proqnozları daha müsbətdir. Təkrəqəmli olacağı proqnozlaşdırılır”. 

Dünyada iqtisadi vəziyyətin stabilləşməsinə qaldıqda isə ekspert qeyd edib ki, bunu 2024-cü ilin yaz aylarından müşahidə edə biləcəyik. 

Aləmdə Nəsib. Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO