Müdirin hansı yaxşıdır, QADIN yoxsa, KİŞİ? - SORĞU 

Müdirin hansı yaxşıdır, QADIN yoxsa, KİŞİ? - SORĞU 

Hazırda oxunan: Müdirin hansı yaxşıdır, QADIN yoxsa, KİŞİ? - SORĞU 

105904

İnsan yaşam boyu vacib və yararlı bir mövqedə dayanması üçün həyatında bir neçə əsas seçimləri düzgün dəyərləndirməlidir. Burada əsasən ailə həyatının və yoldaşın düzgün seçilməsi kimi məsələlər yer alsa da, elə iş seçimi, çalışacağı kollektiv də bir o qədər önəmlidir. Çünki demək olar ki, həyatımızın əsas hissəsini işlədiyimiz yerdə keçirir, ailə üzvlərimizdən də daha çox onlarla ünsiyyət qururuq.

Yaxşı kollektivin formalaşması isə rəhbər mövqedə çalışan şəxslərin, müdirlərin idarəçilik bacarıqlarından irəli gəlir. Sözügedən şəxslər tərəfindən şirkətin və ya qurumun daxili kommunikasiya strategiyası düzgün təşkil olunmadıqda böyük problemlər yaranmağa başlayır.

Bu kimi problemlərin öhdəsindən gəlinməsi üçün rəhbər şəxslərin daha çox kişilərdən ibarət olmasına üstünlük verilir və qadınlara bu şans elə də tanıdılmır. Bu da bir sıra müzakirələrə, fikir ayrılıqlarına səbəb olur.

Maraqlıdır, kişi müdir yaxşıdır, yoxsa qadın?

Bizim.Media olaraq bu sualla bağlı sosial şəbəkədə kiçik sorğu apardıq. Cavablar müxtəlif və olduqca maraqlıdır:

Firəngiz Məmmədova: “Cinsin fərqi yoxdur. Azərbaycanda qadın müdir çox azdır. Oturuşmuş və sağlam xarakter cinsə baxmır. Önəmli olan təcrübə və peşəkarlıqdır”.

İlqar Zeynalov: “Təbii ki, adamdan asılıdır. Öz təcrübəmdən 3-4 qadın və cəmi 1 kişi müdirin adını rahatlıqla çəkə bilərəm ki, super olublar və bu gün də onları hörmətlə xatırlayıram. Müxtəlif günlərdə yazışır, zəngləşir və təbrikləşirik”.

Fəridə Abbasova: “Ətrafımda gördüklərimə əsasən deyirəm ki, qadın müdirlər çox eqoist, işçisini əzən, (xüsusən də tabeliyində kişi işçilər varsa) əsəbi olur. Sanki, evdə edə bilmədiyini, keçirə bilmədiyi sözü işçilərinə keçirmək istəyir. Amma istisnalar təbii ki, var”.

Rafiq Əliyev: “Aslanın erkəyi dişisi olmaz. Yaxşı maaş verən bütün müdirlər yaxşıdır. Əsas budur ki, “insan” müdir olsun”.

Sorğunun nəticələrinə görə, vətəndaşlar cinsə deyil, işinin peşkarı olan, həmçinin, insanlıq keyfiyyəti olan şəxslərin rəhbər vəzifədə olmasını arzulayır. 

Sosioloq Sahib Altay isə Bizim.Media-ya açıqlamasında peşəkarlığın, idarəçilik qabiliyyətinin gender kimliyindən asılı olmadığını diqqətə çatdırıb. 

Onun sözlərinə görə, əmək sahəsində mövqe tutan şəxsin, rəhbərin qadın və ya kişi olması peşəkarlığa dəlalət etmir:

“Peşəkarlıq öncəliklə təhsildən asılıdır bundan sonra isə təcrübə öz sözünü deyir. Dünya təcrübəsində, habelə, elmdə peşəkarlığın qadın və ya kişiyə bölünməsi anlayışı yoxdur.

Birmənalı olaraq, bu müqayisə yanlışdır. Hər bir sahədə işini layiqincə bacaran, həmçinin, əksini edən həm qadın, həm də kişi rəhbərlər var. Bəzi mental dəyərlərə görə, adətən düşünülür ki, qadın rəhbər ola bilməz, qadının işi müəlliməlikdir, öyrətməkdir və ya evinin xanımı olmaqdır. Amma bu belə deyildir, ölkəmizdə hazırda öz savadı, liderlik qabiliyyətinə, təcrübəsinə görə özəl və dövlət qurumlarında rəhbər vəzifədə çalışan, qadınlar da az deyil və sözügedən stereotiplər dağılmaq üzərədir. Bir cəmiyyətin ən böyük dayağı təhsildir və burada demək olar ki, 70-75%-də qadınlar təmsil olunur. Bu da sualımızın cavabına birbaşa təsir göstərir”.

Sosioloq yaxın on illikdə dünya praktikasında qadınların rəhbər vəzifədə çalışmasına dəstək verildiyini bildirib. Xüsusilə inkişaf etmiş ölkələr bu siyahıda böyük yer alır:

“ABŞ, Avropa ölkələri, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələrdə gender məslələrinin fenomenə çevrilməsi fonunda qadınların işləməsi və rəhbər vəzifələrdə yer alması məsələləri geniş hal alıb. Bu proses demək olar ki, 18-ci əsrin ortalarından başlayaraq, nəzəri biliklərə çevrildi və daha sonra bununla bağlı hüquqi protokollar tərtib olundu. 20-ci əsrin ortalarından isə, praktik şəkildə gender məslələrinə əməl olunmağa başlanıldı.

Bizdə isə bu proseslər daha öncə baş verib, 1918-ci ildə müsəlman şərqində ilk Cümhuriyyətin qurulmasından sonra qadınlara gender bərabərliyi verilib. Demokratik ölkəmizin vitse-prezidenti, ombudsmanı, parlamentin sədri, spikeri qadındır. Elə bu nümunələr kifayətdir ki, qadınların liderlik bacarıqlarına əmin ola və bu suala rahatlıqla cavab verək”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO