Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti noyabrın 20-də ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlı bir sıra açıqlamalar verib.
Maraqlı məqamsa bundan ibarətdir ki, Vilayətinin bəyanatları İran rəsmilərinin son dönəmlərdə Azərbaycana qarşı yönələn ritorikasından xeyli fərqlənib. Belə ki, Azərbaycanı İranın “göz nuru” adlandıran Vilayəti qeyd edib ki, Azərbaycana xarici hücum olacağı təqdirdə belə, ölkəsi rəsmi Bakının yanında olacaq.
Bəs, Xameneinin köməkçisinin bu bəyanatları nə dərəcədə səmimidir? İran geri addım atır, yoxsa bu, molla rejiminin ikiüzlü siyasətinin növbəti pərdəsidir?
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyevdən İran rəsmisinin açıqlamasına REAKSİYA
Mövzunu Bizim.Media üçün şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin fikrincə, Əli Əkbər Vilayəti, eləcə də İranın sabiq xarici işlər naziri Cavad Zərif bölgəni yaxşı tanıyan siyasətçilərdir:
“Lakin cənub qonşumuzun indiki xarici işlər naziri ilə bağlı isə eyni sözləri demək olmaz. Çünki onun addımlarında naşılıq hiss olunur. Əli Əkbər Vilayətinin “biz Azərbaycanın yanında olacağıq” tərzində açıqlamaların gəlincə isə, bu, hələlik təzyiqləri azaltmaq mahiyyəti daşıyır. Buna “hələlik” deməyimizin səbəbi isə bununla bağlıdır ki, İranın daxili vəziyyəti olduqca gərgindir. Bu vəziyyətin üzərinə Azərbaycan məsələsi də gəlsə, İran çıxılmaz vəziyyətə düşə bilər. Azərbaycan isə bu mövzuda İranın daxilindəki Azərbaycan məsələsini qabardıb. Eyni zamanda İranın ölkəmizdə 30 il ərzində formalaşdırdığı agentura şəbəkəsi çökdürülməkdədir”.
Müsahibimiz, Prezidentin köməkçisi Hikmət Hacıyevin Vilayətinin açıqlamalarına dərhal cavab verməsinə də diqqət çəkib:
“PA rəsmisi qeyd etdi ki, vəziyyətin bu formaya gəlib çıxmasında təşəbbüskar İranın özü olub, “ona görə də, yaxşı olardı ki, özləri cavab versinlər”. Hikmət Hacıyev bir növ Vilayətinin açıqlamalarını ifşa etdi.
Əgər, doğrudan da, İran öz mövqeyində səmimidirsə, Qafanda açdığı konsulluğu bağlasın, Ermənistana yönələn siyasətinə xitam versin, Azərbaycanda hələ də davam etdirdiyi hibrid savaşı dayandırsın, “Səhər” kanalına veto qoysun, ölkəmizə təhdid xarakteri daşıyan təlimlərə görə üzr istəsin. Lakin biz bunu görmürük. Əks təqdirdə isə Vilayətinin açıqlamalarını səmimi qəbul edə bilmərik”.
Murad Əhmədov, Bizim.Media