İki ay əvvəl Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı doğum evi) 13 yaşlı qızın körpə dünyaya gətirdiyini xəbər vermişdik. Hadisədən sonra 13 yaşlı qızın anası dünyaya gələn nəvəsindən imtina etdiyini açıqlamışdı.
Bizim.Media ana olan yeniyetmə və körpəsinin aqibəti barədə təfərrüatları öyrənib.
Məlum olub ki, 13 yaşlı qız Azərbaycan Uşaqlar Birliyi- Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Körpə isə 2 aydır Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı doğum evi) qayğıya möhtac yaşayır.
MÖVZU İLƏ BAĞLI:
Bir həftə əvvəl ana olan 13 yaşlı qızın körpəsi uşaq evinə YERLƏŞDİRİLDİ - ÖZƏL
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verib:
"2009-cu il təvəllüdlü H.M tərəfindən 06.09.2022-ci il tarixində evdə dünyaya gətirdiyi cinsi kişi, çəkisi 3700 qr, boyu 53 sm olan övladı ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stnasiyasının briqadası tərəfindən ambulansla Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna gətirilib.
Yenidoğulmuş müəssisəyə daxil olduğu tarixdən Müəssisənin II Mamalıq şöbəsinin yenidoğulmuşlara qulluq otağında stasionarda qalıb.
Ana H.M müvafiq ərizə ilə özü yetkinlik yaşına çatanadək yenidoğulmuşun müvəqqəti körpələr evinə yerləşdirilməsini xahiş edib. Bununla bağlı Xətai İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvünün iştirakı ilə müvafiq akt tərtib edilib. Aidiyyəti orqanlara məlumat verilib. Ananın ərizəsi nəzərə alaraq övladının Körpələr evinə yerləşdirilməsi təmin edilib", -deyə o, qeyd edib.
Səhiyyə Nazirliyinin rəsmisi Elvin Hacıyev isə saytımıza açıqlamasında hazırda sənədləşmə işlərinin yekunlaşdığını və körpənin bu gün 1 saylı Körpələr evinə köçürüləcəyini bildirib.
Qeyd edək ki, uşaq 13 və 15 yaşlı cütlüyün qeyri-rəsmi münasibətindən, 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib.
Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb və Təcili Tibbi Yardıma müraciət ediblər. Beləliklə biabırçı hadisə üzə çıxıb.
Azyaşlı əvvəl öz atasını itirib və anasının 3-cü evlilikdən olan ögey atası ilə yaşayırmış.
Alçina Amilqızı, Bizim.Media