44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı ilə çiyin-çiyinə mübarizə aparan, onun dərdinə, sevincinə şərik olan bir çox xarici media nümayəndələrinin adını çəkmək olar.
Türkiyənin məşhur teleaparıcısı Osman Girgin həmin vaxtlar 2 ay müddətində Azərbaycanda qalaraq, hər an cəbhənin ən qaynar nöqtələrindən reportajlar hazırladı və xalqımızın haqq savaşını bütün dünyaya çatdırmağa çalışdı.
Özünün dediyi kimi bir gün belə Azərbaycanda özünü yad hiss etmədi. O, azərbaycanlılarla kədərləndi, ağladı, güldü.
Bizim.Media olaraq Osman Girginlə cəbhədə keçirdiyi günlərdən, şahidi olduğu hadisələrdən, Azərbaycan həqiqətlərini əks etdirən “Evə dönüş” filmindən, Şuşamız, Suqovuşanımız haqqında söhbət etdik.
Teleaparıcı Prezident İlham Əliyevlə etdiyi müsahibə zamanı yaşananlardan da danışdı və bir çox maraqlı məqamlara toxundu.
- Osman bəy, əvvəl müharibə dövründə Azərbaycanın dərdinə şərik olduğunuz üçün sizə təşəkkür edirəm. Bu müddət ərzində siz müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırladınız. Bu, sizi qorxutmadımı? Hər zaman düşmən hücumuna məruz qala bilərdiniz.
- Bu, müharibəni izləyən jurnalistlərin tez-tez qarşılaşdıqları bir sualdır. İşin gedişatı zamanı həyatınız hər an təhlükə altındadır. Əgər cəbhədəsinizsə, ən azı əsgərlər qədər risk altındasınız. Ancaq düşünürəm ki, özüm də daxil olmaqla bir çox həmkarım üçün “qorxu” sonradan hiss edilən bir duyğudur.
Başqa sözlə, baş verən hadisə və o anı xəbər verməyin təlaşı sizə qorxudan çox həyəcan yaşadır. Yəni şahid olduğunuz tarixi dünya sizdən öyrənir. Yaşadığınız həyati təhlükəni yalnız hadisə bitdikdən sonra anlaya bilirsiniz. Ən azından əksər vaxtlarımı elə hiss edirdim. Mən ara sakitləşəndən və xəbər yayımını bitirdikdən sonra özümə "biz nə etdik?" sualını verirdim. Qorxunu o an başa düşürdük. Sonra ağlımızda “hər an ölə bilərdik” fikri yaranır. Ancaq ümumiyyətlə, hadisə anında bunu hiss etmirik, çünki dünyaya xəbər vermək hissi qorxunu üstələyir. Çox vaxt münaqişə bölgələrində qaçırılan və öldürülən jurnalistlər bu “xəbər həyəcanı” səbəbilə həyatlarını itirirlər. Çünki xəbər həyəcanı səni münaqişə bölgəsinə aparır. Özünüzü orada olmağa borclu hiss edirsiz.
- Gəncəyə hücum zamanı siz yenə qaynar nöqtədə idiniz. Reportajlarınızda duyğu dolu anlar yaşadınız. Uşaqların vəhşicəsinə qətl edilməsinə şahid oldunuz. Bizə orada gördüklərinizdən, kameraya düşməyən anlardan danışardınız. Hansı hisslər keçirdiniz?
- O gün səhər tezdən Cəbrayıl şəhərinə getmişdik. Bir neçə gün idi ki, xəstəydim. Çox yorğun və zəif idim. Hücumdan təxminən yarım saat əvvəl Gəncədəki otelimizə gəldik. Yuyunub yatmağa getmək istədiyim vaxt şəhərə raket zərbəsi endirildi. Dərhal hadisə yerinə “inşallah böyük bir şey yoxdur” deyərək qaçdıq. Xəbər mərkəzinə məlumat verdim. Yolda olarkən canlı yayım etməyə başladıq. Əslində mən də baş verənlərə canlı yayımda şahid oldum. Bütün bunları hiss edə-edə, ətrafdakıları görə-görə bomba düşdüyü yerə getdim. Hücum yerinə gedən ilk çəkiliş qrupu biz olduq. Belə yerlərə ilk gələnlər üçün son dərəcə təhlükəlidir.
İkinci bir hücum ehtimalı, görəcəyiniz mənzərənin canlı yayımda yaratdığı təsir, həyatını itirən, yaralıların görüntüsü, panika vəziyyəti və s. kimi səhnələr qarşısında insan hər an özünü itirə bilər.
Ancaq dediyim kimi xəbəri dünyaya çatdırmaq təlaşı insanı bu vəziyyətdən çıxarır. Əlbəttə ki, ehtiyatı da əldən vermək olmaz. Bu səbəbdən operator ilə küçənin başlanğıcından bomba düşdüyü yerə qədər aramızdakı məsafəni qoruyurduq. Tez-tez operatorum Gökhan Köşetaşa "Kameranı çevir" deyərək xəbərdarlıq edirdim, çünki həmin anda hər yerdə ölülər, əzaları qopmuş insanlar və uşaq meyitləri ola bilərdi. O anda belə şeylər canlı olaraq göstərilməməlidir. Bu, həm insanlara hörmətsizlik olardı, həm də televiziya qarşısında olan, yaxınlarından xəbər almağa çalışan ailələr görə bilərdi. Şübhəsiz ki, heç kim canlı yayımda yaxınının cansız bədənini görmək istəməz.
O gün hamımız üçün çətin bir gecə idi. Vəziyyəti həm canlı yayımda idarə etmək, həm də gördüklərimizi həzm etmək bizim üçün çox çətin idi. Mümkün qədər peşəkar olmağa çalışdım. Ancaq o gün ölən körpənin tozlu, qan içində olan cansız bədəni ilə qarşılaşmaq əlbətdə ki, insana çox ağır təsir edir.
Ancaq o gecədə heç vaxt unuda bilməyəcəyim hadisə səhərə yaxın yaşandı. Hadisə yerində olan bir nəfərlə söhbət edirdim. Onun dağıntılar altında qalan ailəsindən xəbəri yox idi. Çox güman ki, onlar çoxdan ölmüşdülər. Lakin həmin o kişi o anda cəbhədə əsgərlər haqqında düşünürdü. Birdən o, "Düşmən bizi belə şeylərlə qorxudacağını düşünür, inşallah, əsgərimiz qazanacaq" dedi. Ailəsi dağıntılar altında qalan birinin müharibəni yaxınlarından daha çox düşünməsi məni heyran etdi. Buna təəccübləndiyimi söyləyəndə isə o cavabında "Anasız və ya atasız, hətta övladlarınız olmadan da yaşaya bilərsiniz, ancaq Vətənsiz yaşaya bilməzsiniz" dedi. Mənim üçün çox təsiredici hadisə oldu.
- İstərdim Prezident İlham Əliyevlə müsahibənizdən danışasınız. Ali Baş Komandanla görüş zamanı söhbətiniz necə baş tutdu? Onunla görüşəndə həyacan keçirirdiniz?
- O mənim üçün vacib reportaj idi. Türkiyədə ən çox müzakirə edilən mövzu Qarabağ danışıqlarında Ankaranın rolunun necə olacağı idi. Cənab İlham Əliyev müsahibəsində Türkiyənin Minsk qrupunun üzvü kimi danışıqlar masasında olmağının vacibliyini söylədi. Müharibənin o mərhələsində son dərəcə əhəmiyyətli bir cümlə idi. O, diplomatiyada yeni addımlar atdı. Bu, dünya televiziyasında yayımlanan bir reportaj oldu. Şəxsi təəssüratıma gəldikdə...Cənab Prezident bizi çox mehribanlıqla qarşıladı. Özü və komandası bizə qarşı çox qonaqpərvər idi. O, müsahibədən əvvəl və sonra da bizimlə çox səmimi və təbii idi. Prezident Türkiyə mediasına təşəkkür etdi, onlara salamlarını çatdırmağımı rica etdi. Mən çox istərdim ki, Cənab İlham Əliyevlə növbəti müsahibəmiz Şuşada olsun.
- Reportajlarınızla ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya çatdırmağa çalışırdınız. Bildiyimiz kimi Türkiyədə 30.000 erməni yaşayır. Bu yolda hansısa təhlükə və ya hansısa qüvvələr tərəfindən hədə-qorxu ilə qarşılaşdınız anlar oldumu?
- Xeyr. Belə bir halla qarşılaşmamışam. Bizim Türkiyədə yaşayan erməni əsilli vətəndaşlarımızla heç bir problemimiz yoxdur. Hamımız Türkiyə Cümhuriyyətinin bərabər hüquqlu vətəndaşlarıyıq. Bu, erməni xalqı ilə bağlı bir məsələ deyil. Ermənistan dövlətinin apardığı yanlış siyasəti, o siyasəti yaradan qüvvələrin oyunlarını erməni xalqına aid edə bilmərik. Oxşar fikirlər Cənab İlham Əliyev tərəfindən də ifadə edilir. İ. Əliyev dəfələrlə bunu həm mənə, həm də digər media nümayəndələrinə verdiyi müsahibələrində dilə gətirirdi.
İllərdir Ermənistan və onu dəstəkləyən ölkələr tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilən işğal, sürgün və soyqırım siyasəti danılmaz bir həqiqətdir. Mənim bir jurnalist kimi borcum illərdir eşidilməyən, qəbul edilməyən həqiqətləri sübutlarla və müşahidələrimlə bütün dünyaya izah etməkdən ibarətdir.
- 30 illik həsrətimiz bitdi, Şuşamıza qovuşduq. Bizə Şuşadan bəhs edin. Orada nələrə şahid oldunuz?
- Mən Şuşaya gedəndə orada hələ müharibənin izləri görünürdü. Ancaq təbiəti, mənzərəsi təsvir edildiyi kimi həqiqətən misilsizdir. İlk fürsətdə, bu dəfə Şuşaya xarıbülbülün açdığı fəsildə sadəcə gəzmək üçün gəlmək istəyirəm. Şuşada gördüklərimə gəlincə ... Biz əsgərlərlə 2 gecə keçirdik. Onlar yeməklərini və yataqlarını bizimlə bölüşdülər.
Onlarla bənzərsiz söhbətlərimiz oldu. Mən indi də onlarla əlaqə saxlayıram və ömrümün sonuna qədər bu, belə olacaq. Onlardan biri doğulduğum İzmirdə təhsil alıb. Məndən bir xahişi var idi. Doğma şəhərim İzmirə gedəndə oxuduğu hərbi hissənin və gəzdiyi yerlərin şəkillərini çəkib ona yollayım. Hamısı ilə yaxın dostluğumuz var. Bir əsgər isə mənə valideynləri Şusada tanış olub evlənməsindən bəhs etdi. Anası ona hamilə olan zaman Şuşa işğal olunub və valideynləri oradan köçmək məcburiyyətində qalıblar. O, hər gün Şuşanın müxtəlif yerlərindən valideynlərinə foto göndərərək onların həsrətinə son qoymağa çalışırdı. Bu tarixcəni mənə danışarkən əsgərin keçirdiyi hisslər çox təsiredici idi.
- İşğaldan azad edilmiş bir çox Azərbaycan torpaqlarından reportajlar hazırlamısnız. İstərdim, orada gördüyünüz erməni vandalizmi haqqında danışasınız. Gördüyünüz hansı məqamlar sizi daha çox kövrəldib? Heç içinizdən hayqırtı keçdiyi zamanlar oldumu?
- Ən çox təsirləndiyim şey dağılmış evlər idi. Bu evlər işğal zamanı dağıdılıb. Mən Azərbaycanın işğal olunan torpaqlarını uşaq ikən televizordan izləmişdim. Əlbəttə ki, o hadisələri uşaq ağlımla anlaya bilmirdim. Bir tərəfdən Srebrenitsa qətliamı, digər tərəfdən Qarabağ, mənim üçün ailəmin baxıb ağladığı bir dövr idi. Təxminən 30 ildən sonra uşaq vaxtı televizorda izləyib anlamağa çalışdığınız işğal olunmuş yerləri görmək mənə fərqli bir hisslər yaşatdı. İlk növbədə, doğma vətəninin zəbt edilməsi çox ağrılıdır, kənardan göründüyü kimi deyil. Həmişə bu barədə düşünmüşəm. 3 ay İzmirə getməyəndə özümü pis hiss edirəm. Bu insanlar 30 ildir doğma torpaqlarını görə bilmirlər. Həqiqətən ağrılıdır və bütün dünyanın bu həqiqətlərə göz yumması həqiqətən qəbuledilməzdir. Bu, onsuz da insanda hayqırtı yaradan bir hissdir.
- Heç cəbhədə çəkiliş apardığınız zaman düşmən hücumu ilə üz-üzə qaldığınız anlar oldu?
- Gəncədəki hadisə istisna olmaqla, xeyr. Lakin Türkiyənin Suriyadakı əməliyyatları zamanı belə anlar yaşamışam.
- İstərdim, son işiniz “Evə dönüş” filmi barədə danışasınız. Əvvəl sizə filmə görə təşəkkür edirəm. Film necə ərsəyə gəldi? Filmin ideyası haradan yarandı? Milli Qəhrəmanımız, vəzifə borcunu yerinə yetirən zaman şəhid olan Çingiz Mustafayevin qəbrini ziyarət etdiniz. Çingizi necə tanıyırsınız?
- Layihənin reallaşıb həyata keçirilməsindən asılı olmayaraq hər zaman bu cür tarixi hadisələrə şahidlik edəndə özüm üçün qeydlərimi edirəm. Bu da o qeydlərdən ortaya çıxan bir layihədir. Mən Azərbaycanda uzun müddət qaldıqdan və insanların belə bir işə nə qədər ehtiyac duyduğunu hiss etdikdən sonra, bu sənədli filmi çəkmək qərarına gəldim. Mən xüsusi olaraq “Global Media Group”un Azərbaycandakı rəsmilərinə, xüsusi olaraq Ziya Büniyadzadəyə işimizi asanlaşdırmaq üçün əllərindən gələni etdikləri üçün təşəkkür edirəm.
Ağlımda bu zaman ərzində gördüklərimi film kimi canlandırmaq vardı. 30 ildən sonra qaçqın kimi doğma yerindən didərgin düşmüş birini evinə aparıb, onun keçirdiyi hissləri kameranın yaddaşına köçürmək istəyirdim. Sadəcə, "İcazə ilə problem yaşayarıq?" deyə narahat idim. Ancaq Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi sayəsində bu fürsəti əldə etdik.
Suqovuşanlı qaçqını Gülşən Ağayeva ilə bu şəkildə tanış olub, onu kəndinə apardıq.
Çingiz Mustafayevə gəldikdə isə ... 30 illik işğalı təsvir etdikdə ondan bəhs etməmək olmazdı. Mən s,ənədli filmdə bu barədə “O, gedişi çəkdi, biz evə qayıdışı, o üzüntünü təsvir etdi, biz sevinci” deyə qeyd etmişəm. Bu, həqiqətən də belədir. Onun Azərbaycan xalqının qəlbindəki yerini bilirəm. Buna görə onun adını çəkmədən keçmək hörmətsizlik olardı. Bu sənədli film tarixə şahidlik etməklə yanaşı, həm də onun mənəvi mövqeyinə hörmətdir. Onun çəkdiyi görüntülər bizim sənədli filmimizə bir yol oldu. Ümid edirəm ki, bizim də çəkdiyimiz kadrlar gələcəkdə digər jurnalistlərə bir qeyd dəftəri olar.
- Ümumiyyətlə, Türkiyədə Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün başlatdığı əməliyyatlar, qələbəsi türk xalqı, həmkarlarınız tərəfindən necə qarşılandı? Bu barədə nə düşünürdülər, hansı hisslərin içində idilər?
- Onsuz da Türkiyə media ictimaiyyəti və xalqı üçün Azərbaycan doğma ölkədir. Hökumət, müxalifət, ictimaiyyət, media, QHT, hər kəs bu mübarizəni dəstəklədi. Bu, Azərbaycanın haqq mübarizəsi idi. Bu, beynəlxalq hüquq tərəfindən tanınan, 30 ildir işğal altında olan Azərbaycan torpaqlarıdır. Bu, haqsız bir işğal idi və əvvəl-axır bitməli idi.
Ancaq düşünürəm ki, Vətən müharibəsində apardığımız təbliğatlar həm türk xalqında, həm də həmkarlarımda olan hissləri daha da gücləndirdi. Bayaq da qeyd etdiyim kimi biz hər bayramda doğma evlərinə gedən insanlarıq. Xalqımız vətənlərinə gedə bilməyən insanları düşündü, Qurtuluş savaşını, Çanaqqalanı xatırladı, şəfqət göstərdi və birlikdə olduqları Azərbaycan qardaşlarına sarıldılar. Məsələn, Şuşanın azad olunduğu gün Türkiyədə böyük bayram idi. Bunu qeyd edim ki, Qələbə gününü 10 noyabrdan - 8 noyabr keçirilməsi öz növbəsində Türk xalqına qarşı çox zərif bir jest idi. Türk xalqı Atatürkə hörmət edənləri heç vaxt unutmayacaq. Mən bir Türkiyə vətəndaşı olaraq, bunun üçün həm cənab İlham Əliyevə, həm də Azərbaycan xalqına təşəkkür edirəm.
- Qarabağ tam bərpa olunduqdan sonra istirahət etmək üçün ora səyahət etmək istərdiniz?
- Bəli. Hazırda da Şuşada xidmətdə olan əsgərlər məni dəvət edirlər. Ən qısa zamanda Şuşaya ailəmlə səyahət etmək istəyirəm.
-İstərdim, sonda Azərbaycan xalqına, Bizim.Media saytının oxucularına ürək sözlərinizi, arzularınızı bildirəsiniz.
-İkinci Qarabağ müharibəsi mənim üçün inanılmaz bir təcrübə oldu. Bu, mənə həm jurnalistika, həm də şəxsi inkişafım baxımından çox töhfə verdi. Qardaş dediyim ölkəni və insanlarını yaxından tanımaq fürsəti tapdım. Azərbaycanda iki aydan çox bir müddətdə qaldım və bir gün belə özümü yad hiss etmədim.
Xüsusilə də koronavirusa yoluxduğum müddət mənim üçün unudulmaz oldu. Həkimlərin ad günümü qeyd etmələri, işimizə yüksək hörmət, insanların öz sağlamlıqlarına məhəl qoymadan xəstəxanaya yemək gətirmək istəyi, aldığım yüzlərlə ismarıc mənə çox xoş oldu. Gələcəkdə bu təcrübələrimi, Azərbaycan xalqı ilə qarşılıqlı bir-birimizə hiss etdiyimiz hörmətimiz haqqında kitab yazmaq istəyirəm. Ancaq bunu söyləyim ki, indi Azərbaycanın hər bir şəhəri mənim üçün İzmirdir. Mənim üçün Azərbaycan özümü yad bilmədiyim, hər hansı bir qapını döyəndə evimdəki kimi hiss etdiyim ikinci bir ölkədir. Hər kəsə çox təşəkkür edirəm. Qarabağ Azərbaycandır!
- Səmimi söhbətiniz üçün təşəkkür edirəm.
Vüsalə Balayeva, Bizim.Media