"Hazırda evdəyəm. Ümumi vəziyyətim kafidir. Gücüm yoxdur, çox zəifəm. Halsızam".
Bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Beynində şiş aşkarlanan sənətçi noyabrın 15-də Milli Onkologiya Mərkəzində şua terapiyası alacağını bildirib:
"Noyabrın 15-də yenidən mərkəzə gedəcəyəm. Orada başıma 10 gün 10 şua salacaqlar. Sonra ara verib, "MRT"yə girəcəyəm. Görək, şişin həcm balacalaşıb və ya balacalaşmayıb".
Sənətçi dərmanların həddindən artıq baha olduğu üçün evini satışa çıxardığını açıqlayıb:
"Hazırda qaldığım evin pulunu ödəyə bilmirdim. Bunun üçün mən illər əvvəl "Bizimləsən" verilişinə çıxdım. Başda proqramın aparıcısı Zaur Baxşəliyev olmaqla bir çox sənət yoldaşlarım mənə maddi yardım göstərdilər. Həmin mənzilin pulunu tam ödədim. İndi məni evdən çox səhhətim maraqlandırır. Dərmanlarım həddindən çox bahadır. Maraqlanmışam, Almaniyada təkcə bir dərmanımın qiyməti 8000 manatdır.
Buna isə imkanım yoxdur. Amma Türkiyədə bu dərmanları daha nisbətən ucuz almaq şansım var. Onları almaq üçün isə evimi satışa çıxarmışam. Artıq bir neçə dəfə gəlib mənzilə baxıblar. Xırdalan şəhərində yerləşən evim iki otaqlıdır. Satıldıqdan sonra kirayədə yaşayacağam. Heç kimə yük olmaq istəmirəm".
Əməkdar artist qızı Zəhranın tez-tez onun səhhəti ilə maraqlandığını söyləyib:
"Çalışıram onu xəstəliyimlə bağlı çox yükləməyim. Amma mənə o gün yaxınlaşıb deyir ki, ana, səni həkimlər sağalda bilmirlər. Xəstəlik məni gücdən salıb. Heç nə edə bilmirəm. Haldan hala düşürəm. Başım gicəllənir. Bərk və şiddətli ağrılarım olur. Buna görə mənə və qızıma qaynanam baxır. O, bir aydır ki, bizimlə birgə qalır".
T.Əliyeva heç kimdən yardım istəmədiyini və gözləmədiyini də diqqətə çatdırıb.
"Beynimdə bəd xasisəli şişin aşkar olunmasını bildirmək istəmədim. Həmkarım Ülviyyə Əliyeva vəziyyətimlə əlaqədar narahatlıq keçirdiyinə görə sosial şəbəkədə insanlara bu məlumatı verdi. Amma mən heç kimdən heç nə istəmirəm. Allaha sığınmışam. Dərdi verən Allahdır, çarəni də verər, sağalaram. Səhhətimlə bağlı heç kimə ağız açmamışam. Bu, Allahın bir sınağıdır. İnşallah sağalıb bu sınaqdan keçərəm. Mənim üçün dua edən insanlara minnətdarlığımı bildirirəm", - deyə Tünzalə Əliyeva bildirib.
Qeyd edək ki, indiyə kimi 50-yə yaxın kimyaterapiya alan Əməkdar artist beş ildir ki, xərçəngdən müalicələr alır".
Rəşad Əliyev, Bizim.Media