İran-Azərbaycan münasibətləri “soyuq müharibə” durumuna çatıb. Qonşu ölkə yenə də təxribatlarını davam etdirir. Bu dəfə daim qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn iranlı ekspert Rza Abbasidən Naxçıvanla bağlı təxribat xarakterli açıqlama gəlib. Şəxsi “Twitter" hesabında Naxçıvanın Came məscidinin şəklini paylaşaraq "Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik", deyə ifadəsini qeyd edib.
İranlı ekspertin tarixi təhrif edən, qıcıq xarakterli açıqlaması bir daha bu ölkənin zavallı duruma gəlməsindən xəbər verir.
Politoloq Sədrəddin Soltan Bizim.Media-ya açıqlamasında İranın hələ də öz ampluasında olduğunu qeyd edib:
“Özündən müştəbeh olan İranlı bloger bu şəkildə açıqlaması ilə guya acıq verir. Halbuki dünya dəyişib. Bunlar hələ də dəyişə bilmirlər. Dəyişə və dünyaya yeni münasibət sərgiləyə bilmədiklərinə görə İran o gündədir.
MÖVZU İLƏ BAĞLI:
İranın erməni qardaşlığının PƏRDƏARXASI – Tehran niyə Fransa ilə eyni mövqedən çıxış edir?
Ondan da pis vəziyyətə düşməkdə davam edir. Hələ də Qacarlar dövrünün dövlətini indi İran hakimiyyətinin və panfarsçıların adına yazmağa cəhd edirlər. Tarixdən məlumdur ki, Cənub Qafqaz, bütövlükdə Qafqaz Qacarlar və Səfəvilər dövlətinin ərazisi olub. Yəni bunun indiki panfarsçı İran hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Nə də ki, ondan əvvəlki Rza, yaxud Məmməd Rza hakimiyyətinə aidiyyəti olmayıb.
Azərbaycan müstəqil dövlətdir və onun bəlli əraziləri, filan var. İran mərkəzli fars düşüncə sistemi ideologiyasına qulluq edən bir qrup adamlar İran hakimiyyəti daxilində də çoxdur. İddia edirlər ki, Azərbaycan respublikası və onun ayrı-ayrı əraziləri İranındır və Azərbaycan-Naxçıvan bölgəsi Azərbaycan bölündüyündən, torpaqların bir hissəsində Ermənistan deyilən bir respublika yarandığından Naxçıvan ayrı düşüb. Ona görə o hissəni bir qədər özlərinə daha yaxın bilirlər. Həmçinin Qüds də Fələstindən bir qədər ayrı ərazidədir. Hesab edirlər ki, bu Qüds Naxçıvandır və Qüdsə oxşayır”.
Ekspertin sözlərinə görə İranın sərsəm açıqlama və təxribatları hər zaman olub:
“Xatırlayırsızsa, İran xarici işlər naziri İsrailin Azərbaycandakı səfirinə acıq vermək üçün Qüdsü Fələstinlə eyniləşdirmişdi.İran hakimiyyətinin təbliğindən belə çıxır ki, Fələstin İsrail üçün nədirsə, Təbriz də İran üçün odur. İslam Respublikasının siyasi-ideoloji təməllərindən biri Fələstinin İsraildən ayrılıb, müstəqil dövlət olmasıdır. Düzdür, Fələstinin müstəqilliyini bir sıra dövlətlər, o cümlədən Azərbaycan tanıyıb. Ancaq İran hakimiyyəti hesab edir ki, İsrail fələstinlilərə zülm edir və s.
Tehran hakimiyyətinin Fələstin ərəbləri ilə bağlı təbliğatına əsaslansaq, belə qənaətə gələ bilərik: Fələstin İsrail üçün nədirsə, yaxud nə deyilsə, Təbriz də (Güney Azərbaycan da) İran üçün odur, yaxud o deyildir.
Bu təbliğatı aparanlar bilərəkdən və ya bilməyərəkdən belə bir müqayisə aparıblar. Bununla da Tehran hakimiyyətinin Təbriz əhalisinə (Azərbaycan əyalətinə) etdiyi zülmü özlərinin Fələstin “məntiqi” ilə etiraf ediblər. Onda biz də bütöv Azərbaycan reallığından yanaşaraq deyək ki, Azərbaycanın paytaxtı Təbrizdir.
İranın o vaxtki prezidenti Məhəmməd Hatəmi Xəzərə Dəryayi Mazandaran demişdi. Mərhum Heydər Əliyev əslində İranın cavabını elə o vaxt vermişdi. "Dünyada elə bir adda göl yoxdur, Xəzər dənizi var", - bildirmişdi. Bir az dünyaya açılın, bəsdir öz içinizdə qaldınız. Baxın, İran bu cür yarımçıq düşüncələrlə özünü biabır edir”.
Alçina Amilqızı, Bizim.Media