Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın boğazında bədxassəli şiş aşkarlanıb.
Bizim.Media xəbər verir ki, xanəndə müalicəsi üçün 150 min dollar, yəni 254 min manat lazım olduğunu açıqlayıb.
Sənətkar sosial şəbəkə hesabında post paylaşaraq, incəsənət nümayəndələrinin ona yardım etmələrini istəyib.
K.Xasıyeva, bir sıra həmkarlarının adlarını paylaşımına işarələyərək "Tək arzum Kazımın (oğlu - red.) toyunu görməkdir, bütün valideynlər kimi" sözlərini yazıb:
"Zaman hər an əleyhimə işləyir. İnanıram ki, Azərbaycan səhnəsini Könülsüz qoymayacaqsınız. Ən əsası 40 yaşımda Allahın mənə ən böyük mükafatı olan Kazımı anasız qoymayacaqsınız".
Qeyd edək ki, Könül Xasıyeva daha əvvəlki paylaşımında "Boğazımda yaranan bədxassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz (yayılmayıb) verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var. Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (təxminən 254 min manat) vəsait lazımdır" sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media