"2019-cu il oktyabrın 29-da hüquq müdafiəçisi Oqtay Gülalıyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü məhkəmənin hökmü ilə 2 il 3 ay azadlıqdan məhrum edildikdən sonra fəaliyyətləri böhtan və təxribat üzərində qurulmuş bəzi şəxslər sosial şəbəkə hesablarında məqsədli şəkildə məsələni yenidən gündəmə daşımağa cəhdlər edir, yalan iddialar irəli sürürlər".
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
Qeyd edilir ki, məlum fakta görə başlanılmış cinayət işi üzrə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin peşəkar müstəntiqləri tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri, mütəxəssislərinin əldə etdiyi təkzibolunmaz sübutlar və Ədliyyə Nazirliyinin ixtisaslı əməkdaşlarının apardığı çoxsaylı ekspertizalarla hadisənin məhz sürücünün səhlənkarlığı və diqqətsizliyi səbəbindən baş verdiyi təsdiqlənmiş, nəticələri barədə zərərçəkmişin yaxınları və respublika ictimaiyyəti məlumatlandırılmışdır.
Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin həkimlərlə mütəmadi telefon əlaqəsi saxlaması barədə səsləndirilən cəfəng fikirlərə gəldikdə isə qeyd etməliyik ki, aidiyyəti əməkdaşlarımız istintaq prosesində həkimlərlə də, ekspertlərlə də, şahidlərlə də əlaqə saxlaya bilər və bu onların qanunla müəyyən edilmiş konkret vəzifə borcudur.
Bizim.Media