“Fətullah Gülən məktəbləri mənəviyyata bağlı təhsil sistemidir”

“Fətullah Gülən məktəbləri mənəviyyata bağlı təhsil sistemidir”

Hazırda oxunan: “Fətullah Gülən məktəbləri mənəviyyata bağlı təhsil sistemidir”

48923

Tanınmış təhsil eksperti, parlamentin təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov Moderator.az-ın suallarını cavablandırıb, onu oxuculara təqdim edirik:

-Dünən bağlanmış özəl türk litseylərində oxuyan bir qrup şagirdin valideyni Milli Məclis qarşısında etirazlarını bildirmək üçün toplaşmışdılar və deputatlardan kömək istəyirdilər. Sizin bir təhsil eksperti kimi mövqeynizi bilmək istərdik, bu məktəblərin bağlanması Azərbaycan təhsilinə nə verib, nəyi də alacaq?

-Açığı, bu məktəblərin bağlanmasını mən də ürək ağrısı ilə qarşıladım. Çünki bu məktəblər ən azı son 15-20 ildə az qala qürur mənbəyimizə çevrilmişdi. Ona görə ki, təqtibən bu 10-15 məktəbin illər boyu qazandığı medalların sayı Azərbaycanda mövcud olan 3500 orta məktəbin qazandığı medalların sayından çox idi. İmkanı çatan hər bir Azərbaycan ailəsi öz övladlarını məhz həmin məktəblərdə oxutmağa cəhd edirdilər. Müraciət edənlərin sayı çox olduğundan həmin məktəblərə qəbul zamanı da seçim edilirdi və ən layiqli, ən talantlı uşaqlar götürülürdü.

-Həmin məktəblərin verdiyi təhsilin üstünlükləri hansılar idi?

-Əsas üstünlükləri bu idi ki, mükəmməl ingilis dili öyrədirdi və tədris zamanı millətin dininin, tarixinin, adət-ənənələrinin, mənəvi dəyərlərinin qorunmasına, təbliğinə xüsusi diqqət yetirilirdi. Yəni bu məktəblər mənəviyyata bağlı bir təhsil sistemi idi. Deyək ki, sovetlər dönəmində də, elə indi də orta məktəblərdə bizim rus bölmələri də olub. Həmin məktəblərdə tədrisi əla öyrətsələr də mənəviyyata bağlılığı öyrətməyiblər, yəni bu təhsil mənəviyyata bağlı olmayıb. Deyim ki, bu özəl türk litseylərin bir çox tədbirlərində mən iştirak etmişəm, rəhmətlik Heydər Əliyev və indiki prezidentimiz İlham Əliyev də bu məktəblərə həmişə yüksək qiymət veriblər. Yadınızdadırsa vaxtilə Ulu Öndər bu məktəbləri Azərbaycanla Türkiyəni bir-birinə daha sıx tellərlə bağlayan mənəvi körpü adlandırmışdı. Ona görə də mən bu məktəblərin bağlanması səbəbini bilməsəm də ağrı ilə qarşıladım və inanmıram ki, bu boşluğun yerini doldura bilək. Çünki məktəb qurmaq yeni bir şey deyil. Məktəb qurmağın min illik tarixi var, məktəb qurmaq olsaydı elə indiyə qədər özümüz qurardıq də. Deməli, təhsil sistemini hərəkətə gətirmək üçün bir neçə arzunun reallaşması yetərli olmur, gərək rol oynayan kompleks faktorları bir yerə toplaya biləsn. Bu baxımdan “Çağ Öyrətim” bu prosesi çox əla idarə edirdi və idarəetmənin mexanizmini tuta bilmişdilər.

-Belə bir ifadə işlətdiniz ki, “mənə qaranlıq qalan səbəblərdən”...Heç olmasa ehtimallarınız nədir, birdən-birə nə baş verdi ki, belə bir qərar verildi?

-Heç bir ehtimalım yoxdur. Sizə bir məqamı da deyim. Mən son vaxtlar internetlə sıx işləyərək Fətullah Gülənin kimliyi ətrafında məlumatlar toplamağa başladım. Deyim ki, nurçuluqla Fətullah Gülənin demək olar ki, heç yolları da kəsişmir. Nurçuluq hardasa dini-ideoloji bir məktəbdir, Fətullah Güləninkilərsə maarifçilik məktəbidir. Bunların məqsədləri də tamamilə müxtəlif olub. Özü də bizdən fərqli olaraq Türkiyədə bunlara Fətullah Gülən camaatı deyirlər, nurçu demirlər. Bizimkilərsə elə yeri gəldi-gəlmədi nurçu ifadəsindən istifadə edirlər. Ona görə də ilk növbədə cəmiyyətdə nurçuluqla Fətullah Gülənçiliyin fərqləri aydınlaşdırılmalıdır ki, doğrudanmı bunların hər ikisi də eyni şeydir, yoxsa bunların heç bir-birinə dəxli yoxdur? Bax bu açığı mənim üçün qaranlıqdır.

-Sizdə Türkiyədəki anoloji məktəblərin aqibəti barədə hər hansı məlumat varmı? Bağlanma dalğası onları da vururmu?

-Mənim elə bir əlaqəm olmayıb. Amma güman etmirəm ki, Türkiyədə bu məktəbləri bağlasınlar. Orada Fateh Universiteti var, hansı ki, birbaşa Fətullah Gülənlə bağlıdır, hələ də fəaliyyət göstərir.

-Azərbaycan məmurlarına yaxın bir neçə anoloji parametrlərə yaxın təhsil kompleksləri də fəaliyyət göstərir. Həmin məktəblər də dediyiniz o boşluğu doldurmaq iqtidarında deyil?

-İnanmıram. Çünki edə bilsəydilər elə maddi texniki bazası əla olan orta məktəblərimizdə bunu edərdilər də.

-Milli Məclis qarşısına toplaşan valideynlərin əli qoynunda qalıb ki, bilmirik uşaqlarımızı harda oxudaq. Onlara nə məsləhət görərdiniz?

-Etiraf edim ki, mən də cavab verməkdə çətinlik çəkirəm.

-Fəzail Ağamalı həmin valideynləri sakitləşdirmək istəyirdi ki, mənim də 4 nəvəm həmin məktəblərdə oxuyurdu, indi qalmışıq məəttəl. Əgər sizin də nəvəniz belə bir durumla üzləşmis olsaydı, onu təhsilini davam etdirməsi üçün hansı məktəbə qoyardınız?

-O zaman axtarıb bir yaxşı məktəb tapmalıydım.

-İstənilən halda orta məktəbə qoymazdınız?

-Telekanallardan biri dünən mənə zəng vuraraq bir suala cavab istədi ki, orta məktəbin 9-cu və 11-ci siniflərindəki buraxılış imtahanlarında şagirdlərin 80 faizi 2 alıb, bunun səbəbi nədir? Əgər buraxılış imtahanında bu cür nəticələr göstərilirsə, bu o deməkdir ki, ölkədə təhsil maşını işləmir. Yəni obrazlı desək, mator işləyir, mühərrikin səsi gəlir, amma hərəkət yoxdur. Dövlətin və cəmiyyətin təhsilə ayırdığı pul biliyə çevrilmir. Çünki təhsil çox mürəkkəb sahədir.

-Onda belə çıxır ki, ötən bir ildə Təhsil Nazirliyndəki kadr və struktur dəyişiklikləri təhsil sistemini irəliyə deyil, geriyə aparıb?

-Mən belə deməzdim. İndinin özündə də güman edirəm ki, təhsil naziri yeni idaəretmə üsulundan istifadə edir və ola bilsin ki, bu üsul öz bəhrəsini versin.

-Yeni idarəetmə üsulu nədir?

-Əgər biz son yüz ildə bəşəriyyəti bu cür inkişaf səviyyəsinə çatdıran 5 ixtiranın adını çəkməli olsaq, şübhəsiz bunları demək lazım gələrdi. Birincisi daxili yanma mühərrikidir ki, maşını, avtobusu, qatarları və təyyarəni hərəkətə gətirərək həyatımızı dəyişib. İkinci təbabətin adını çəkərdiniz ki, kütləvi qırğınlardan, epidemiya və çoxsaylı xəstəliklərdən xilas edərək ən azı orta yaş həddini 40-dan 80-ə qaldırmaq mümkün olub. Üçüncü yarımkeçiriciləri yazardınız ki, bütün müasir radioelektronika haradan haralara gəlib çıxdı. Dördüncü internet və kompüter dünyasını yazmaq olar. Bəşəriyyətin qazandığı ən böyük ixtira isə idarəetmədir. İdarəetmənin qüdrətini müqayisə etmək istəsəniz, Şimali və Cənubi Koreyanı xatırlamaq kifayətdir. Fikir verin ki, idarəetmə Cənubi Koreyanı haralara qaldırıb, Şimali Koreyanı isə hara endirib. Bu baxımdan təhsil nazirinin yeni idarəetmə vasitəsilə möcüzə edəcəyinə hələ də gümanım var. Bunun əlamətləri də görünür. Yəni əvvəllərdə mövcud olmuş kollegial rəhbərlikdən imtina edərək məsuliyyətin hamısını öz üzərinə götürüb. Kollegial rəhbərliksə məsuliyyəti öz üzərindən atmağın ən populyar ictimai formasıdır. Yəni ortada qalan məsuliyyətə kimsə sahib çıxmır və heç kim məsuliyyət daşımır. Amma qeyd etdiyim kimi, bu heç də asanlıqla həllini tapan sahə deyil və bunun üçün təhsil siyasəti, təhsil ideologiyası işlənib hazırlanmalı və həyata keçirilməlidir. Ancaq bu günədək bizdə təhsilin nəzəri və fəlsəfi problemləri həllini tapmayıb. Sual oluna bilər ki, təhsil siyasəti nədir? Bu o deməkdir ki, təhsilə baş nazir nə dərəcədə müdaxilə etməlidir, nazir hansı sahələrə müdaxilə edə bilər, TQDK hansı sferaya cavabdehlik daşıyır və ictimai təşkilatların burada rolu nədən ibarət olmalıdır-bütün bunların hamısı təhsil siyasətinin konturlarıdır. Amma bu gün bilmirsən ki, şagirdin və ya tələbənin məktəbə gəlməsi sentyabrın 1-də olmalıdır, yoxsa 15-də. Bununla bağlı qərar vermə səlahiyyəti olan orqan və ya şəxs kim olmalıdır?

-Yəni məsuliyyətlər bölüşdürülərək məsuliyyətsizlik müstəvisi yaradılıb...

-Bax elə ona görə də təhsildəki problemlərin köklü həllinə nail olunması yubanır. Bəla burasındadır ki, hətta qondarma Dağlıq Qarabağın da təhsil siyasəti hazırlandığı halda bizdə belə bir konsepsiya mövcud deyil.

-Maraqlı müqayisədir. Bizdə bunu qəsdən hazırlamırlar, yoxsa hazırlaya bilmirlər?

-Hesab edirlər ki, bunsuz da keçinmək olar. Amma hesab edirəm ki, bu sənəd hökmən olmalıdır və dövlətin başçısı da bu sənədə qol qoymalıdır, təhsillə məşğul olan hər bir qurumun da funksiyaları o sənəddə öz əksini dəqiqliklə tapmalıdır. Məsələn, elə şey var ki, onu ancaq baş nazir təyin və həll edə bilər. Çünki təhsil konservativ bir sahədir. Təhsildə az qala hər il hər şeyi dəyişmək bu ölkənin təhsilini məhv etməkdir. Tutaq ki, qəbul imtahanlarının hansı ayın hansı günündə keçirilməsi, nəticələrin neçə gündən sonra bəyan olunmasını bunu həyata keçirən qurum deyil, ondan yüksəkdə dayanan qurum həll etməlidir. Yoxsa bunu indiki kimi TQDK etməməlidir. Çünki obrazlı desək, insan öz qulağından tutub özünü yuxarı qaldıra bilməz, bunun üçün üçüncü əl lazımdır. Mən bununla bağlı düşüncələrimi yazıb qaralama formasında Təhsil Nazirliyinə göndərmişəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO